Gürcüstanın əsas müxalifət partiyası olan “Vahid Milli Hərəkat” (VMH) yeni etiraz aksiyaları barədə xəbərdarlıq ediblər. Onların əsas tələbi Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin azad edilməsidir. Bu barədə VMH-nin nümayəndəsi, millət vəkili Levan Xabeişvili deyib. Öz növbəsində, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hesab edir ki, həbsdən sonra M.Saakaşvilinin həm psixoloji, həm də psixi vəziyyəti köklü şəkildə dəyişib. VMH da liderinin vəziyyətindən narahatdır.
Xatırladaq ki, Mixail Saakaşvili oktyabrın 1-də Gürcüstanda saxlanılıb. O, oktyabrın 2-də keçirilən yerli seçkilərdə tərəfdarlarına və yaratdığı Vahid Milli Hərəkata dəstək olmaq üçün ölkəyə yollanmışdı. Nəticədə hakim “Gürcü Arzusu” (GA) 46,69%, “Vahid Milli Hərəkat” isə 30,7% səs əldə etdi. Eyni zamanda, oktyabrın 30-da Gürcüstanın 20 şəhərində seçkilərin ikinci turu keçiriləcək. Müxalifət bu nəticələri yaxşı hesab edir.
Ancaq “Gürcü Arzusu” da nəticələrdən razıdır.
Seçkilərin nəticələri və Mixail Saakaşvilinin saxlanılması ilə bağlı Oxu.Az “Gürcü Arzusu” partiyasının qurucularından biri, bu siyasi təşkilatın nizamnaməsinin müəllifi Zakaria Kutsnaşvili ilə müzakirə edib.
– 2 oktyabr seçkilərinin nəticələri “Gürcü Arzusu”nun uğurudurmu? Axı hələ 20 şəhərdə ikinci tur keçiriləcək?
– Bu, şübhəsiz ki, uğurdur. “Gürcü Arzusu” bütün digər partiyalara qarşı tək qaldı və o qədər səs toplaya bildi ki, bu da müxalifətin GA-nın xalqın dəstəyinə malik olmadığı barədə fikirlərini təkzib edir. “Gürcü Arzusu” seçicilərdən dəstək aldı. Keçən il keçirilən parlament seçkilərində – 48%, yerli seçkilərdə isə demək olar ki, 47%. Avropa ölkələri üçün bu etimad faizi çox yüksəkdir, hətta 25% yaxşı nəticə hesab olunur.
– Bir çox ekspert hesab edir ki, Mixail Saakaşvilinin Gürcüstana qayıtması, VMH-nin daha çox səs toplaması ilə nəticələndi…
– Sizə belə deyim: əgər M.Saakaşvili gəlməsəydi, “Gürcü Arzusu”nun bir çox seçicisi evdə qalardı və 2 oktyabr seçkilərinə getməyəcəkdi. Lakin onun qayıtması Gürcüstanın keçmiş prezidentinə qarşı çıxan seçicilərimizin əhəmiyyətli bir hissəsini səfərbər etdi. Saakaşvili faktoru seçicilərimizi “Gürcü Arzusu”na səs verməyə sövq etdi. Odur ki, o, ölkəyə gəlməklə böyük səhv etdi.
– Mixail Saakaşvilinin gələcək taleyi haqqında nə düşünürsünüz? Artıq iki iş üzrə qiyabi hökm çıxarılıb. Noyabrın 10-da Gürcüstanın üçüncü prezidentinə qarşı başladılan növbəti iş üzrə məhkəmə iclası keçiriləcək. Gürcüstan hakimiyyəti Mixail Saakaşvilini vətəndaşı olduğu Ukraynaya ekstradisiya edəcəkmi?
– Rəsmi Tbilisi öz mövqeyini bildirib. Mixail Saakaşvilini ölkədən göndərməyəcəklər. Yeri gəlmişkən, heç kim onun Ukraynaya təhvil verilməsini rəsmi şəkildə istəmir. Ukrayna Xarici İşlər Nazirliyi öz vətəndaşı ilə bağlı düzgün açıqlama verib. Saakaşvilinin həbs müddətini Ukraynada başa vurması üçün Kiyevə verilməsi ilə bağlı heç bir tələb irəli sürülməyib.
– Bu arada Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Kiyev Gürcüstanın keçmiş prezidenti və Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin Ukraynaya qayıtması üçün səy göstərəcək …
– Bu diplomatik dildir, bu dili bilən söhbətin nədən getdiyini anlayır. Belə bir bəyanat verilməli idi, çünki rəsmi olaraq Saakaşvili Ukrayna vətəndaşıdır. Yeri gəlmişkən, o, Gürcüstanda məsuliyyətdən yayınmaq üçün Ukrayna vətəndaşlığını qəbul edib. Düşünürəm ki, Kiyev də bunu başa düşür.
Gürcüstanda sorğu keçirsəniz, əhalinin əksəriyyəti sizə Mixail Saakaşvilinin cinayət törətdiyini və bir çox insanın onun repressiyasının qurbanı olduğunu söyləyəcək. O, buna görə Gürcüstanda məsuliyyət daşımalı olacaq. Cəza ədalətli olacaq.
Nair Əliyev