Keçən il baş verən Qarabağ müharibəsi toqquşmalar nəticəsində başladı və bunun ardından genişmiqyaslı hərbi əməliyyatlarla davam etdi. Azərbaycan Türkiyə və digər ölkələrdən dəstək alaraq (siyasi – red.) əsas qalib oldu.
Bu barədə Oxu.Az-a açıqlmasında amerikalı analitik, “Gulf State Analytics”in (Vaşinqtonda yerləşən geosiyasi risk qiymətləndirmə şirkəti) aparıcı mütəxəssisi Teodor Karasik bəyan edib.
Müharibənin başladığı tarix (27 sentyabr) yaxınlaşır, həmsöhbətimizin dediyinə görə, bunun ən əhəmiyyətli nəticəsi, logistika dəhlizlərinin formalaşmasıdır:
“Regionda bir çox nəqliyyat arteriyası tıxanmışdı. İndi ümid var ki, yeni avtomobil və dəmir yolları həm Qafqaz ölkələri, həm də qonşu dövlətlər arasında əlaqələrin genişlənməsinə kömək edəcək”.
“Ermənistan müharibəni uduzdu, ölkə rəhbərliyi daim daxili təhlükə ilə üzləşir. Bu arada İrəvanın təcili olaraq vacib qərarlar qəbul etməsi, özünü tanıması lazımdır. Bəs Ermənistan özünü yeni reallıqda necə görür? İrəvanın yaradılan logistika şəbəkələrindən faydalana biləcəyi aydındır, amma bunun üçün Ermənistan hakimiyyəti qonşuları ilə sarsılmaz sülh bağlamalıdır”, – deyə ekspert vurğulayıb.
Analitikin sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan təsadüfən konstruktiv bəyanatlar səsləndirmir. Ayrı bir məqam Əfqanıstanda baş verən hadisələrdir:
“Nikol Paşinyan KTMT-nin Düşənbədə keçirilən təhlükəsizlik məsələlərinə dair sammitinə qatıldı. Əfqanıstan İslam Əmirliyinin yaranması “domino effekti” ilə nəticələnə bilər. Bunun bölgə ölkələrinin sabitliyinə necə təsir edəcəyini heç kim bilmir. Türkiyədən İrana uzanan bir zolaq var. Ermənistan bu zolağın üzərində yerləşir və müəyyən güzəştlər qazana, yaxud əksinə itirə bilər. Ermənistan əvvəllər belə bir vəziyyətlə üzləşib, bəlkə gələcəkdə də belə bir vəziyyətlə üzləşəcək. Və əlbəttə ki, hələ də “monstr” olaraq qalan Rusiyanı unutmamalıyıq. Kreml bütün tərəflərlə oynayır. Yeri gəlmişkən, indi ən vacib məqam Rusiya ilə Türkiyənin ortaya çıxan fikir ayrılıqlarını necə həll etmələri və gələcəkdə onları necə çözmələri olacaq”.