Pensilvaniya senatoru Con Fetterman rüşvət qalmaqalında çoxsaylı ittihamlara baxmayaraq, Bob Menendesin hələ də Senatda qalmasına icazə verilməsinə görə demokrat həmkarlarını sərt tənqid edib.
Bu barədə “Fox News” kanalı xəbər verir.
Bob Menendes və onun həyat yoldaşı Nadin Arslanyan nüfuzlarından Misir və Qətər hökumətlərinin xeyrinə istifadə etmək müqabilində yüzminlərlə dollar, o cümlədən nağd pul, qızıl və “Mercedes-Benz” avtomobilini rüşvət almaqda ittiham olunurlar. Dünən Menendes Manhetten Federal Məhkəməsində rüşvətxorluq və ədalət mühakiməsinə mane olmaq ittihamlarını boynuna almayıb.
Ötən həftə Fetterman CNN-ə müsahibəsində demokratların Menendesi hələ də Senatdan qovmamalarından şikayətlənib.
“Həmkarlarımın onu Senatda saxlamaq istədikləri aydın idi, indi isə, təxminən iki ay sonra, bütün bunları həll edəcək bir məhkəmə olacaq”, – deyə o bildirib.
Menendesin bu orqanda işləməsinə icazə verilməsi faktının nə demək olduğu ilə bağlı suala isə Fetterman belə cavab verib:
“Mən bunun nə demək olduğunu bilmirəm, bircə məsələdən başqa: Senatda əclafın olması onları qane edir”.
Fetterman əvvəllər də Menendesi “əclaf” adlandırıb:
“Mən bilmirəm, niyə kimsə bu əclafla görüşməyə razı olsun. O getməlidir. Biz onu qovmalı idik. Niyə hələ də bunu etmədiyimizi bilmirəm və ümid edirəm ki, onu sonda qovacağıq”.
www.RIA24.az