Azərbaycan ordusu 2022-ci ildə: Qarabağda yeni hərbi hissələr, müasir silahların alınması – ŞƏRH

Siyasət

Azərbaycanın növbəti il üçün hərbi hədəflərinin və müdafiə potensialının prioritetlərini 2022-ci ilin dövlət büdcəsinin ilkin göstəricilərinə dair sənəddə görə bilərik.

Hərbi prioritetlərin həyata keçirilməsi üçün nəzərdə tutulan xərclər aşağıdakı sahələrə yönəldiləcək:

1. Azərbaycan Ermənistanla dövlət sərhədlərinin bərqərar edilməsinə, onun mühafizə və müdafiəsinə;

2. Ərazilərin minalardan təmizlənməsinə;

3. Təhlükəsizliyin təmini üçün zəruri hərbi infrastrukturun yaradılmasına;

4. Hərbçilərin sosial-məişət və xidmət şəraitlərinın yaxşılaşdırılmasına;

5. Şəxsi heyətin komplektləşdirilməsinə;

6. Hərbi hissələrdə döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasına.

Görünən odur ki, Azərbaycan hökuməti dövlət sərhədinin Ermənistanla sərhəd zolağında möhkəmlənmə işlərini gündəlikdən çıxarmayıb və Ermənistan buna razı olsa da, olmasa da, proses baş tutacaq – ya xoşluqla, ya da güc vasitəsilə.

Zəruri hərbi infrastrukturların yaradılmasına gəlincə, burada işğaldan azad edilmiş ərazilərdə yeni hərbi hissələrin açılması planlarını görə bilərik.

Azərbaycan onsuz da postmüharibə dövründə qısa müddət ərzində işğaldan azad edilmiş ərazilərdə bir neçə hərbi hissə yaradıb, hətta dislokasiya yerlərinə müasir silahlar belə yerləşdirilib.

Prosesin davamlı olması ikinci dəfə “90-cı illərin Qarabağ müharibəsi” ehtimalının təkrarlanmaması zərurətindən irəli gəlir. Yeni hərbi infrastruktur təhlükəsizliyin təminində vacib komponentdir.

Orduda islahatların davam edəcəyi də gözlənilir, bir neçə ay öncə Prezident İlham Əliyev Azərbaycan üçün Türkiyə modelli ordunun məqbul olduğunu bildirmişdi.

Sənəddə Azərbaycanın müasir silah və hərbi texnikalar alacağı da vurğulanıb, müdafiə sənayesinin təkmilləşdirilməsi də prioritetlər sırasındadır.

Müasir silahların alınması ordunun maddi-texniki bazasının möhkəmləndirilməsidir.

Bildirək ki, Azərbaycan silah bazarında əsasən Rusiyaya, İsrailə, Türkiyəyə, Pakistana, Çexiyaya, Belarusa, Ukraynaya müraciət edir.

Qeyd edək ki, 2022-ci il üçün müdafiə və təhlükəsizlik xərcləri 4 499 238 900 manat həcmində proqnozlaşdırılır.

Aqşin Kərimov

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir