Georgi Mçedlişvili: “XXI əsrin Azərbaycan ordusu XX əsrin Ermənistan ordusu ilə vuruşdu” – TBİLİSİDƏN MÜSAHİBƏ

Siyasət

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında sentyabrın 29-na planlaşdırılan görüş bütün dünyada mütəxəssislərin və medianın diqqətini çəkib. Müzakirə üçün təyin olunan mövzular arasında ikitərəfli münasibətlər, Əfqanıstan, Suriya və digər regional münaqişələr var.

Şübhəsiz ki, Qafqazdakı hadisələr barədə də danışılacaq. Oxu.Az bu mövzuda Avropa Universitetinin (Gürcüstan) dosenti, Gürcüstan Xarici İşlər Nazirliyinin siyasi şöbəsinin keçmiş müşaviri və Bosfor Universitetində (İstanbul) keçmiş mühazirəçi Georgi Mçedlişvili ilə söhbətləşib.

– Türkiyə və Rusiya liderləri hansı “Qafqaz problemlərini” müzakirə edə bilərlər?

– Son illərdə Rusiya ilə Türkiyə arasında, belə desək, maraqlı münasibətlər yaranıb. Bəzi hallarda buna “iplə dartınma”, digərlərində isə “ehtiyatlı əməkdaşlıq” deyilə bilər. Abxaziyada və digər bölgələrdə Türkiyə ilə Rusiya əbədi rəqibdir. Amma Türkiyə Cənubi Qafqazın tam hüquqlu formalaşmasında maraqlıdır ki, bu da nəqliyyat dəhlizlərinin açılmasını nəzərdə tutur. Və ən əsası, Ankara burada sülh və sabitlik istəyir.

Türkiyənin Aralıq dənizi, Rusiya, Liviya, hətta Mərkəzi Asiya kimi bir çox xarici çağırışları və ağrı nöqtələri var. Yaxınlıqda “təhlükəli Qafqaz”ın olması Türkiyə üçün sərfəli deyil. Amma Rusiya üçün bunun əksidir. Moskva Cənubi Qafqazı öz nəzarətində saxlamaq istəyir. İndi Kreml üçün əsas şey bölgəni partlayışa hazır vəziyyətdə saxlamaqdır. Rusiya üçün Ermənistan və Azərbaycan arasında münasibətlərdə münaqişəni qızışdırmaq vacibdir (belə ki, azı həmişə közərsin), Bakı ilə İrəvan isə vasitəçi və ya hakim kimi Moskvadan nəsə alsın.

Təəssüf ki, nəzəri olaraq sülh içində və proqnozlaşdırıla bilən Cənubi Qafqazda maraqlı olan kollektiv Qərbin ciddi təsiri yoxdur. Konkret Amerika Birləşmiş Ştatları haqqında danışsaq, onlar regionumuzdan geri çəkilərək diqqətini Çinə toplayıb.

Türkiyə var, hansı ki bir NATO üzvü kimi deyil, müstəqil dövlət, beynəlxalq aktyor olaraq, Rusiyanın bölgədəki inhisarçılığına müdaxilə edən yeganə ölkədir. Moskvanın bir siyasəti var – “parçala və hökm sür”. Ankara hətta Ermənistanla münasibətləri yaxşılaşdırmağa çalışır, indi bu prosesin əvvəlkindən daha çox şansı var.

– Türkiyə-Gürcüstan münasibətlərindən danışaq. Bu yaxınlarda məlum oldu ki, Türkiyənin “ENKA Renewables” şirkəti, Namaxvani Su Elektrik Stansiyasının inşası üçün Gürcüstanla təxminən 800 milyon dollarlıq müqaviləni ləğv etmək məcburiyyətində qalıb. Bu, əhalinin və qeyri-hökumət təşkilatlarının uzun etirazlarından sonra baş verdi. Bu Tbilisi ilə Ankara arasındakı münasibətlərə hər hansı bir şəkildə təsir edəcəkmi?

– Aydındır ki, bu böyük bir layihədir, amma çox layihədən yalnız biridir. Bundan imtina Türkiyə ilə Gürcüstan arasındakı münasibətlərə çox təsir edə bilməz. Bu heç bir şəkildə ölkəmizin ümumi strateji maraqlarına təsir etməyəcək. Bəli, hadisə xoşagəlməzdir. Ancaq Türkiyə və Gürcüstan bunun niyə baş verdiyini, müqavilənin hansı şərtlərinin Gürcüstan cəmiyyətinin bir hissəsi üçün qəbuledilməz olduğunu ortaya çıxarmalıdır. Ancaq sinoptiklərin dediyi kimi, “hava dəyişkən buludlu olsa da, göy gurultusu yoxdur”. Ölkələrimiz müdriklik göstərməli və bu mərhələni keçməlidir.

– Ölkələrimizin uzun müddətdir əməkdaşlıq etdiyini düşünsək, Cənubi Qafqazdakı hərbi-siyasi ittifaq – Azərbaycan, Gürcüstan və Türkiyə “üçlüyü” haqqında nə düşünürsünüz?

– Birgə təlimlər olsa da, hərbi komponent haqqında danışmaq tezdir. Gürcüstan ordusunun vəziyyətini optimal adlandırmaq olmaz, Rusiyanı qıcıqlandırmamaq üçün ehtiyat tədbiri də var. Ancaq düşünürəm ki, perspektivdə hər şey mümkündür. Gürcüstan NATO-ya inteqrasiya məqsədi qoyub, bu səbəbdən Türkiyə ilə hərbi-siyasi sahədə əlaqələrin dərinləşdirilməsi vacibdir.

Bir il əvvəl Türkiyə ilə hərbi sahədə tamhüquqlu əməkdaşlığın Azərbaycana nə dividendlər gətirdiyini gördük. XXI əsrin Azərbaycan ordusu XX əsrin erməni ordusu ilə vuruşdu.

Nair Əliyev

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir