Xarici İşlər Nazirliyi “Məcburi Yoxaçıxma Qurbanları” gününə həsr edilmiş konfrans keçirib – FOTO

Siyasət

30 avqust 2021-ci il tarixində Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları (itkin düşmüş şəxslər) Günü münasibətilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və ADA Universitetinin birgə təşkilatçılığı ilə həyata keçirilən, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində itkin düşmüş şəxslərə həsr olunmuş konfrans baş tutub. Tədbirdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin struktur bölmə rəhbərləri və ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri iştirak edib.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki,  konfransın açılışında Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində həyatını itirmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə salamlama nitqi ilə çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə Universitetin post-münaqişə mərhələsində Qarabağın bərpası, dirçəlişi, habelə məcburi köçkünlərin öz doğma evlərinə geri qayıdışı ilə əlaqədar Universitet tərəfindən tədbirlərin təşkilini qeyd edib. O, itkin düşmüş şəxslərlə bağlı mövzunun dünya ictimaiyyətin diqqətinə çatdırılması baxımından konfransın əhəmiyyətini vurğulayıb.

Konfransın panel müzakirələrində çıxış edən Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Ermənistanın təcavüzkar siyasəti çərçivəsində beynəlxalq humanitar hüquq prinsiplərinin kobudcasına pozulduğu, mülki və hərbi şəxslərin əsir və girov götürülməsi təcrübəsindən geniş istifadə olunduğu, əsirlərin məhv edilməsi siyasətinin sistematik şəkildə həyata keçirildiyi, habelə itkin düşmüş şəxslər ilə bağlı məsələnin hüquqi aspektləri, bu xüsusda beynəlxalq təşkilatlarla əməkdaşlıq və s. barədə ətraflı məlumatı təqdim edib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupun rəhbəri İsmayıl Axundov öz çıxışında Ermənistan işğalçı siyasəti çərçivəsində soyqırımı və etnik təmizləmə kimi insanlıq əleyhinə cinayətlərin törədildiyi, girov götürülmüş mülki əhali ilə qeyri insani rəftar, itkin düşmüş azərbaycanlılar ilə bağlı məlumatların toplanılması, bu şəxslərin vətənə qaytarılması istiqamətində müvafiq tədbirlərin görülməsi, aidiyyəti yerli qurumlar ilə və beynəlxalq təşkilatlar ilə əlaqələndirmə işlərinin səmərəli təşkili istiqamətində Dövlət Komissiyasının fəaliyyəti barədə ətraflı danışıb.

Daha sonra Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva çıxış edərək, tədbir iştirakçılarına Ermənistanın ölkəmizə qarşı təcavüzü nəticəsində əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin hüquqlarının müdafiəsini diqqət mərkəzində saxlamaqla onlara qarşı qeyri-insani və ya ləyaqəti alçadan rəftar və cəza hallarının aradan qaldırılması, xüsusilə də onların azad edilərək ölkəmizə təhvil verilməsi istiqamətində fəaliyyətin beynəlxalq təşkilatlar, o cümlədən humanitar qurumlarla əməkdaşlıqda həyata keçirildiyi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Tədbirdə, həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Arian Bauer çıxış edib. O, çıxışında on illiklər ərzində BQXK-nın itkin düşmüş şəxslər ilə bağlı məsələnin humanitar nəticələrinin cavablandırılması istiqamətində müvafiq dövlət qurumları ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərdiyi qeyd edib. Ötən ilin sentyabr ayında baş vermiş hərbi əməliyyatlardan sonra itkin düşmüş şəxslər mövzusunu həm yerli, həm də beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olduğunu söyləyən BQXK təmsilçisi itkin düşmüş şəxslər ilə bağlı məlumatın əldə edilməsi istiqamətində Dövlət Komissiyası ilə aparılan fəaliyyəti vurğulayıb. 

Konfransın panel müzakirəsində, həmçinin Ermənistan silahlı qüvvələrinin 1993-ci ilin 31 mart tarixində Kəlbəcər rayonunu işğal edərkən ailəsi itkin düşmüş, girovluqdan azad olunan Əliyev Müşfiqin acı həyat hekayəsi dinlənilib.

Çıxışlardan sonra Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən ərsəyə gətirilən film nümayiş etdirilib. Filmin nümayişindən sonra sual-cavab sessiyası ilə konfrans öz işini başa vurub. 

Tədbirdən sonra konfrans iştirakçıları əsir və itkin düşmüş azərbaycanlılara dair foto və kitab sərgisi ilə tanış olublar.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir