Tam və birmənalı qələbə – “Kaspi”nin TƏHLİLİ + FOTO

Siyasət


Azərbaycan daha bir tarixi ana şahidlik etdi. Fevralın 7-də ilk dəfə olaraq bütün suveren ərazilərimizdə növbədənkənar prezident seçkisi uğurla təşkil olundu. Gözlənildiyi kimi, bu dəfə də xalqımızın seçimi qalib Prezident İlham Əliyev oldu. Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatlarına əsasən, İlham Əliyev seçicilərin 92 faizindən çoxunun səsini alaraq inamlı qələbə qazanıb. Bu seçki prosesi müstəqillik tariximizdə bir çox ilklərə imza atılmaqla da yadda qaldı.

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

İlk dəfə doğma yurdlarında səs verənlər

Öncə də qeyd edildiyi kimi, bu seçkini əvvəlki analoji proseslərdən fərqləndirən ən başlıca cəhət onun artıq ərazi bütövlüyü, suverenliyi tam təmin olunmuş Azərbaycanda keçirilməsi idi. Üç il öncəyə qədər dünyada 20 faiz ərazisi 30 ildən artıq işğal olunmuş bir ölkə kimi tanınırdıqsa, indi vəziyyət tam başqadır. Seçkinin bütün suveren ərazilərimizdə təşkili həm də Azərbaycanın dünyada güclü, müstəqil və öz ərazi bütövlüyünü tam təmin etmiş bir ölkə olaraq imicinin yüksəlməsinə səbəb olub. İlk dəfə olaraq işğal dövründə yurdlarından didərgin düşmüş soydaşlarımız doğma el-obalarında səsvermə hüququndan istifadə etdilər. Böyük qayıdış çərçivəsində Laçında, Şuşada, Ağalıda, Talış kəndində, Füzulidə məskunlaşan minlərlə vətəndaşımızın seçkidə iştirakına beynəlxalq müşahidəçilər, dünyanın aparıcı media orqanları şahid oldular. Onlar həm də işğal dövrünün dağıntılarını, buna paralel olaraq qısa zamanda Azərbaycanın şəhərlərini, kəndlərini necə sürətlə bərpa etməsini əyani olaraq gördülər. Bu seçki həm də dünyaya bir daha Ermənistanla Azərbaycan arasındakı əsas fərqi göstərdi. Bir tərəfdə qurulanı dağıdan, ekoloji, maddi-mənəvi terror əsdirən, minalarla ölüm saçan bir dövlət. Digər tərəfdə isə quran, yaradan, yaşadan, özünün olana sonuna qədər sahib çıxan Azərbaycan.

Xankəndidə ilk seçki

Növbədənkənar seçkidə ən çox diqqəti cəlb edən məqamlardan biri də Prezident İlham Əliyevin səsvermə hüququndan Xankəndidə istifadə etməsi oldu. Bu addım həm siyasi, həm də mənəvi mahiyyət daşıyır. İllərlə bu şəhər terror, separatizm yuvası olaraq Azərbaycan dövlətinin milli maraqlarını, suverenliyini təhdid edib.

Burada məskunlaşmış erməni separatçıları çoxsaylı “seçki” keçirərək dövlətimizi təhdid edib. Azərbaycan ərazisində “ikinci erməni dövlətinin yaradılması” ideyasının əsas qaynağı məhz Xankəndi olub. Xocalı soyqırımının, digər faciələrimizin törədilməsi ilə bağlı qərarlar məhz buradakı xunta rejiminin rəhbərliyi tərəfindən verilib. İndi bu qərarları verənlərin əksəriyyəti ədalət məhkəməsinin onlar üçün çıxaracağı hökmü Bakıda dəmir barmaqlılar arxasında gözləyir. Onlar Azərbaycan Prezidentinin Xankəndidə səs verməsini də oradan izləyirlər.

Ali Baş Komandan Xankəndidə səsvermə hüququndan istifadə etməklə həm Ermənistandakı revanşistlərə, həm də onların arxasında dayanaraq dövlətimizə qarşı məkrli planlar quranlara birbaşa mesaj verdi: Qarabağ Azərbaycandır! Xankəndi Azərbaycandır! Artıq Azərbaycan ərazisində separatizm ocağı yoxdur. Azərbaycan Konstitusiyası, qanunlarımız dövlətimizin hər bir yerində tətbiq olunur. Biz dövlət olaraq bir daha müstəqilliyimizi, ərazi bütövlüyümüzü, suverenliyimizi, sərhədlərimizi təhdid edənlərin əl-qol açmasına imkan verməyəcəyik.

Seçki günündə zəfər ab-havası

7 fevral seçkisini fərqləndirən cəhətlərdən biri də Vətən müharibəsindən sonra keçirilən ilk seçki olmasıdır. Bu prosesdə hər birimiz artıq məğlub, qüruru əyilmiş bir xalqın təmsilçisi kimi yox, qalib bir millətin, dövlətin vətəndaşı olaraq seçim etdik. Seçki günü yaşanan ab-hava, məntəqələrdə müşahidə etdiyimiz əhvali-ruhiyyə insanların sanki mənəvi bir rahatlıq tapdığını, müharibənin, işğalın yaratdığı gərginliklərdən azad olduğunu göstərirdi. Təbii ki, əmin-amanlığın, qələbənin əsas memarı Prezident İlham Əliyevdir. İnsanların əksəriyyəti qalib ölkənin vətəndaşı olaraq qalib sərkərdəyə səs verdi.

Yüksək seçki mədəniyyəti

Növbədənkənar seçkinin ölkənin daxili ictimai-siyasi həyatında da dərin iz buraxdığı şəksizdir. Prosesin başlanğıcından sonuna qədər seçki prosesi tam anlamda sivil, demokratik və yüksək siyasi mədəniyyət dəyərlərinin nümayiş olunduğu bir məcrada davam etdi. İstər təbliğat, istərsə də seçki günü namizədlərin bir-birinə qarşı etik çərçivələr, qanunvericiliyin tələblərinə uyğun formada mübarizə aparması diqqətlərdən yayınmadı.

Ən başlıcası isə seçkinin nəticələrinə, xalqın iradəsinə hər kəs hörmətlə yanaşdı. Məğlub olanlar qalibi təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzuladılar. Əslində sivil, demokratik və hüquqi dövlətdə tələb olunan, arzulanan və cəmiyyətin gözlədiyi də budur. Azad, ədalətli və şəffaf seçki nəticəsində xalqın seçimi, iradəsi hər şeydən və hər kəsdən üstündür. Bu seçki ilə bir daha dünyaya qalib xalq olmaqla yanaşı, yüksək siyasi mədəniyyətə sahib olduğumuzu da nümayiş etdirdik.

Azərbaycan bir demokratiya dastanı yaşadı

Təbii ki, bizim üçün əsas olan Azərbaycan xalqının seçimidir, onun iradəsidir. Lakin növbədənkənar seçki bir daha bizə xalqımızın iradəsinin əks olunduğu bu prosesə beynəlxalq reaksiyaları müşahidə etmək imkanı qazandırdı. Seçkiyə bir həftə qalmış Avropa Şurası Parlament Assambleyası çərçivəsində Azərbaycana qarşı başlayan kampaniya fonunda beynəlxalq müşahidəçilərin dəyərləndirmələrinin necə olacağı maraq doğururdu. Gözlənildiyi kimi, ölkəmizdə bu prosesi izləyənlərin əksəriyyəti seçkinin tam demokratik, şəffaf və qanunvericiliyə uyğun təşkil olunduğunu bəyan etdilər. “Seçim Azərbaycan xalqının iradəsini əks etdirir, biz nə deyə bilərik?” deyən müşahidəçilər də vardı. Bəli, bu seçki Azərbaycan xalqının iradəsidir. Ona hər hansı müdaxilə, təzyiq və ya manipulyasiyalar qətiyyən yolverilməzdir. Azərbaycan əhalisi seçki prosesində yüksək fəallıq nümayiş etdirərək öz Prezidentinə yüksək ehtiram göstərməklə bu iradəyə qarşı çıxmaq istəyənlərin qarşısına böyük bir sədd çəkdi.

Beynəlxalq müşahidəçi Akkan Suverin də dediyi kimi, “Qarabağ dastanından sonra Azərbaycan bir demokratiya dastanı yaşadı”.

Seçki dünya mediasının gözü ilə

Prosesə indi də dünya mediasının baxış bucağından baxaq. Qeyd edək ki, növbədənkənar seçki dünya mediasının da çox böyük diqqətində idi.

