Talış sakini: “Övladım ilk dəfə səsvermə hüququndan doğma yurdunda istifadə edəcək” – FOTO

Siyasət


İşğaldan azad edilmiş Ağdərə rayonunun Talış kəndi də fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkisinə hazırlaşır. Sakinlər bu kampaniyada ilk dəfə olaraq öz doğma torpaqlarında iştirak edəcəklər. Onlar 97 saylı Tərtər-Naftalan-Goranboy seçki dairəsinin Suqovuşan qəsəbəsindəki 58 saylı seçki məntəqəsində səs verəcəklər.

“Report”un Qarabağ bürosunun əməkdaşı Talış kəndinə ezam olunub, seçkiqabağı prosesi yaxından izləyib.

Talış kəndinin sakini, 30 ildən sonra doğma yurduna qayıdan Zahid Allazov bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra öz torpağında seçkidə iştirak etməyi arzulayıb: “İndiyədək də seçki proseslərində iştirak etmişəm. Amma heç birini bu seçki qədər səbirsizliklə gözləməmişəm”.

O, uzun illərdən sonra doğma kəndində seçki hüququndan yararlanacağı üçün özünü xoşbəxt hiss etdiyini söyləyib. “Mən və ailəm özümüzü çox xoşbəxt hiss edirik. Çünki doğma evimizdə, öz yurdumuzda seçkilərdə iştirak edəcəyik. İnanın ki, bu günlər mənə yuxu kimi gəlir. Amma biz bu reallığı yaşayırıq. Mən və ailəm seçici olaraq seçkilərdə canla-başla iştirak edəcəyik. Ailəmdən 5 nəfərin səsvermə hüququ var. Artıq seçəcəyimiz namizədimiz də bəllidir. Düzdür, ailəmizdə hər birimizin öz seçim sərbəstliyi var. Amma bu seçkilərdə də hamımızın yekdil olaraq dəstəklədiyi bir namizəd var, böyük sevinc və qürur hissi ilə ona da səs verəcəyik”.

Z.Allazov vurğulayıb ki, Talış kəndində 18 yaşı tamam olan ilk seçici də onun ailə üzvüdür. “Bu il qızımın 18 yaşı tamam olur. Onun da hər birimiz kimi, öz seçimi və dəstəklədiyi bir namizəd var. Sevinirəm ki, övladım ilk səsvermə hüququndan bu cür gözəl bir zamanda istifadə edəcək. Mənim üçün ən önəmlisi də odur ki, övladım ilk dəfə səsvermədə iştirak etsə də, o doğru düşüncəsi ilə öz parlaq gələcəyinin qarantı olan, ən çox inandığı namizədə səs verəcək”.

Qeyd edək ki, Azərbaycanda fevralın 7-nə növbədənkənar prezident seçkisi təyin olunub. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparacaq.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir