Deputatdan AÇIQLAMA: “Serjik Sarkisyan çilingər işləyərkən agent kimi ələ alınıb”

Siyasət

“Prezident İlham Əliyevin işğaldan azad edilmiş Suqovuşan qəsəbəsinə və Talış kəndinə səfəri çox mühüm hadisədir. Dövlət başçısı həmin ərazilərdə gedən quruculuq işləri ilə tanış oldu, infrastruktur layihələrinin açılışını etdi”.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev deyib.

O bildirib ki, İkinci Qarabağ müharibəsində Ermənistan ən çox Tərtər rayonunu atəşə tutub.

Millət vəkili xatırladıb ki, Prezident İlham Əliyev Tərtərdə dağılmış, zərər görmüş evlərin bərpası və təmiri, zərər görən sakinlərə kompensasiya verilməsi ilə bağlı sərəncam imzalayıb.

S.Alıyev Suqovuşan su anbarında iki yeni elektrik stansiyasının açılışını qeyd edib, Suqovuşana və Talışa gedən yolların açılışının əhəmiyyətinə toxunub.

“Bu yollar turizm və strateji baxımından əhəmiyyətli yollardır. Digər strateji əhəmiyyətli yol isə Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yoludur. Bu yollar bölgədə turizm potensialının artırılmasında və yeni iş yerlərinin açılmasında böyük rol oynayacaq”, – deyə S.Alıyev əlavə edib.

Prezident İlham Əliyev Suqovuşan qəsəbəsində Azərbaycan bayrağının ucaldılma mərasimində Ermənistanın keçmiş rəhbəri Serjik Sarkisyanın iddialarına cavab verib.

S.Alıyev İlham Əliyevin Sarkisyan haqqında dediklərinə diqqət çəkərək bildirib: “Serjik Sarkisyan yenə özünəxas həyasızlıqla uydurmalara əl ataraq və sərhədləri aşaraq Azərbaycan Prezidenti ilə bağlı sərsəm açıqlamalar verib. İlham Əliyev isə faktlara dayanaraq Sarkisyanın kim olduğunu açıb ortaya qoydu. Dövlətimizin başçısı Serj Sarkisyanın xəyanətkarlığını ifşa etdi”.

Deputat Serjik Sarkisyanın digər əməllərinə də vurğu edib:

“ABŞ-da bir erməni milyonçu var idi, Ermənistana yardım edirdi. Sonradan o, yardımı dayandırdı, çünki həmin yardımı Serjikin qardaşı Saşa Sarkisyan mənimsəmişdi, Los Ancelesdə kazino açmaq istəyirdi. Bu işdə qardaşı Serjiklə əlbir idi, görün bunlar nə qədər yaramaz işlərlə məşğul olub. Serjik çilingər işləyərkən agent kimi fəaliyyətə cəlb edilmiş tipdir. Amma Aprel döyüşlərindən sonra Serjik Sarkisyan Avropaya gedərək orada Rusiyadan şikayət edirdi. Xüsusilə Almaniya kansleri Angela Merkelə bu şikayətlərini çatdırırdı. Bu adamın bütün mayası xəyanətdən yoğrulub. Təmsil etdiyi toplumun ən pis keyfiyyətlərini özündə birləşdirən yalançı, xain, xəbis, yaramaz bir xarakterə sahibdir”.

S.Alıyev qeyd edib ki, sarkisyanlar, koçaryanlar və əli azərbaycanlıların qanına batan erməni quldurlar bir gün tutularaq Azərbaycana gətiriləcək və məhkəmə qarşısına çıxarılacaqlar.

“Prezident qeyd etdi ki, Sarkisyan müharibə zamanı tutulub Bakıya gətiriləcəkdi, amma bundan xəbər tutduğundan Xənkəndidən qaçmışdı”, – deyə S.Alıyev əlavə edib.

Aqşin Kərimov

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir