7 fevral növbədənkənar prezident seçkisi günü Zəngilan rayonunun Ağbənd kəndində yeni yaradılan məntəqədə 561 nəfər seçici səs verəcək.
Bunu “Report”un Zəngilan şəhərinə ezam olunmuş əməkdaşına açıqlamasında 125 saylı Zəngilan-Qubadlı dairə seçki komissiyasının azad edilən Ağbənd kəndində yeni yaradılan 60 saylı seçki məntəqəsinin sədri Babək Novruz deyib.
O qeyd edib ki, bu seçicilər həmin ərazidə tikinti-bərpa işləri ilə məşğul olan şəxslərdir:
“İki aya yaxındır ki, məntəqəmiz bütün lazımi avadanlıqlarla təchiz olunub və seçki gününü səbirsizliklə gözləyirik”.
B.Novruz bildirib ki, bu tarixi günlərdə hər birimiz sevincli və qürurluyuq:
“Məntəqədə veb-kameralar quraşdırılıb və səsvermə prosesinin tam şəffaf keçəcəyindən əminik. Biz də bunun üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, seçkidə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparacaqlar.
www.RIA24.az