“Azərbaycanla Gürcüstan arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq çox vacibdir” – RƏY + FOTO

Siyasət

“Azərbaycanla Gürcüstan arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq ölkəmiz üçün çox vacibdir. Çünki regionun sabitliyi məhz əməkdaşlıqdan, dostluq əlaqələrindən asılıdır”.

Bu sözləri Gürcüstan Strateji Planlaşdırma Mərkəzinin rəhbəri, politoloq Levan Mamaladze “Report”a Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun Gürcüstana səfərini şərh edərkən deyib.

“Ölkələrimiz geosiyasi və geoiqtisadi potensialından lazımi şəkildə istifadə edib, regionu daha da inkişaf etdirməlidir. Böyük dövlətlər Cənubi Qafqazda yeni münaqişə ocaqları yaratmaq istəyirlər, Ermənistana sülh müqaviləsini bağlamamaq üçün təzyiqlər göstərirlər. Amma onlar anlamalıdır ki, Qarabağ məsələsi birdəfəlik öz həllini tapıb”, – deyə politoloq bildirib.

Hərbi məsələlər üzrə ekspert Vaxtanq Maysaya isə deyir ki, Ramil Usubovun səfəri ölkələr arasında möhkəm strateji tərəfdaşlıq və regional layihələrə Azərbaycan tərəfdən böyük dəstək verilməsini bir daha sübut edir:

“Orta Dəhlizin açar nöqtələrindən biri olan “Anakliya” dərin özüllü dəniz limanının tikintisi məsələsi müzakirə mövzularındandır. Burada Gürcüstan qədər Azərbaycan da çox maraqlıdır. Ona görə də limanın tikintisində Azərbaycanın da iştirakı məqsədəuyğundur”.

Qafqaz məsələləri üzrə ekspert, politoloq Simon Kopadzenin fikrincə, regionun inkişafında Azərbaycan və Gürcüstan qədər heç kim maraqlı deyil:

“Ölkələrimiz bir çox layihələr icra edirlər və burada təhlükəsizlik məsələsi başlıca məqsəddir. Çünki yalnız regionun təhlükəsizliyi inkişafa apara bilər”.

Qeyd edək ki, martın 12-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov Gürcüstanda rəsmi səfərdə olub. Səfər zamanı o, Gürcüstanın Baş naziri, müdafiə və daxili işlər nazirləri ilə görüşüb.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir