Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycan prezident seçkisi ilə bağlı səsvermədə iştirak edib.
APA-nın Moskva müxbiri xəbər verir ki, səfir qeyd edib ki, suveren respublikanın tarixində ilk dəfə olaraq dövlət başçısının seçilməsi üçün səsvermə Azərbaycanın bütün ərazisində, o cümlədən işğaldan azad olunan ərazilərdə keçirilir.
“Bu gün Azərbaycan dövlətçilik tarixində əlamətdar gündür. Suveren respublikanın bütün tarixində ilk dəfə olaraq prezident seçkisində səsvermə Azərbaycanın bütün ərazisində, o cümlədən işğaldan azad olunmuş ərazilərdə keçirilir.
Biz Moskvada 2 seçki məntəqəsi açmışıq, çünki Moskvada 2500-dən çox vətəndaşımız səsvermədə iştirak etmək və vətəndaşlıq borcunu yerinə yetirmək arzusunu ifadə edib. Yekaterinburq və Sankt-Peterburqdakı baş konsulluqlarımızda da səsvermə başlayıb”, – deyə o, fikrini yekunlaşdırıb.
www.RIA24.az