Rusiyanın “Lenta.ru” saytının seçki ilə bağlı reportajında bildirilir ki, beynəlxalq ekspertlərin fikrincə, Azərbaycan cəmiyyətini çox narahat edən Qarabağ probleminin həllindən sonra İlham Əliyevin populyarlığı xeyli artıb. “Bunu nəşrimizin müxbirinin seçkiyə bir neçə gün qalmış Bakı küçələrində keçirdiyi sorğular da təsdiqləyib”, – məqalədə qeyd olunub. Rusiyalı jurnalistlər işğaldan azad edilmiş ərazilərdə seçki prosesini də izləyiblər.

“Bütün seçicilər bir nəfər kimi İlham Əliyevi açıq şəkildə dəstəkləyərək doğma torpaqlarına qayıtmaq imkanına, yeni evlərə görə ona təşəkkürlərini bildiriblər”, – deyə müəllif qeyd edir.

“Exit poll”un nəticələrinə əsasən, Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisində Prezident İlham Əliyev 93,9 faiz, Qarabağda isə demək olar ki, 100 faiz səs qazanıb”, – bu isə “Euronews” kanalının proseslə bağlı ilkin dəyərləndirməsidir. Qeyd edilib ki, bu, Azərbaycanın əvvəllər işğal olunmuş bütün torpaqlarını azad edib, ölkənin bütün suveren ərazisini tam nəzarətə götürməsindən sonra keçirilən ilk seçkidir: “Seçki komissiyası nümayəndələrinin sözlərinə görə, seçkidə fəallıq yüksək olub və səsvermənin ilk doqquz saatında səsvermə hüququna malik olanların 70 faizindən çoxu səs verib. Qarabağın tam azad edilməsi və müharibədə qazanılan qələbə hazırkı prezidentə ictimai dəstəyin səviyyəsini xeyli artırdı”.

Biz sadəcə iki müxtəlif qütbü təmsil edən medianın prosesə ümumi yanaşmasını təqdim etdik. Göründüyü kimi, mövcud mənzərə, reallıqlar o qədər aydındır ki, hansı düşərgəyə yaxın olmasından asılı olmayaraq, hər kəs bir məqamı etiraf etmək məcburiyyətindədir. Qalib Azərbaycan xalqının seçimi qalib Prezidentidir.

Yeni dövr başlayır

Bəli, artıq Azərbaycan daha bir demokratiya sınağını uğurla başa vurdu. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bir dövr başa çatdı. İndi dövlətimizin qarşısında yeni başlanğıclar, yeni bir yol var. Bu yol əldə etdiyimiz tarixi qələbələrin möhürünü vuraraq bütün sahələrdə qarşımıza qoyduğumuz yeni hədəflərə doğru inamla, qətiyyətlə irəliləməkdir. Bu yol müstəqil Azərbaycanın daha da güclənməsi, işğaldan azad edilmiş ərazilərimizin bərpası, keçmiş məcburi köçkün və qaçqınlarımızın öz evlərinə təhlükəsiz, rahat qayıdışı, suverenliyimizə, ərazi bütövlüyümüzə qarşı təhdidlərin bundan sonra da uğurla ortadan qaldırılması yoludur. Bu yol, bölgəmizdə sülh yoludur. Təbii ki, Azərbaycanın milli maraqlarına, şərtlərinə və tarixi qələbələrdən sonra yaratdığı yeni reallıqların tələblərinə uyğun bir sülh. Bu yolda hədəflərimizə çatmaq üçün rəhbər olaraq Azərbaycan xalqının seçimi müzəffər Ali Baş Komandan, qələbələrimizin memarı, adı ilə tarix yazan Prezident İlham Əliyevdir. Dövlət başçısının da vurğuladığı kimi, onun fəaliyyətinin əsas güc mənbəyi xalqının ona olan inamı və sevgisi, etimadıdır. Növbədənkənar prezident seçkisi ilə xalqımız öz liderinə olan etimadını bir daha yenilədi. Xalq qalib liderinin arxasında bir yumruq kimi birləşdiyini bütün dünyaya nümayiş etdirdi. Təbii ki, yeni dövrə qədəm qoyarkən ölkə rəhbərliyinin əsas ilham qaynağı xalqından aldığı bu etimad olacaq. Beləliklə, müstəqillik tariximizdə yeni bir səhifə açılır. Bu səhifənin ağ vərəqlərini qızılı hərflərlə, uğur hekayələri ilə yazacağımıza inamımız sonsuzdur. Seçimin mübarək, Azərbaycan!

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir