“İranın regiondakı əsas narahatlığı Azərbaycanın öz torpaqlarını işğalçıdan təmizləməsi və Azərbaycanın müstəqil olaraq müttəfiq saydığı ölkələrlə əməkdaşlığı genişləndirməsidir”.
Bunu Oxu.Az-a açıqlamasında ekspert Sədrəddin Soltan Azərbaycan-İran arasında yaşanan gərginliyin səbəblərindən danışarkən deyib.
O bildirib ki, İran perspektivdə Azərbaycanla Ermənistan arasında birbaşa təmasların yaranmasından da narahatdır.
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın proseslər fonunda Moskvaya səfəri də diqqət çəkir.
S.Soltanın sözlərinə görə, regionda yaranmış vəziyyət, habelə Vyanadakı nüvə danışıqları İranı vadar edir ki, müttəfiqi saydığı Rusiya ilə məsləhətləşsin.
“Rusiya xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub. Həmin danışıqda İranın nüvə proqramı ilə bağlı yaranmış vəziyyət müzakirə edilib. Çünki Vyana danışıqları yekunlaşmaq mərhələsində idi, lakin sonradan bəlli oldu ki, İran atom-nüvə sahəsində şəffaflığı təmin etməyib, hətta nüvə silahının yaradılmasının bir addımlığında olduğu elan edilib. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik isə bəyan edib ki, İran onların ekspertlərini nüvə obyektlərinə buraxmır”, – deyə S.Soltan əlavə edib.
Ekspertin fikrincə, Rusiya Cənubi Qafqazda çox aktivdir və onun dəstəkçisi İrandır.
“İranın regionda yaratdığı gərginliyin arxasında Rusiyanın dayandığı ehtimalı da az deyil. Ona görə düşünürəm ki, İranın XİN başçısı rusiyalı həmkarı Sergey Lavrovla Cənubi Qafqazda atılacaq perspektiv addımları müzakirə edəcəklər”, – deyən S.Soltan bildirib ki, bundan sonra İranın Azərbaycana qarşı tutduğu mövqedə yumşalma baş verə bilər.
O söyləyib ki, regionda artan gərginlik Rusiyanın da maraqlarına sərf etmir. Ekspert bildirib ki, Abdullahian Moskvadan qayıtdıqdan sonra Azərbaycana münasibətdə müzakirə olunan məsələlərin nədən ibarət olacağı görünəcək:
“Əgər Rusiya İrana məsləhət versə ki, vəziyyətin gərginləşməsi kifayətdir və temp aşağı düşsün, bu zaman Tehran bu addımı atacaq. Çünki İranın arxasında dayanan Rusiyadır və Tehran tez-tez Moskva ilə məsləhətləşmələr aparılır.
Hesab edirəm ki, İranın Azərbaycanla sərhəddə keçirdiyi təlimlərin arxasında Rusiya dayanırdı və bununla Azərbaycanın müttəfiqlərinə ismarış göndərilirdi. Bir sözlə, Abdullahian növbəti addımlar üçün Moskvadan məsləhətlər almağa gedib”, – deyə S.Soltan fikrini yekunlaşdırıb.
Aqşin Kərimov