İqor İqnatçenko: “Makron Fransa üçün, heç olmasa, kiçik bir qələbə qazanmağa çalışır” – MÜSAHİBƏ

Siyasət

Fransa Prezidenti Emmanuel Makronun son zamanlar səsləndirdiyi ziddiyyətli bəyanatları və aqressiv ritorikası beynəlxalq arenada gərginliyin dərəcəsini artırıb. Təsadüfi deyil ki, əksər Qərb ölkələri Fransa rəhbərinin bəyanatlarını tələsik inkar etməyə başlayıblar. Onun çıxışları Fransa siyasətçiləri tərəfindən də sərt tənqid edilib.

Rusiyalı politoloq, fransaşünas, tarix elmləri namizədi, Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyası İctimai Elmlər İnstitutunun dosenti İqor İqnatçenko Oxu.Az-a müsahibəsində Emmanuel Makronun bəyanatlarını şərh edib:

– Makronun siyasi fəaliyyətini təhlil edərkən hazırkı prezidentlik müddətinin onun üçün sonuncu olmasından çıxış etməliyik. Ona görə də özünü məhdudlaşdırmadan və şəxsən özü üçün mümkün nəticələrə fikir vermədən istədiyini deyə bilər. Bundan əlavə, Makronu indi bir taran qismində qəbul etmək olar – onun köməyi ilə müəyyən fikirlər informasiya sahəsinə atılır. Başlanğıcda bu ideyalar radikal görünə bilər, lakin sonra beynəlxalq siyasi isteblişmentin hansısa bir hissəsi tərəfindən mənimsənilir və bundan sonra həmin fikirlər Avropa siyasətçilərinin gündəlik diskursuna daxil olur.

Daha bir məqam var. Deyə bilərik ki, Makron öz mövqeyini tapmaq üçün vurnuxur. Bir müddət əvvəl o, Rusiya-Ukrayna böhranı üzrə baş vasitəçi olmaq üçün uğursuz cəhd etdi. İndi Fransa prezidenti özünü vahid Avropanın lideri kimi sübut edə biləcəyi yeni platforma axtarır. Buna görə də o, Rusiyaya qarşı mümkün qədər aqressiv olan avropalıları ardınca aparmağa çalışmaqla tez müddətdə Avropa İttifaqının (Aİ) baş “şahini”nə çevrildi.

Bundan başqa, Makron özü ilə I Napoleon (19-cu əsrin əvvəllərində fransızların imperatoru – red.) arasında paralellər aparır. Emmanuel Makron üçün prezidentlik onun Fransa tarixindəki siyasi mirasıdır. O özü üçün qeyri-mümkün olan növbəti prezidentlik müddəti barədə fikirləşmir. Makron yalnız fransızların onu necə xatırlayacaqlarını düşünür, bu onun psixoloji xüsusiyyətləri ilə bağlı ola bilər. Amma Fransa prezidenti birinci kadensiyada (vəzifəli şəxsin və ya orqanın səlahiyyət müddəti – red.) və ikinci müddətin bir hissəsində xüsusi uğur əldə etməyib. Ona görə də o, hər yerdə zəfər axtarır, beynəlxalq arenada Fransa üçün az da olsa qələbə qazanmağa çalışır. Ola bilsin ki, o, şansını qarşıdurmanı gücləndirməkdə görür.

Makronun bəyanatları kontekstində bu ilin iyununda keçiriləcək Avropa Parlamentinə seçkini də unutmaq olmaz. Fransa prezidentini dəstəkləyən siyasi qüvvələrin mövqeləri xeyli zəifləyib, lakin sağ blok, o cümlədən Marin Le Pen kimi siyasətçi güclənib. Beləliklə, Fransa lideri Avropa Parlamentinə seçki öncəsi siyasi rəqiblərini zəiflətmək üçün hər kəsi milli bayraq ətrafında birləşdirməyə çalışır.

– Makron özü bəyanatlarının bütün dünyanı üçüncü dünya müharibəsinin kandarına gətirə biləcəyindən narahat deyilmi? Yeri gəlmişkən, Fransanın aparıcı siyasətçiləri Emmanuel Makronu dünyada vəziyyətin gərginləşməsinə səbəb olan bəyanatlarına görə qınayıblar.

– Artıq dediyim kimi, Makrona yeni müddətə yenidən seçilmək lazım deyil. O, artıq Rusiyaya qarşı ən aqressiv ritorikadan istifadə etməyə çalışıb. Makron artıq prezidentlik müddəti bitənə qədər bu mövqedən uzaqlaşa bilməyəcək. Çox güman ki, növbəti bəyanatlar daha sərt olacaq.

– Afrikadakı vəziyyət Fransa üçün pisləşməkdə davam edir. Bəlkə də, buna görə Makron Parisin hərbi missiya açacağı Moldovanı, Cənubi Qafqazı (Ermənistana silah tədarükü, fransızların təhriki ilə Avropa Parlamentinin və AŞPA-nın Azərbaycan əleyhinə qətnamələri və s.), Ukraynanı əlinə alıb?

– Fransanın Afrikadakı mövqeyi, həqiqətən də, həmişəkindən daha zəifdir. Fransızlar orada Çin və Rusiyanın aktiv fəaliyyətləri ilə üzləşirlər. Aydındır ki, Makron Rusiyanın Parisi Fransanın “köklü maraqları” zonasında sıxışdırmasına görə Moskvadan çox incimişdi. Əvvəlcə Fransanın strategiyası belə idi ki, Afrika ölkələrinin hökumətləri ilə müəyyən gərginlik olsa belə, rəqabətin olmaması fransızlara münasibətləri yenidən qurmaq imkanı verəcək. Lakin məlum oldu ki, Afrika dövlətləri çox tez Çin və Rusiyaya istiqamətlənə bilirlər. Halbuki, fransızlar bu nəhəng regionda bölünməz monopoliyaya öyrəşiblər. Nəticədə Makron ölkəsinin  tarixinə Afrikanı Fransa üçün itirən prezident kimi düşür.

Buna görə də Emmanuel Makron digər platformalarda uduzduqlarını geri qaytarmağa çalışır. Onu küsdürən əsas rəqib isə Rusiyadır. Buna uyğun olaraq Paris Ermənistana “stavka” qoyaraq, Rusiyanı Cənubi Qafqazdan sıxışdırmağa cəhd etmək qərarına gəldi. Eyni şey fransızların aktivləşdiyi digər ölkələrə və bölgələrə də aiddir. Bütün bunlar siyasi strategiyanın və qisas almaq cəhdinin tərkib hissəsidir. Burada şəxsi inciklik mövzusu olduqca aydın görünür.

– Bəs Fransanın Moldova, Ermənistan və digər ölkələrdə mövqelərinin nəzəri güclənməsi Afrikanın itkisini kompensasiya edə bilərmi?

– Fransa üçün Afrika itkisini heç nə kompensasiya edə bilməz. Bu, sadəcə olaraq, heç olmasa, nəyisə geri qaytarmaq cəhdidir.

Yeri gəlmişkən, hesab edirəm ki, Makronun son eskalasiyasını Ermənistanla bağlı dəyərləndirməyə dəyər. Paris Ukrayna trekindən nümunə götürərək İrəvana göstərə bilər ki, ona etibar etmək olar, etibarlı müttəfiq hesab olunur, hətta tərəfdaşlarını qorumaq üçün güc tətbiq edə bilər. Ermənistan Rusiya və Fransa arasında seçimdə tərəddüdə davam edir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxandan sonra Fransa Ermənistanın əsas kuratoru olacaq. Buna görə də Makrona “özününküləri atmadığını” göstərməsi vacibdir.

Nair Əliyev

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir