Ukraynalı nazir: “Kifayət qədər silah istehsalı imkanlarına malikik” – MÜSAHİBƏ + FOTO

Siyasət


“Bizim əsas fəlsəfəmiz ondan ibarətdir ki, döyüş meydanındakı robot sistemlər bizə əsgərlərimizi cəbhə xəttindən uzaqlaşdırmağa imkan verir. Əsas dəyərimiz olan hərbçilərin həyatını xilas edir”.

Bunu Ukraynanın Strateji sənayelər naziri Oleksandr Kalmışin “Report”un Şərqi Avropa bürosuna müsahibəsində ölkənin hərbi sənayesi ilə bağlı yeniliklər, yeni silahlar barədə müsahibəsində danışıb.

Müsahibəni təqdim edirik.

– Son vaxtlar Ukrayna hərbi sənayesinin güclənməsi ilə bağlı xəbərlər eşidirik. Konkret olaraq hansı yeniliklər var?

– Bu gün Ukraynada müdafiə-sənaye kompleksi digər sənaye sahələrinə nisbətən xeyli sürətlə inkişaf edir. Ancaq xüsusi olaraq müdafiə sənayesi haqqında danışsaq, müdafiə seqmentləri bütün digər seqmentlərdən daha sürətli artmaqdadır. Bunlar ilk növbədə, robot sistemləri, uçan aparatlar, yerüstü sistemlər, dəniz dronlarıdır. Bütün bunlar isə cəbhədə yaxşı nəticə göstərir. Müharibə bitəndən sonra da ölkəmiz onları istehsal edib ixrac edəcək. Çünki müharibə zamanı Ukraynada meydana çıxan DefenseTech məhsulları döyüş meydanında vəziyyəti məhz kəskin dəyişən elementdir. Bu, bizim “oyun rəqiblərimizdir”.

– Son vaxtlar müharibənin gedişində Ukrayna istehsalı olan dronlar barədə də eşidirik.

– Əslində, Ukraynada 1 milyondan çox FPV-dron, eləcə də bir neçə min kilometr məsafəyə uçan yüz minlərlə pilotsuz təyyarə istehsalına imkan verən texnologiyalar yaradılıb. Bu, müharibəyə yenilik gətirmək və əvvəllər edə bilmədiyimiz zərbələri vurmaq üçün bir fürsətdir. Məsələn, Rusiya ərazisində. Onun ərazisində istifadə etdiyimiz bütün məhsullar Ukraynada istehsal olunub. Dəniz dronları ilə təcrübəmiz göstərir ki, texnologiyalarımız Rusiyanın Qara dəniz donanmasını işğal olunmuş Krım ərazisindən çıxmasına imkan verdi. Və bu gün onların gəmiləri nəinki başqa limanlara üz tutur, həm əsl yerləri olan dənizin dibinə köçürlər.

– Dronların istehsalı ilə bağlı bu yaxınlarda Böyük Britaniya Baş naziri Ukrayna ilə birgə əməkdaşlığın anonsunu verdi. Daha hansı ölkələr və nə kimi istehsal gözlənilir?

– Bu gün istehsal imkanlarımız maliyyə imkanlarımızı xeyli üstələyir. Və bu gün biz 200-dən çox müəssisə tərəfindən istehsal olunan uçan, yerüstü və dəniz dronların ən effektiv modellərini müəyyənləşdiririk. Bu gün Ukraynada istehsal olunan məhsulları almaq üçün çoxlu imkanlar var. Ona görə də söhbət yalnız Ukrayna Silahlı Qüvvələrinin həyata keçirəcəyi missiyaların səmərəliliyində, tətbiq strategiyasında olacaq. Artıq kifayət qədər istehsal imkanlarına malikik. Robot sistemlərinin birgə istehsalına başladığımız 10-dan çox ölkə var. Məsələn, Bayraktar sistemləri istehsal edən Baykar zavodu fəaliyyətə başlayıb. Şirkətin direktoru Haluk Bayraktar bu yaxınlarda Ukraynada idi və biz onunla birlikdə istehsalın gedişatını yoxladıq. Şadam ki, zavod tikilməkdədir və Ukraynada müasir robot sistemləri yaratmaq və istehsal etmək imkanı var. Hazırda biz birgə istehsal etdiyimiz bir sıra ölkələrlə işləyirik və müxtəlif konfiqurasiyalarda belə sistemləri istehsal etməyə davam edəcəyik.

– Xarici yardımın azaldığı fonda Ukrayna hələ keçmiş SSRİ vaxtından malik olduğu öz potensialına əsasən daha hansı hərbi sənaye növünü gücləndirə bilər?

– Bizim əsas fəlsəfəmiz ondan ibarətdir ki, döyüş meydanındakı robot sistemlər bizə əsgərlərimizi cəbhə xəttindən uzaqlaşdırmağa imkan verir. Əsas dəyərimiz olan hərbçilərin həyatını xilas edir. Və buna görə də əsas innovasiya qərarları bu fəlsəfə ətrafında qurulur. Buna görə də, bu robot sistemlər belə mühüm rol oynayır. Dəniz dronlarını misal çəkərək deyə bilərəm ki, biz onların döyüş gəmilərini heç bir şəxsi heyət itkisi olmadan akvatoriyamızdan qopardıq.

– Kütləvi hava hücumlarından daldalanmaq üçün sığınacaqlarla bağlı müharibə boyu problemlər olub və vaxtlar Ukraynada bununla bağlı ciddi addımlar atıldığını eşidirik. Hansı nəticələr əldə olunur?

– Bu gün Ukraynada 60 mindən çox sığınacaq var. Və son bir ildə biz onlardan yalnız 7 minini lazımi vəziyyətə gətirə bildik. Məsələ o qədər aktualdır ki, Prezidentimizin – Ali Baş Komandanın qərarı ilə sığınacaqların lazımi vəziyyətə gətirilməsinə koordinasiya və nəzarət etməyi mənim nazirliyimə həvalə edilib. Bu istiqamətə cavabdeh olan Timur Firudinoviç Tkaçenko adlı müavinim var. O, gecə-gündüz yalnız bu məsələ üzərində çalışır ki, Ukraynadakı bütün sığınacaqların lazımi vəziyyətdə olmasını təmin edək. O, yerli hakimiyyət orqanları ilə əlaqələri qurmağı yaxşı bacarır və buna görə də əminəm ki, sığınacaqlar yaxın vaxtda daha da yaxşı vəziyyətdə olacaq.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir