22 sentyabr 2021-ci il tarixində BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun GUAM Xarici İşlər Nazirləri Şurasının 37-ci iclasında iştirak edib.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Gürcüstanın sədrliyi ilə keçirilən iclasda GUAM üzv dövlətlərinin xarici işlər nazirləri sədrlik dövründə təsdiq edilmiş əsas prioritetlər, həmçinin siyasi əlaqələr, GUAM tərəfdaşları ilə əlaqələrin intensivləşdirilməsi, GUAM Parlament Assambleyası çərçivəsində qarşılıqlı fəaliyyətin daha da inkişaf etdirilməsi istiqamətləri üzrə əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında müzakirələr aparıblar.
Nazirlər üzv ölkələrin ərazi bütövlüklərinə olan hörməti bir daha vurğulayıb və GUAM məkanında həll olunmamış münaqişələrin məhz bu prinsip əsasında həllinin vacibliyini qeyd ediblər.
İclasda çıxış edən nazir Ceyhun Bayramov GUAM-ın regional bir təşkilat olaraq dayanıqlı sülhün və inkişafın təmin edilməsi üçün əhəmiyyətli bir platforma olduğunu, əməkdaşlığımızın beynəlxalq hüququn hamılıqla tanınmış qaydalarına və prinsiplərinə, qarşılıqlı etimada və bir birinin maraqlarına hörmətə əsaslandığını qeyd edib.
Çıxışında nazir Ceyhun Bayramov Azərbaycanın azad edilmiş ərazilərində bərpa, yenidənqurma və reinteqrasiya işlərinin sürətlə getdiyini vurğulayıb. Məcburi köçkünlərin ləyaqətli yaşayışı üçün lazım olan siyasi, hüquqi, iqtisadi və sosial şəraitin təmin edilməsinin əsas prioritet olduğunu qeyd edib. O, beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana revanşist yanaşmalardan əl çəkmək üçün təzyiq göstərilməsinin vacib olduğunu söyləyib və bölgədəki bütün ölkələr və onların xalqları üçün firavan bir gələcək qurmaq məqsədilə Ermənistanın üçtərəfli bəyanatların tam şəkildə həyata keçirilməsinin mühüm olduğunu vurğulayıb.
İclasın yekununda GUAM XİNŞ 37-ci iclasının protokolu qəbul edilib.