Bakıda müxtəlif sahələrin tarixini özündə əks etdirən maraqlı muzeylər mövcuddur. Amma bu muzeyin varlığı, məncə, bir çoxlarını təəccübləndirə bilər. Çünki orada qorunan əşyalar kimi, elə adı da maraqlıdır. Söhbət Tur Heyerdal Coğrafi Kəşflər Muzeyindən gedir.
Muzeydə dünyaca tanınmış norveçli səyyah, etnoqraf və alim-antropoloq Tur Heyerdala aid əşyalar, eləcə də onun özü tərəfindən təqdim olunmuş xatirə hədiyyələr, kitablar, fotolar sərgilənir.
Oxu.Az-ın əməkdaşları Tur Heyerdal Coğrafi Kəşflər Muzeyini ziyarət ediblər.
Muzey 2014-cü ildə yaradılıb. Rəsmi açılışı səyyahın 100 illiyinə həsr olunmuş film festivalı çərçivəsində baş tutub. Muzeyin yaradılmasında “Azerbaijan International Magazine” jurnalının redaktoru Betti Bleyerin böyük köməyi olub.
Məşhur səyyahın həyat və fəaliyyətinin bir qismi Azərbaycanla bağlıdır. 1981-ci ilin avqustunda Tur Heyerdal ilk dəfə Bakıya gəlib. Onu əsas maraqlandıran Qobustandakı qayıq təsvirləri idi. Alim “tiqris”lərin (qayıqlarının – red.) hazırlandığı material, eləcə də təsvirlərdəki Günəş simvolu barədə yerli həmkarları ilə fikir mübadiləsi apardıqdan sonra belə qənaətə gəlib ki, Qobustan gəmilərinin e.ə. VII-VI minilliklərə aid edilməsi barədə məlumatlar həqiqətə uyğundur.
1994-cü və 2000-ci illərdə də Bakıya gələn Heyerdal hər dəfə Xəzər dənizinin vikinq sivilizasiyasının beşiyi olması nəzəriyyəsinin yeni sübutlarını tapdığını bildirib. 2000-ci ilin sentyabrında Heyerdal Şəkinin Kiş kəndindəki kilsənin ərazisində aparılan arxeoloji qazıntılara da baş çəkib. Səyyahın ölümündən sonra Kiş kəndində onun büstü qoyulub.
Muzeydə alimin sənədli filmləri, qəzet və jurnal məqalələri, ekspedisiyaları haqqında kitablar, bəziləri onun özü tərəfindən yazılmış xatirələr, açıqcalar, möhtəşəm səyahətlərindən şəkillər, eləcə də Azərbaycana səfərləri zamanı çəkilmiş fotoların daxil olduğu arxiv materialları saxlanılır.
Tur Heyerdalın fəxri professoru olduğu, muzeyinin yaradıldığı Qərbi Kaspi Universitetinin İngilis dili və tərcümə kafedrasının müdiri Tahirə Əliyeva bəzi əşyaları buraya səyyahın həyat yoldaşının göndərdiyini deyir:
“Muzeyin təsisçisi professor Hüseyn Bağırovdur. Tur Heyerdalla şəxsən tanışlıqları olub, dostluq ediblər. Bir çox əşyaları, kitabları muzeyə Tur Heyerdalın özü bağışlayıb, bir qismini isə onun vəfatından sonra həyat yoldaşı göndərib. Əşyalar arasında xəritələr üstünlük təşkil edir. Materialların bəzilərində Sakit okeandakı Pasxa adasına səyahətləri təsvir edilir. Hamısı çox maraqlıdır.
Əvvəllər tərcümə kafedrasının tələbələrini təcrübəçi kimi bu muzeyə gətirirdim. Bir qədər sonra anladım ki, mənim özümə də bu maraqlıdır. Başladım Heyerdalın əsərləri ilə daha yaxından tanış olmağa. Özüm də uzun müddət başqa ölkədə yaşamışam deyə onun Azərbaycana qarşı münasibəti mənə çox xoş gəldi”.
Tahirə xanım bizə Heyerdalın “Kon-Tiki” ekspedisiyası zamanı balza ağacından düzəldilmiş sal qayığının prototipini göstərir. 101 günlük ekspedisiyanın “əsas qəhrəmanı” olan orijinal “Kon-Tiki” qayığının bir parçasını Tur Heyerdalın həyat yoldaşı Jaklin xanım muzeyə hədiyyə edib.
Burada, həmçinin, “Ra” ekspedisiyası zamanı istifadə olunmuş qamış qayığın, Qalapaqos adalarındakı balıq növünün maketləri, Pasxa adasında əldə edilmiş suvenir də saxlanılır.
Eksponatlar barədə muzeyin könüllü işçiləri (tələbələr) məlumat verirlər. Nəzrin Həsənova səyyahın ən böyük arzusunun Naxçıvana ziyarət etmək olduğunu vurğulayır:
“Heyerdal ilk dəfə Bakıya gələndə ümummilli lider Heydər Əliyevlə görüşüb. Professor Həsən Əliyev ilə Bakını gəzib, kəşf edib. Qobustana baş çəkəndən sonra Norveçlə, vikinqlərlə Xəzər sahilinin sakinləri arasında dərin bağlar olduğu qənaətinə gəlib və bunu araşdırmağı qarşısına məqsəd qoyub. O, Şəkiyə, Dəvəçiyə də səfər edib, tədqiqatlar aparıb. Heyerdalın ən böyük arzusu Naxçıvana gedib, oradakı qayaüstü rəsmləri kəşf etmək idi. Ancaq ömrü vəfa etmədi”.
Muzeyin daha bir könüllü işçisi Mehriban Rəcəbli Tur Heyerdalın layiq görüldüyü mükafatlar, onun 100 illik yubileyinə həsr olunmuş məktub markaları, Azərbaycandakı araşdırmalarını əks etdirən Qobustan markaları barədə məlumat verir, apardığı tədqiqatlardan danışır:
“Heyerdal səyahət etdiyi adalarda çoxlu kəşflər etmişdi. Onun Qobustana aid araşdırmaları xüsusi diqqət çəkir. Məsələn, Qobustandakı qayaüstü rəsmlərdə Günəş təsviri gəminin burnundadır. Misirlilər isə Günəşi ortada, dar ağacının üzərində təsvir edirdilər.
Eləcə də Qobustandakı təsvirlərin e.ə. 7-6-cı minilliklərə aid olması ilə bağlı şübhələri var idi. Ancaq buradakı araşdırmalar onun şübhələrini aradan qaldırdı. O, Qobustanı Azərbaycanın ən qədim ərazisi, Azərbaycanı açıq səma altında muzey adlandırırdı”.
Bələdçimiz son olaraq xatırladır ki, Tur Heyerdal 2002-ci ildə, 87 yaşında İtaliyadakı malikanəsində beyin şişindən dünyasını dəyişib. Vətənində hələ sağlığında ikən ona abidə ucaldılıb, evində isə muzey açılıb. 2011-ci ildə böyük səyyahın adını daşıyan müasir freqat – “Thor Heyerdahl” – Norveç Hərbi Dəniz Qüvvələrinin sərəncamına verilib.
Daha çox foto burada: PhotoStock.az
Nəzrin Vahid
www.RIA24.az