44 günlük İkinci Qarabağ müharibəsi və ondan sonra baş verən proseslər beynəlxalq hüquq və prinsiplərindən dəm vuran bir sıra Qərb dövlətlərinin, təşkilatlarının əsl simasını ortaya qoydu. Onların məsələlərə mahiyyətinə görə və ya hüququn aliliyi nöqteyi-nəzərdən deyil, korporativ maraqlar çərçivəsindən yanaşdıqları bir daha bəlli oldu. Suverenliyini bərpa edən, separatizmə son qoyan rəsmi Bakı əldə etdiyi nəticələrə görə total hücumlara, təzyiqlərə məruz qaldı. Ermənistan kimi işğalçı bir dövlət qaldı kənarda, işğala məruz qalan və 30 ildən sonra buna son qoyan Azərbaycan düşdü “qara siyahı”ya. Nədənsə saxta erməni sevgiləri pik həddə çatdı. Bir çoxları ermənidən artıq erməni olmağa çalışdılar. Qarabağdan könüllü çıxan ermənilərin guya zorakılığa məruz qaldıqlarını iddia etdilər.
Fransanın dirijorluğu ilə başladılan kampaniya günbəgün daha da çirkin və qərəzli xarakter alır. Anti-Azərbaycan təbliğata insan hüquq və azadlıqlarının qorunmasını əsas prinsipləri elan edən təşkilatların cəlb edilməsi isə riyakarlığın pik həddi sayıla bilər. Söhbət Avropa Şurası, onun bir qolu hesab edilən Avropa Şurası Parlament Assambleyasından gedir. Təşkilatın həyasızlığı o həddə çatıb ki, Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi təşəbbüsü ilə çıxış edib. Digər Qərb mərkəzləri kimi, AŞPA da Avropadakı siyasi konyukturaya uyğun davranmaq qərarına gəlib, Avropa Parlamentinin ardınca anti-Azərbaycan mövqe ortaya qoyub.
Qeyd etdiyimiz kimi, AŞPA çirkin kampaniyasına almaniyalı deputat Frank Şvabenini də qoşub. Bu şəxs Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun dondurulması təşəbbüsünü irəli sürüb. Bu da o anlama gəlir ki, Emmanuel Makronun Fransası Anti-Azərbaycan kampaniyasını Almaniya vasitəsilə reallaşdırmağa çalışır. Görünən odur ki, Fransa və Avropadakı erməni lobbisi AŞPA-nı anti-Azərbaycan platformasına, Frank Şvabeninin timsalında isə Almaniyanı muzdlu icraçıya çevirə bilib. Təşəbbüs formal olaraq Frank Şvabe tərəfindən irəli sürülsə də, məsələnin arxasında AŞPA rəhbərliyinin özünün durduğu, sadəcə sosialistləri qabağa verdiyi bilinən faktdır. AŞPA-nın sabiq və hazırki prezidentinin əleyhimizə səs verməsi təşkilat rəhbərliyinin mövqeyinin göstəricisidir.
Azərbaycan ilk dəfə deyil ki, təşkilatın qərəzi ilə üzləşir. Baş verən proseslərə nəzərə salaq; ötən il aprelin 23-də Azərbaycan tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulandan sonra Qərb təsisatları, habelə AŞPA dəfələrlə Azərbaycandan həmin sərhəd-buraxılış məntəqəsinin ləğv edilməsini, dolayısı ilə Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınmamasını tələb edib.
Azərbaycan tərəfinin təzyiq qarşısında geri çəkilməyəcəyinə əmin olan AŞPA rəhbərliyi məzmunu saxlamaqla formanı dəyişmək qərarı verib. Belə ki, 2023-cü ildə AŞPA 3 dəfə ölkəmizə müraciət edərək Laçın yoluna məruzəçi göndərmək istədiyini bildirib. Məqsədin ermənilərin “blokada yaşaması”nı göstərmək, bunu hesabatlara salmaq olduğunu aydın dərk edən Azərbaycan tərəfi bu absurd addıma imkan verməyib.
AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnamələrinin mübahisələndirilməsi təşəbbüsünü irəli sürərkən, guya ki, bunu 7 fevralda Azərbaycanda keçiriləcək seçkiləri müşayiət etməyə dəvət edilməməsi, ölkədə “siyasi məhbus”ların olması ilə əlaqələndirsə də, əsas səbəbin Qarabağın azad olunması, suverenliyin tam bərpa edilməsi faktı ilə barışa bilməmələri, Ermənistana hər vasitə ilə dəstək olmaq siyasətindən irəli gəlir.
Bunu sübut edəcək faktlara nəzər salaq; Birincisi, Frank Şvabe təşəbbüsü irəli sürərəkən çıxışında “100 mindən artıq Qarabağ ermənilərinin zorakılıqla qovulması, AŞPA məruzəçilərinin Laçın yoluna buraxılmamasını Azərbaycanın təşkilatla əməkdaşlıqdan yayınması kimi qiymətləndirib.
İkincisi, AŞPA 23 oktyabr 2023-cü ildə “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnamə qəbul edib. Həmin qətnamənin 23-cü bəndində açıq-aşkar Azərbaycan təhdid edilir, 19 sentyabrda baş tutan lokal xarakterli antiterror əməliyyatları hərbi əməliyyatlar kimi qiymətləndirilir, “Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyət”indən ciddi narahatlıq ifadə edilir və ölkəmiz nümayəndə heyətinin etimadnaməsinin 2024-cü ilin ilk iclasında tanınmamayacağı ilə hədələnir. Bu siqnal o zaman verilmişdi ki, onda növbədənkənar prezident seçkiləri elan olunmamış, ümumiyyətlə bununla bağlı hər hansı bir məlumat müzakirəyə çıxarılmamışdı.
Eləcə də ötən ildə AŞPA missiyalarının Azərbaycana səfər cəhdləri yalnız erməni məsələsi ilə bağlı olub və təşkilatın prioritet məsələsini “ermənilərin hüquqları” təşkil edib. AŞPA digər məsələlərlə bağlı deyil, məhz ermənilərin müdafiəsinə yönəlik “Laçın dəhlizinin blokadaya alınması”nı qınayan, eləcə də “Azərbaycan ordusunun ötən ilin sentyabrında həyata keçirdiyi və Dağlıq Qarabağın bütün erməni əhalisinin ərazini tərk etməsi ilə nəticələnən hərbi əməliyyatı”nı pisləyən qətnamələr qəbul edib.
Bütün bunlar da onu deməyə əsas verir ki, AŞPA da Avropa Parlamenti kimi Fransanın alətinə çevrilib. Fransa öz daxili gündəliyini Avropa təsisatlarına daşımaqla Azərbaycan əleyhinə cəbhələr formalaşdırır. AŞPA-nın bu qərarı və Qərbdə ölkəmiz əleyhinə yenidən süni canlandırılan proseslər Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsinin “bədəli”dir.
“Report” İnformasiya Agentliyi
www.RIA24.az