Qisas döyüş meydanında alındı – FOTO

Siyasət


2023-cü ilin 19-20 sentyabr tarixlərində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalı da daxil olmaqla, bütün ərazilərimizdə suverenliyimiz bərpa olundu. Xocalı soyqırımının qisası alındı. Lakin düşməndən fərqli olaraq, bu qisas dinc, müdafiəsiz əhalidən deyil, döyüş meydanında alındı.

İşğal dövrünün ən qaranlıq səhifələrindən biri olan, “Əsrin faciəsi” adını alan Xocalı soyqırımının 32-ci ili tamamlanır. Bu illər ərzində xalqımız erməni terrorçuları və onların havadarlarının törətdikləri vəhşiliklərin qurbanlarını dərin hüzn və ehtiramla anır. 

“Kaspi” qəzetinin mövzu ilə bağlı məqaləsində deyilir:

Xocalı özü azaddır

Lakin bu il fərqlidir. Çünki artıq Xocalı özü azaddır. Soyqırımı qurbanlarının illərlə haray çəkərək ruhlarının sərgərdan dolaşdığı bu torpaqlar düşmən işğalından təmizlənib. Antiterror tədbirləri nəticəsində separatizm, terror yuvalarının məhv edilməsinə aparan yolda Xocalıda üçrəngli bayrağımızın dalğalanması bəlkə də bu əməliyyatların mənəvi cəhətdən kulminasiya nöqtəsi idi. Çünki Xocalı soyqırımını törədənlər illərlə bunu milli mübarizə ruhumuzun qırılma anı kimi təqdim edirdilər. 

Qisas döyüş meydanında alındı

Amma düşmən yaşlı, qadın, uşaq demədən qətlə yetirdiyi, bəşəri dəyərləri tapdalayaraq insanlıq cinayəti sayılan əməllərə yol verdiyi “Əsrin faciəsi” ilə istəyinə nail ola bilmədi. Əksinə, Xocalı soyqırımı başda olmaqla, qısa müddətdə ardıcıl faciələr yaşayan Azərbaycan xalqı bir olmağı, diri olmağı bacardı. “Qisas qiyamətə qalmaz” şüarı ilə səbirlə, təmkinlə hədəfə doğru addımladı. Nəhayət 2023-cü ilin 19-20 sentyabr tarixlərində müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalı da daxil olmaqla, bütün ərazilərimizdə suverenliyimiz bərpa olundu. Xocalı soyqırımının qisası alındı. Lakin düşməndən fərqli olaraq, bu qisas dinc, müdafiəsiz  əhalidən deyil, döyüş meydanında alındı. 

Xocalı sakinləri öz evlərinə qayıdacaq

Bu il Xocalı soyqırımının qurbanlarını elə Xocalıda anacağıq. 32 ildən sonra Xocalı sakinləri bu il öz doğma el-obalarına qayıdacaqlar. Bu müjdəli xəbəri ilk dəfə Prezident İlham Əliyev 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı xalqa müraciətində verib. Lakin bu dəfə onları nə terror, nə də soyqırımı təhlükəsi gözləyir. Çünki Azərbaycan dövləti, ali rəhbərliyi, Silahlı Qüvvələrimiz illər öncə, xocalılıların yaşadıqları dəhşətlərin yenidən yaşanmasına əsla imkan verməyəcəklər. Səbirlə, təmkinlə çıxdığımız haqq yolunda əldə etdiyimiz tarixi zəfərlər ölkəmizdə separatizmin, terrorun kökünü birdəfəlik qurudub.  

Dünyanı ədalətə dəvət edirik

Doğrudur, Azərbaycan ədaləti özü təmin edib. İşğal faktına son qoyub, illərdir kağız parçası olmaqdan başqa bir işə yaramayan BMT qətnamələrinin müddəalarını öz gücünə yerinə yetirib. Lakin bu, dünyanın Xocalıda baş verənləri, yaşanan dəhşət və vəhşəti gözardı etməyinə əsas vermir. Bu gün erməni kartından istifadə edərək ölkəmizə müxtəlif təzyiqlər etməyə çalışanlar, ermənidən daha çox erməni olanlar öncə Xocalı soyqırımına ədalətli münasibət sərgiləməlidirlər. Xocalı soyqırımının dünyada tanınması Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-dən başlayan “Xocalıya ədalət” beynəlxalq kampaniyası, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsləri, ölkəmizin diplomatik səyləri nəticəsində hazırda onlarla ölkə “Əsrin faciəsi”ni soyqırımı kimi tanıyıb. Çexiya, Bosniya və Herseqovina, Kolumbiya, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Rumıniya, Sudan, Cibuti, Qvatemala və Şotlandiyanın qanunverici orqanları, həmçinin ABŞ-nin bir çox ştatı bu istiqamətdə müvafiq qətnamələr qəbul edib. Avropa İnsan Haqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən edib.

Cinayət cəzasız qalmır  

Bütün bu qeyd olunanlar Ermənistanın o vaxtkı rəhbərliyinin, suveren ərazilərimizdə separatizmin başında duran və Xocalı soyqırımının əmrini verənlərin məsuliyyətə cəlb edilməsi üçün hüquqi baza yaradır. Hazırda xalqımıza qarşı bəşəri və hərbi cinayətlər törətmiş separatçıların rəhbərlərindən bir çoxu həbs edilib. Xocalı soyqırımının iştirakçıları olanların etirafları aparılan istintaq prosesi ilə sənədləşdirilir, aktlaşdırılır. Lakin məsuliyyətdən qaçıb canını qurtaranlar da var. Onların da tezliklə ədalət məhkəməsində törətdikləri dəhşətli cinayətlərə görə cavab verəcəyi gün uzaqda deyil.  

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir