Milli Cəbhə Partiyası seçkilərin ilkin nəticələrinə və “exit poll”arın nəticələrinə görə Azərbaycan xalqının böyük etimadını qazanaraq növbəti müddətə Azərbaycan Prezidenti seçilən İlham Əliyevi təbrik edib.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Cəbhə Partiyasının bəyanatında bildirilib.
Bəyanatda deyilir:
“Vətən müharibəsində qalib gələrək Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etmiş qəhrəman xalqımızın bütün ölkə ərazisində ilk dəfə iştirak edəcəyi seçkilərə qatılmaq Milli Cəbhə Partiyası üzvləri və partiya funksionerlərinin yekdil qərarı ilə mümkün olub. Fevralın 7-də keçirilən seçkilərə hazırlıq müddətinin qısa olmasına baxmayaraq, Milli Cəbhə Partiyası bu seçkiləri partiyanın növbəti sınağı kimi dəyərləndirib. Partiyanın sədri Razi Nurullayevin namizədliyini irəli sürmək və qeydiyyata alınması üçün tələb edilən vətəndaş imzalarını toplamaq heç də asan olmayıb.
Müharibədən yeni çıxmış, haqq savaşında qalib gəlmiş, öz rəhbərinə güvənən Azərbaycan xalqından namizədlik üçün imza almaq çox çətinliklə mümkün olmuş, bunun üçün partiya fəalları tərəfindən bütün ölkə ərazisində proses başladılmışdır. Vətəndaşlarımızın imzalarını toplamaq partiyamızın gücünü göstərən amil hesab edilə bilər”.
“Seçki prosesində ölkədə mövcud olan demokratik mühit və fikir azadlığının dövlət təminatı Milli Cəbhə Partiyasının seçkiöncəsi prosesdə uğurlarının əsasını təşkil etmişdir. Aparılan təbliğat və təşviqat işləri ölkənin ayrı-ayrı regionlarını, kəndləri, qəsəbələri, şəhərləri və paytaxt Bakını əhatə etmişdir. Bu görüşlərdə minlərlə vətəndaşımız iştirak etmiş və öz problemlərini partiyamızın prezidentliyə namizədi Razi Nurullayevlə bölüşmüşdür.
Prezidentliyə namizəd Razi Nurullayev də öz növbəsində vətəndaşların sosial problemlərini həlli yollarını öz platformasına daxil edərək televiziya, radio və müxtəlif mətbuat orqanları vasitəsilə Azərbaycan xalqına çatdırmışdır.
Bunun nəticəsində seçicilər seçki günü prezidentliyə namizəd Razi Nurullayevin qələbəsi üçün seçki məntəqələrinə gəlmiş və öz namizədlərinə səs vermişlər. Bu prosesi Milli Cəbhə Partiyasının 6 mindən çox müşahidəçisi ölkədə mövcud olan bütün seçki məntəqələrində yaxından izləmiş və öz qeydlərini seçki günü bir neçə dəfə Milli Cəbhə Partiyasının Seçki qərargahı ilə bölüşmüşdür. Müşahidəçilərin qeydlərindən və rəylərindən seçkilərin ölkənin bütün ərazisində sakit və sülh şəraitində keçdiyi, prosesin gözlənilənlərə adekvat və ümumilikdə beynəlxalq standartlara uyğun olduğu qənaətinə gəlinmişdir.
Milli Cəbhə Partiyası bəyan edir ki, seçicilərin seçki məntəqələrinə tam və maneəsiz giriş imkanları təmin edilmiş, müşahidəçilər tərəfindən heç bir qanun pozuntusu qeydə alınmamışdır. Seçkilərin ilkin nəticələrinə və ekzitpolların nəticələrinə görə Azərbaycan xalqının böyük etimadını qazanaraq növbəti müddətə Azərbaycan Prezidenti seçilən İlham Əliyevi Milli Cəbhə Partiyasının üzvləri, seçki qərargahının üzvləri və partiyanın sədri Razi Nurullayevin adından təbrik edir, vətənə və millətimizə xeyirli olsun deyirik”, – bəyanatda vurğulanır.
www.RIA24.az