Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyev bir sıra görüşlər keçirib.
Buraya dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, özəl sektorun nümayəndələri daxildir.
İlham Əliyev:
– İtaliyanın “Leonardo” şirkətinin baş həmdirektoru Lorenzo Mariani ilə,
– ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borq ilə,
– Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odil Reno-Basso ilə,
– ABŞ Prezidentinin qlobal infrastruktur və enerji təhlükəsizliyi üzrə xüsusi koordinatoru Amos Hoxşteyn ilə,
– Almaniya Bundestaqının Xristian-Demokrat/Xristian-Sosialist İttifaqı fraksiyasının xarici, təhlükəsizlik və müdafiə siyasəti üzrə sədr müavini, Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri Yohan David Vadeful ilə,
– İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə,
– Almaniyanın Şərqi Biznes Assosiasiyasının icraçı direktoru Mixael Harms ilə,
– Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan ilə,
– ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerri ilə,
– İraqın Kürdüstan Regionunun Başçısı Neçirvan Bərzani ilə,
– “Indra” şirkətinin prezidenti, idarə heyətinin sədri Mark Tomas Murtra ilə görüşləri keçirilib.
Rəsmi xəbərlərdə qeyd edilir ki, bütün bu görüşlərin hamısı qarşı tərəflərin müraciətlərinə əsasən baş tutub.
Görüşlər haqqında müraciətlərin və görüşlərin intensivliyi Azərbaycan Prezidentinin yüksək nüfuzunun, onun şəxsiyyətinə olan böyük hörmət və diqqətin bariz nümunəsidir.
Dövlət başçısının qrafikinə baxdıqda mövcud intensivliyi Azərbaycanla əməkdaşlıq etmək istəyənlərin sayının həddən artıq olması ilə izah etmək olar.
Nəzərə almaq lazımdır ki, Azərbaycan müntəzəm şəkildə Münhen Təhlükəsizlik Konfransına Prezident İlham Əliyevin şəxsində dəvət alır. Dövlət başçısı müzakirələrdə fəal iştirak edir, qlobal və regional təhlükəsizlik məsələləri ilə bağlı öz dəyərli fikirlərini bölüşür. Bu isə qlobal və regional təhlükəsizliyə töhfə verən düsturlardır.
İlham Əliyevin keçirdiyi görüşlərdə Azərbaycanın COP29-a ev sahibliyi etməsi də geniş müzakirə olunub.
Deməli, Azərbaycanın ev sahibliyi etdiyi və edəcəyi digər qlobal tədbirlər ölkəmizin dünyada nüfuzunun böyük dərəcədə artmasına təsir göstərir.
Prezident İlham Əliyevin də inaqurasiya mərasimində qeyd etdiyi kimi, Azərbaycan artıq lokal səviyyədə fəaliyyət göstərən dövlət deyil, dünyanın müxtəlif bölgələrində fəal tərəfdaşlığı təşviq edən, etibarlı tərəfdaş kimi qəbul olunan, dünyada qlobal problemlərin həllində fəal iştirak edən və buna əməli töhfələr verən ölkə kimi qəbul olunur.
Aqil Vəlili
www.RIA24.az