Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov fevralın 6-da Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə MSK sədri ilk dəfə olaraq seçkinin azad edilmiş ərazilərimizdə də keçiriləcəyini diqqətə çatdırıb. O qeyd edib ki, seçicilər həmin ərazilərdə yaradılmış 26 məntəqədə səs verəcəklər.
“Biz bu seçkini Zəfər seçkisi adlandırırıq”, – deyən M.Pənahov seçkidə mübarizə aparacaq namizədlər, həmçinin ölkəmizdə seçicilərin və yaradılmış məntəqələrin sayı, seçicilər və müşahidəçilər üçün yaradılmış şərait barədə məlumat verib
MSK-nın sədri seçkini müşahidə etmək üçün 90 mindən çox müşahidəçinin qeydiyyatdan keçdiyini bildirib.
Türk Dövlətləri Parlament Assambleyasının nümayəndə heyətinin rəhbəri, qurumun Beynəlxalq münasibətlər və hüquq komissiyasının sədri Osman Mesten TÜRKPA-nın seçkini fəal şəkildə müşahidə edəcəyini diqqətə çatdırıb. O, həmçinin bildirib ki, TÜRKPA həmişə Azərbaycanın yanındadır və bu, hər zaman belə olacaq.
“İlk dəfə olaraq seçkini bütöv Azərbaycan torpaqlarında müşahidə etmək bizim üçün də xüsusi əhəmiyyət daşıyır. Səsvermə günü seçkini işğaldan azad olunmuş torpaqlarda müşahidə edəcəyik. Demokratik ölkə olan Azərbaycanda seçkinin ölkə qanunvericiliyinin tələblərin uyğun şəkildə keçiriləcəyinə inanırıq. Fevralın 8-də mətbuat konfransı keçirəcəyik və ilkin nəticələrimizi açıqlayacağıq”, – deyə Osman Mesten qeyd edib.
www.RIA24.az