Hafiz Hacıyev: “Bu təlimlər Azərbaycan-Türkiyə qardaşlığının daha da möhkəmlənməsi, güclənməsi demkdir” Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə iyulun 29-dan avqustun 10-dək keçiriləcək birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərində iştirak edəcək. Hər iki ölkə arasındakı hərbi əməkdaşlığı yüksək dəyərləndirən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Türkiyə və Azərbaycan ordularının növbəti hərbi təlimlərinin başlaması bir daha qardaş Türkiyənin hər zaman Azərbaycanın yanında olacağına bir mesaj olduğunu bildirib:
“Türkiyənin Azərbaycana olan qayğısı diqqət mərkəzindədir və istər xarici, istərsə də daxili düşmənlərimiz bundan çox narahat olmağa başlayıblar. Tovuz döyüşlərindən sonra Türkiyənin qətiyyətli mövqeyindən qorxuya düşən ermənilərin bu təlimlərə necə reaksiya vermələri, Ermənistan KİV-lərinin və ekspertlərinin bu gün başlayan hərbi təlimləri fərqli mövqedən şərh etməyə çalışmaları və xüsusən də Tovuz hadisələri fonunda bunu özlərinə qarşı təhdid adlandırmaları bizi əsla narahat etməməlidir”.
Azərbaycan-Türk qardaşlığı ilə fəxr etdiyini vurğulayan MMP sədrinin fikrincə, Azərbaycan-Türkiyə konfederasiyası, birliyi də yaradılsaydı, Türk dövlətlərinin birliyinin inkişafına böyük töhvə vermiş olardı:
“Türkiyə bir türk, bir müsəlman dövləti olaraq regonun və mən deyərdim ki, bütün dünyanın ən inkişaf etmiş qüdrətli dövlətidir. Qardaş Türkiyə inkişaf etdikcə, öz gücünü, həmrəyliyini türk bərabərliyini, müsəlman humanistliyini bütün türk dövlətləri arasında bərabər şəkildə paylayır. Biz bunu son illərdə Türkiyənin orta doğuda apardığı hərbi, humanitar siyasətində müşahidə edirik”.
Türkiyə-Azərbaycan dostluğunun dərin tarixi köklərindən söz edən H.Hacıyev vurğulayıb ki, tarixin müəyyən kəsimlərində Azərbaycanın qardaş Türkiyənin yanında olduğunu və ona öz dəstəyini göstərdiyini hər kəs bilir:
“Eləcə də Türkiyə dövləti Azərbaycanın çətin zamanlarda həmişə yanında olub, öz dəstəyini verib və bu gün də verməkdədir. Heç uzağa getməyək, son Tovuz hadisələrindən sonra Rəcəb Tayyib Ərdoğanın açıq şəkildə erməni terrorçularına qarşı barmaq silkələməsi və “biz hər zaman Azərbaycanın yanındayıq” deməsi düşmənlərimizə böyük bir mesaj idi. Qardaş Türkiyədən də bu gözlənilirdi”.
H.Hacıyev bildirib ki, belə bir çətin zamanlarda Azərbaycanda birgə hərbi təlimlərə başlanması Azərbaycan-Türkiyə dövlətlərinin hərbi təcrübə mübadiləsi baxımından çox əhəmiyətlidir:
“Biz bilirik ki, bu təlimlər ənənəvi hərbi təlimlərdir. Lakin heç şübhəsiz ki, sözügedən təlimlər məkrli düşmənlərimizim, regionda marağı olan və Türkiyəni regiondan sıxışdırmağa çalışan dövətlərin ürəyincə olmayacaq. Çünki müşahidə etdiyimiz bu strateji əməkdaşlıq forması əslində türk birliyinin, Azərbaycan-Türkiyə qardaşlığının daha da möhkəmlənməsi, güclənməsi demkdir. Əlbətdə ki, xarici və daxili düşmənlərimiz bizdən qorxmalıdır”.
H.Hacıyev bir siyasi partiya sədri olaraq bu təlimləri dəstəklədiyini və torpaqları işğal altında olan bir vətəndaş kimi bu birliyin nəticəsi olaraq torpaqlarımızan işğaldan azad olunmasını gözlədiyini vurğulayıb:
“Türk Cümhuriyyətinə MMP və şəxsən öz adımdan həmrəyliyimizi, dəstəyimizi və sevgimizi bildiririk. Eşq olsun Türkiyə-Azərbaycan qardaşlığı və bərabərliyinə!”