Ermənistan Azərbaycanla Gürcüstan arasında bölünə bilər – Rusiyadan AÇIQLAMA

Siyasət

Ermənistan ictimaiyyətində Əfqanıstanda baş verən son hadisələr, xüsusilədə yalnız atıcı silahlarla silahlanmış taliblərin peşəkar hərbçilər tərəfindən yaradılmış və təlim keçmiş dövlət ordusunu məğlub etməsi fəal şəkildə müzakirə olunur. Məsələn, erməni ictimai xadimi, analitik Hraçya Arzumanyan belə qənaətə gəlir ki, Ermənistanın müharibədə məğlub olması “müasir silahların və hərbi texnikanın həlledici rolu” ilə bağlı deyil. Guya ki, problem “mübarizə aparmaq və qalib gəlmək istəməyən Ermənistanın yüksək hərbi-siyasi rəhbərliyindədir”. Onun fikrincə “döyüş meydanında olan erməni əsgəri iradə və ideyaya sahib idi”. Hərçənd, Arzumanyan Ermənistan ordusunda 10 min fərarinin necə meydana çıxdığını izah etmir. Yeri gəlmişkən, o özü də Ermənistanın təslim olmasından təxminən 10 gün əvvəl Xankəndidən İrəvana qaçıb.

Qonşu ölkədə revanşizmin baş qaldırması və onun reallıqla əlaqəsini Oxu.Az-a rusiyalı hərbi ekspert Aleksey Xlopotov şərh edib.

O bildirib ki, Ermənistanda növbəti 10 il ərzində modern ordunun yaradılması və Azərbaycan torpaqlarının yenidən işğalı ilə bağlı deyilənlər cəfəngiyyatdır.

“Ermənistanda iqtisadiyyatın yenidən qurulması lazımdır. Dövlətin gücü iqtisadiyyata əsaslanmalıdır. Ermənistanda isə bu, sadəcə yoxdur. Bu ölkənin resursları azdır. Ona görə də beynəlxalq əməkdaşlığa, ticarətə, tranzitə razılıq vermək daha yaxşı olar. Amma İrəvan sülh sazişləri imzalamır, ölkənin iqtisadi inkişafına kömək edəcək yeni infrastruktur yaratmağa hazır deyil.

Ermənilərin öz dövlətlərini və iqtisadiyyatlarını necə quracaqları böyük bir sual doğurur. Bəli, Rusiya nəyisə pulsuz, kreditlə verəcək. Bəs sonra? Azərbaycan iqtisadiyyatı Ermənistan iqtisadiyyatından bir neçə dəfə güclüdür.

Fikrimcə, yaxın illərdə Rusiya sülhməramlılarının mandatı qüvvədə olduğu halda, Ermənistan tərəfi öz ordusunun potensialını və döyüş effektivliyini bəzi məqbul meyarlara qaytarmağa çalışacaq. Amma yenə də Azərbaycan ordusunu heç vaxt üstələməyəcək, Azərbaycan silahlı qüvvələrinə müqavimət göstərə bilməyəcək”, -deyə ekspert bildirib.

Xlopotov Ermənistanda qisasçılıq fikirlərinin ölkə üçün fəlakətlə bitəcəyini də proqnozlaşdırıb.

“Bərpa edilmiş ordu kimi bir alət əldə edən Ermənistan, özünü qurban kimi təqdim etmək üçün hərbi təxribatlara əl ata bilər. Mənə elə gəlir ki, erməni tərəfi üçün bu, faciə ilə bitəcək. Azərbaycan, əlbəttə ki, Qarabağın bütün ərazisinə nəzarəti bərpa edəcək (söhbət rus sülhməramlılarının məsuliyyət zonasında olan hissədən gedir – red.). Qarşıdurmalara birdəfəlik son qoymaq lazımdırsa, Bakı İrəvanı almalı olacaq. Və sonra, artıq qalib mövqedən, Ermənistanda bir növ sadiq hökumət qura və ya Ermənistanı süni formalaşdırılmış ərazi vahidi kimi Gürcüstanla öz arasında bölə bilər.

Bir sözlə, Ermənistandakı revanşist bəyanatlar, təxribatlar, beynəlxalq strukturlara təzyiqlər yalnız Ermənistanın dövlətçiliyinin məhvinə gətirib çıxaracaq. Mənim proqnozum belədir. Bu nə vaxt baş verə bilər? Ən yaxın üfüq beş ildir. Düzdür, şərtlər dəyişə bilər. Çox şey dünyada cərəyan edən proseslərdən asılı olacaq” – deyə o, əlavə edib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir