Ermənistan ordusunda “dedovşina”, rüşvət, oğurluq: Siyasi hakimiyyət çıxılmaz vəziyyətdə – TƏHLİL

Siyasət


Ermənistan ordusunda son dövrlər intihar və əsgərlər arasında bir-birini qətlə yetirmə halları kəskin şəkildə artıb. Müharibədən sonra məhv olmuş ordunu bərpa etmək baş nazir Nikol Paşinyan üçün başağrısına çevrilib. Paralel olaraq yaşanan problemlər orduda böhran vəziyyətinin kəskinləşdiyini ortaya çıxarır. “Dedovşina”, rüşvət, yeyinti halları, oğurluğun tüğyan etdiyi silahlı qüvvələr siyasi hakimiyyəti çıxılmaz vəziyyətə salıb. Bu isə erməni dövlətinin hələ uzun müddət normal orduya sahib olmayacağından xəbər verir.

Mövzu barədə “Kaspi” qəzetinin məqaləsini təqdim edirik:

Səfərbərliklə bağlı çağırışçı problemi

Son doqquz ildə Ermənistanda çağırışçı sayında 44 faiz azalma müşahidə edilib. Bu, ölkəni tərk etmə, hərbi xidmətdən yayınma, kütləvi rüşvət halları, demoqrafik problem və sosial-iqtisadi sahədəki çatışmazlıqlar fonunda baş verir. 

Paşinyan hökuməti orduda şəxsi heyətin sayını artırmaq üçün hərbi xidmətə çağırış yaşının yuxarı həddinin artırılmasını təklif edib. Layihəyə görə, çağırışçı yaşı 18-40 arasında dəyişməlidir. Yaş həddinin artırılması isə xidmətdən yayınaraq digər ölkələrdə vaxt keçirən erməni kişilərinin ölkəyə qayıdışını daha da əngəlləyib.

Qərbin vəd etdiyi yararsız sursat

Bununla belə, şəxsi heyətin sayını artırmaq heç də problemi həll etmək anlamına gəlmir. Çünki ordunun döyüş hazırlığı üçün müasir texnologiya, silah və sistemlər lazımdır. Müharibədə ciddi hərbi-texniki itkilərə məruz qalan Ermənistanın itirdiyini yeniləməyə nə büdcəsi, nə də gücü çatır. Qərbin vəd etdiyi texnika və silahlar isə ciddi arsenal üçün işə yaramır. Bütün silah alqı-satqıları, müqavilələr şoudan başqa bir şey deyil.

Xəstələri əsgər aparmaq

Artıq erməni siyasi elitası ordunun şəxsi heyətinin sayını artırmaq üçün yeni üsula əl atıb. Məlum olub ki, ciddi xəstəliyi və fiziki məhdudiyyəti olan şəxslər belə, ordu sıralarına cəlb edilirlər. Çağırışçının şəxsi vəsaiti hesabına həkimlərdən keçmək üçün maddi imkanı olmayanda səhhətində yaranan problemlər aşkar edilməmiş qalır. Hətta şəxsi vəsaiti hesabına müayinədən keçmək üçün tibb müəssisəsinə müraciət edən çağırışçılar da problemlərlə qarşılaşırlar. Həkimlər müxtəlif bəhanələrlə müayinədən imtina edirlər. Bunun səbəbi isə “yuxarılar”dan alınan təlimatdır. Artıq çağırışçıların ətraflı və tam müayinədən keçmədən hərbi xidmətə aparılması barədə faktlar kütləviləşməyə başlayıb. 

Qeyri-döyüş şəraitində artan ölüm halları

Son dörd il ərzində Ermənistan ordusunda ölüm hallarında da ciddi artım müşahidə edilib. Məsələn, 2019-cu ildə qeyri-döyüş şəraitində ölən əsgərlərin sayı 49 idisə, 2022-ci ildə bu rəqəm 64-ə çatıb. Eyni neqativ tendensiya özünə zərərvermə, intiharla bağlı da müşahidə olunur. 2020-ci ildə belə halların sayı 65 idisə, 2022-ci ildə bu say 108-ə çatıb.

Erməni hərbçilərinin ölümü ilə bağlı əsas problem kriminala meyllilik, “dedovşina”, dözülməz xidmət şəraiti, ağır mənəvi-psixoloji atmosferdir. Müdafiə Nazirliyi isə problemi həll etmək əvəzinə nəticələr ilə “boğuşur”. Məsələn, hərbi hissədəki ağır şərait, aclıq, zabit heyətinin xoş olmayan münasibəti ilə razılaşmayanları fərarilikdə ittiham etmək adi hal alıb. Bu faktla üzləşən əsgər isə çıxış yolunu əksər hallarda intiharda görür.

Ordu zabit çatışmazlığından da əziyyət çəkir 

Son illər ərzində erməni ordusu kadr və zabit çatışmazlığından da əziyyət çəkir. Tibbi təchizat, qidalanma, lazım olan avadanlığın olmaması da mənəvi-psixoloji faktoru təşkil edir. Az maaşla dolanan zabit heyəti tez-tez dövlət əmlakını talayıb satır, əsgər heyətindən rüşvət yığır. Eyni zamanda sərxoşluğa meylli zabitlərin sayında da kəskin artım müşahidə edilir. 

Bu gün erməni ordusunda “dedovşina”nın, demək olar ki, qanuni hal alması, hərbi hissələrin kriminal elementlər tərəfindən idarə edilməsi ən böyük narazılıq yaradan faktordur. Əsgər ölümləri ilə bağlı zabitləri cəzalandıran, faktları araşdıran, bunu tələb edən heç kəs yoxdur. 

“HƏMAS”a ötürülən silahlar

Bu yaxınlarda erməni ordusu ilə bağlı daha bir qalmaqal üzə çıxıb. Məlum olub ki, müharibədən sonra “Kalaşnikov” markalı 17 min avtomat itib. Ermənistanın daxili işlər naziri Vahe Kazaryan bildirib ki, hazırda bu sayda silah anbarlarda əksik gəlir. 

Ümumi Ermənistan ordusunun 65 min nəfərlik heyətdən ibarət olduğunu nəzərə alsaq, 3 piyada briqadasından da çox əsgərin silahının yoxa çıxdığı məlum olur. Bu, 1400 qutunun 10 iri yük maşınında aradan çıxarılması deməkdir. Erməni siyasətçilər silahların müharibədən sonra itdiyini, Azərbaycan tərəfindən qənimət kimi götürüldüyünü desələr də, rəsmi Bakının hesabatlarında belə bir rəqəm və fakt gözə dəymir.

Artıq politoloqlar və bəzi müxalifət deputatları, xüsusən də Larisa Alaverdyan bəyan edib ki, sözügedən silahlar İran vasitəsilə “HƏMAS” qruplaşmasına ötürülüb. Rəsmi Tehranın sözügedən qruplaşmanı daim silahlandırdığını nəzərə alsaq, bu fakt real görünür.

Bu faktlardan da məlum olur ki, erməni ordusundakı ciddi problemlər hələ uzun müddət qalacaq. Ermənistanın siyasi elitası isə hərbi islahatları sadəcə imitasiya edir. Büdcədən orduya və silahlı qüvvələrə yox, daha çox polis və patrul xidmətinə ciddi vəsait ayrılır. Bu isə Paşinyan hakimiyyətini daxili təhdidlərdən qorumağa hesablanıb. Çünki hökumətə polisi repressiya aparatı kimi gücləndirmək və sıralarını genişləndirmək daha vacibdir. 

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir