“Avropa Şurası hər zaman Azərbaycana münasibətdə ikili standartlardan çıxış edib və bu gün də bu siyasət davam etməkdədir”.
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisinin deputatı Məzahir Əfəndiyev deyib.
“Azərbaycan 2020-ci ildə Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin müdrik, beynəlxalq hüquq və prinsiplərə əsaslanmış qərarından sonra işğalçı Ermənistan dövləti ilə İkinci Qarabağ-Vətən Müharibəsini həyata keçirdi, 1990-cı ilin əvvəllərindən işğal altında saxanılan torpaqlarını azad etdi. Beləliklə, ölkəmiz Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş məlum 4 qətnamənin icrasını təkbaşına icra edərək, 30 il müddətində davam edən ədalətsizliyə son qoydu.
Təbii ki, əldə etdiyimiz möhtəşəm Zəfərdən sonra dünya dövlətləri, eləcə də BMT-də daxil olmaqla, demək olar ki, bütün nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın bu ədalətli mübarizəsinə haqq qazandıraraq ölkəmizin ərazi bütövlüyünün tam bərpa olunmasını alqışladılar.
Lakin, bunlarla yanaşı olaraq, erməni lobbisi öz himayədarlarının və Cənubi Qafqazla bağlı çirkin niyyətləri olan dövlətlərin fəal iştirakı ilə Azərbaycanın bu haqq işinə müxtəlif istiqamətlərdə kölgə salmağa və bu müharibənin nəticələri ilə razılaşmamaq üçün çox çirkin oyunlar oynamağa başladı.
Baxmayaraq ki, regionda dayanıqlı sülhün, təhlükəsizliyin təmin olunması istiqamətində Azərbaycan hökuməti tərəfindən böyük işlər görülür, bu ardıcıl tədbirləri gözü götürməyən qüvvələr də öz məkrli oyunlarını davam etdirərək beynəlxalq nüfuzlarından istifadə edir, ölkəmizə qarşı qərəzli münasibət nümayiş etdirir, Cənubi Qafqazda sülhün təmin olunması prosesinə ciddi zərbə vururlar.
Bunun timsalında 30 il Azərbaycan-Ermənistan münaqişəsinin həlli istiqamətində sözdə tərəfsiz olaraq çıxış edən və sülhün əldə olunması üçün danışıqlar prosesinin tərkib hissəsi olan Fransa, 2020-ci ildən sonra birmənalı mövqe ortaya qoyaraq ermənilərin dəstəklənməsi istiqamətində qərəzli fəaliyyətə başladı. Bununla da Fransa və digər “dost” ölkələr Böyük Sülh Sazişinin imzalanmasına dəstək olmaq əvəzinə artıq müxtəlif platformalarda Azərbaycanı qaralamağa və mümkün olan vasitələrlə ölkəmizə təsir etmək qərarına gəldilər”.
Deputat bildirib ki, beynəlxalq təşkilatlar çərçivəsində bu hal ilk dəfə 23 oktyabr 2023-cü il tarixində yaşandı. Belə ki, Avropa Şurası Parlament Assambleyası Fransa və bir sıra Avropa dövlətlərinin apardığı fəaliyyət nəticəsində “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnamə qəbul edərək, öz məkrli əməllərini ortaya qoydular. Həmin qətnamənin 23-cü bəndində təşkilat açıq-aşkar Azərbaycanı təhdid edilərək, 19 sentyabrda baş tutan lokal xarakterli anti-terror əməliyyatlarını hərbi əməliyyatlar kimi qiymətləndirərək, “Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyəti”ndən ciddi narahatçılıq ifadə edib və Azərbaycan nümayəndə heyətinin etimadnaməsini 2024-cü ilin ilk iclasında tanımamaqla hədələyib.
“Baş verənlərin əksinə, Azərbaycan bu gün də sülhün əldə olunması üçün hərtərəfli fəaliyyətini istər Vaşinqton, Brüssel, hətta Moskva formatında da həyata keçirir, bütün ikitərəfli və çoxtərəfli görüşlərdə iştirak edərək, bir daha Azərbaycanın Avropa Şurasının üzv dövləti olaraq suveren ərazilərinin bərpası və vətəndaşlarının hüquqlarının qorunması məqsədilə əməkdaşlığa hazır olduğunu bəyan edir, bu istiqamətdə bütün tərəflər, xalqlar üçün Cənubi Qafqazda lazımi şəraitin yaradılması üçün Böyük Sülh Sazişinin imzalanması ilə bağlı Ermənistana havadar olan dövlətlərin hamısına çağırış edir.
Bu gün gördüyümüz ondan ibarətdir ki, artıq bütün dünya Azərbaycanın haqlı tərəf olduğunu qəbul edir, beynəlxalq təşkilatlar da mütəmadi olaraq ölkəmizin sülh çağırışlarını yüksək qiymətləndirirlər. Lakin, Avropanın bir sıra dövlətlərini mövcud yanaşmalar qıcıqlandırır, bu da öz növbəsində məğlubiyyəti həzm edə bilməyən ermənipərəst qüvvələrin daha amansız və ədalətsiz fəaliyyətini davam etdirməsinə gətirib çıxarır.
Beləliklə, artıq həmin ermənipərəst qüvvələr birləşərək 2024-cü ilin yanvar ayında özlərini insan hüquqlarının, demokratiyanın və qanunun aliliyinin müdafiəsi ilə məşğul olan AŞPA-nın qış yarım-sessiyasının açılış günündə göstərdilər. Nəticədə müxtəlif bəhanələrlə Azərbaycanın nümayəndə heyətinin səsinin müvəqqəti dondurulmasını təsdiqlədilər.
Ümumiyyətlə, Avropa Şurası hər zaman Azərbaycana münasibətdə ikili standartlardan çıxış edib və bu gün də bu siyasət davam etməkdədir.
Şübhəsiz ki, baş verənlər AŞPA kimi nüfuzlu beynəlxalq təşkilat üçün riyakarlıqdan başqa, dünyada təhlükəsizliyin, baş verən qlobal dəyişikliklər fonunda nizam prosesininə mənfi təsir göstərməkdən başqa bir şey deyil, eyni zamanda dünyada inkişaf etmiş dövlətlərin demokratik inkişaf prosesinə özünəməxsus təsiridir”.
Məzahir Əfəndiyev həmçinin qeyd edib ki, AŞPA-nın qərəzli, ədalətsiz və beynəlxalq hüququ nəzərə almadan qarayaxma kampaniyası Azərbaycanı siyasi iradəsindən, doğru və qanuni bildiyi yoldan heç vaxt uzaqlaşdıra bilməz. Dəfələrlə bəyan etdiyi kimi, Azərbaycan ilk gündən demokratik inkişaf yolunu tutub və bundan sonra da öz vətəndaşlarının hüquqlarını qorumaqla Cənubi Qafqazın bütün xalqlarının sülh içində yaşaması istiqamətində fəaliyyətini davam etdirəcəkdir.
“Bu gün ölkəmiz artıq öz sözü, əməli ilə dünyada nüfuz sahibinə çevrilib və dünyanın ən mötəbər tədbirlərinə ev sahibliyi etməklə nümayiş etdiririk ki, Azərbaycan tolerantlıq, multikultural dəyərlərə sadiqliyini qoruyaraq bundan sonra da davamlı inkişafını təmin edəcəkdir”.
www.RIA24.az