Qreq Vayner: “ABŞ-ın Ermənistandakı səfiri dövlət departamentinə öz əhəmiyyətini göstərməyə çalışır”

Siyasət

“Əfqanıstan böhranı Amerikaya iki trilyon dollara başa gəldi. ABŞ-ın xüsusən koronavirusla əlaqədar düşdüyü vəziyyətdən sonra, Əfqanıstanın işğalını davam etdirməsi, sadəcə olaraq real deyildi. Xüsusən Konqresin ABŞ iqtisadiyyatına 3,5 trilyon dollar məbləğində investisiya paketi ayırmaq qərarı verməsindən sonra”.

Bu sözləri Oxu.Az-a açıqlama verən amerikalı siyasi analitik Qreq Vayner ABŞ hərbi kontingentinin Əfqanıstandan çıxarılmasının səbəblərinə toxunarkən deyib.

Bütün bunlara rəğmən Qreq Vayner baş verən proseslərdən asılı olmayaraq ABŞ-ın və onun təsirinin azalması ilə tam razılaşmadığını söyləyib.

“Bu, ABŞ tarixində onun dünyada təsir gücünün azalması ilə bağlı ilk belə hal deyil. Unutmayın ki, ABŞ “Şimal Axını – 2”ni yaddan çıxarmayıb – Konqres yeni sanksiyalar haqqında qanun qəbul etdi və Co Bayden bu sənədi imzaladı. ABŞ Ukraynanı da unutmur, Senat bu ölkəyə silah tədarükü ilə bağlı qətnamə qəbul edib. Vaşinqtonda Gürcüstanı da yaddan çıxarmayıblar. Sadəcə, Əfqanıstan hadisələri hər şeyi kölgədə qoydu”.

Siyasi ekspert Qreq Vayner ABŞ-ın Ermənistandakı səfiri Linn Treysinin İrəvanda dırnaqarası fəallıq göstərməsinə, Qarabağ münaqişəsinin həll olunmadığına dair açıqlamalar verməsinə və onun hərəkətlərinin dövlət departamentinin göstərişi ilə edib-etməməsinə də öz münasibətini bildirib.

“Adətən istənilən Amerika səfiri Vaşinqtonun göstərişləri çərçivəsində hərəkət edir. Lakin mən son vaxtlar Konqresdə və ya Senatda Qarabağ mövzusuna dair keçirilən hansısa müzakirələri xatırlamıram. ABŞ indi dünyada səfirlərinin rotasiyasını aparır. Ola bilər ki, Linn Treysi bu “fəallıqla” dövlət departamentinə öz əhəmiyyətini göstərərək vəzifəsində qalmağa çalışır”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir