Qarabağda Vətən Müharibəsi başlayandan sonra ermənipərəst mütəxəssislərin say üstünlüyünə malik olduğu Rusiyanın siyasi tok-şoularında mübahisələr başladı. Onlar müharibənin son gününə qədər adı və açıqlamaları artıq internetdə “mem”ə çevrilmiş Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan üslubunda danışdılar.
Buna baxmayaraq, vəziyyəti obyektiv dəyərləndirməyə çalışan ekspertlər də oldu. Onlardan biri də rusiyalı politoloq və publisist, Şimali və Şərqi Avropa ölkələri üzrə Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri, tarix elmləri namizədi Aleksandr Sıtindir.
Bu gün Aleksandr Sıtin Oxu.Az üçün Vətən müharibəsinin yekunlarını şərh edib.
– Yenidən, o cümlədən sizin də iştirakınızla bir çox tok-şoulara baxdım. Bir daha aparıcıların müharibə bitməmişdən əvvəl, bitdiyi gün və sonrasında dediklərinə heyrətləndim. Onlar sadəcə olaraq Azərbaycanın qələbəsinə inanmaqdan imtina edirdilər. Bir il əvvəl baş verənlərə öz qiymətinizi verin.
– Bir müddət əvvəl Azərbaycanda milli ruhun yüksəlişi və Azərbaycan ordusunun imkanlarına heyran qalmış avropalı analitiklərdən biri ilə danışdım. Onun sözlərinə görə, Avropada da bu gözlənilmirdi. Rusiyada da azərbaycanlıların münaqişəni hərbi yolla həll etməyə hazır olduqları barədə heç bir anlayış yox idi. Bu baxımdan, Azərbaycan mən də daxil olmaqla bir çoxlarını yaxşı mənada təəccübləndirdi.
– Sizcə, keçən ilki müharibənin yekunlarına görə fayda qazanan kim oldu?
– Xarici oyunçulardan danışsaq, əsas faydalananlar bölgədəki mövqelərini gücləndirən Rusiya və Türkiyədir. Bakı və Ankara indi öz ittifaqını möhkəmləndirir, Azərbaycan isə qələbəni döyüş meydanında qazandı.
Yeri gəlmişkən, öz ərazi bütövlüyünü və dövlətçiliyini qoruyub saxlayan Ermənistan da fayda götürdü. Ancaq ola bilərdi ki, erməni dövlətçiliyi qorunub saxlanılsın, ancaq xeyli məhdudlaşdırılmış formada. Üstəlik, gözləntilərimin əksinə olaraq Nikol Paşinyan öz hakimiyyətini qoruyub saxladı.
İndi daha bir məqama diqqət edirəm ki, görünür, İran Türkiyənin əksinə gedərək Ermənistanla əlaqələrini daha da gücləndirir.
Əsas benefitsiarların (fayda götürən) məruz qaldığı itkilər haqqında da danışmaq istərdim. Rusiya Moskva-Ankara-Tehran “ittifaq üçbucağı” arzusu ilə həmişəlik vidalaşa bilər. Belə bir şey olmayacaq. İndi İranın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olması barədə çox danışılır. Amma bu İran-Çin münasibətləri ilə bağlı fərqli bir məqamdır.
– Regionda nəqliyyat kommunikasiyalarının açılması barədə nə düşünürsünüz? Bu üçtərəfli bəyanatın bəndlərindən biridir, bütün tərəflər hazırdır, Ermənistandan isə ziddiyyətli bəyanatlar səsləndirilir…
– Ermənistan tərəfinin kommunikasiyaların açılmasına razılıq verməsinə Kremldən İrəvana bir zəng kifayətdir.
Nair Əliyev