“Biz Azərbaycanın qanunvericiliyini qiymətləndirdik, onun bütün demokratik normalara və standartlara tamamilə uyğun olduğunu anlayırıq. Deyə bilərəm ki, Azərbaycanda seçki kampaniyasına hazırlıq ən yüksək səviyyədə aparılıb. Bunu namizədlərlə, namizədlərin qərargahlarında, prosesin təşkilatçıları olan Mərkəzi Seçki Komissiyası, prokurorluqlar, Xarici İşlər Nazirliyi, parlament ilə keçirilən görüşlər sübut edir”.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında MDB Parlamentlərarası Assambleyasının Baş katibi Dmitri Kobitski deyib.
MDB PA-dan olan müşahidəçilər missiyasının artıq 30 yaşının olduğunu qeyd edən D.Kobitski əlavə edib:
“Müşahidənin obyektiv və prosesin bütün iştirakçıları üçün aydın olması üçün 2006-cı ildə Demokratiyanın İnkişafının Monitorinqi Beynəlxalq İnstitutunun yaradılması barədə qərar qəbul edilib. Bu qərar məhz burada, Bakıda qəbul olunub. Hazırda institut bütün MDB məkanında fəaliyyət göstərir və onun o cümlədən Bakıda filialları var”.
D.Kobitskinin sözlərinə görə, bu struktur bütün elektron prosesləri tədqiq etməyə kömək göstərir, MDB ölkələrinin hər birinin qanunvericiliyini araşdırır və qanunvericiliyinin araşdırılması əsasında bütün demokratik normalara uyğun olaraq nəticələr çıxarır.
Müşahidənin nəticələrinə toxunan MDB PA-nın baş katibi deyib ki, onlar çoxlu sayda seçki məntəqələrində olublar. Bütün müşahidəçilər bir araya gələndən sonra nəticələr elan ediləcək. O bildirib ki, ilkin nəticələr sabah mətbuat konfransında açıqlanacaq. Lakin son məlumatlar MSK tərəfindən nəticələr tam təsdiqlənəndən bir qədər sonra elan olunacaq.
www.RIA24.az