Vətən müharibəsindən sonra İranın mövqeyi: Qonşu cığallığı – TƏHLİL+FOTO

Siyasət

Azərbaycan 44 günlük Vətən Müharibəsində qələbə qazanaraq öz ərazi bütövlüyünü təmin edib. Bu hadisə dostları sevindirməklə bərabər, ölkəmizə qarşı düşmən mövqe tutanları ciddi qayğılandırıb. Biz regionda yalnız işğalçı Ermənistanı düşmən obrazında görsək də, təəssüf ki, qonşu İran da onun yanında yer alıb. İkinci Qarabağ savaşının gedişində öz hava dəhlizini erməni silah qaçaqmalçılarına açıq elan edən, ərazisindən Ermənistana hərbi təyinatlı yüklərin daşınmasına şərait yaradan İran müharibədən sonra da qərəzli davranışları ilə diqqət çəkib.

Mövzu ilə bağlı “Kaspi” qəzetində geniş təhlil yazısı yayımlanıb.

Prezident İlham Əliyevin təbirincə desək, gah İranın hansısa əyalət mollası, ayrı-ayrı rəsmi şəxsləri Azərbaycanın ünvanına hər hansı sübutu, dəlili olmayan ittihamlar səsləndiriblər, gah da Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsi ilə İrandan Xankəndindəki separatçılara naməlum yüklər daşınıb, bu məqsədlə bir sıra saxtakarlıqlara əl atılıb. Cənub qonşumuzun təəssüflə izlədiyimiz bu davranışlarına səbəb nədir? Ortaq tarixə, mədəniyyətə, İslam dəyərlərinə sahib olduğumuz ölkə niyə belə davranır? Bakı-Tehran münasibətlərini kimlər və nə üçün gərginləşdirmək istəyir?

Mövzu ilə bağlı fikirlərini “Kaspi” qəzetinə bölüşən millət vəkili Ceyhun Məmmədov deyib ki, Prezident İlham Əliyev Cəbrayıl ictimaiyyəti qarşısında çıxış edərkən son dövrlər İranın Azərbaycana qarşı sərgilədiyi mövqeyə xüsusi toxunub, bir daha İran tərəfinə xəbərdarlıq edib. Onun sözlərinə görə, indiyə qədər rəsmi Bakı İranın davranışları ilə bağlı dəfələrlə narazılığını Tehrana çatdırsa da, buna əhəmiyyət verilməyib: “İranın ayrı-ayrı rəsmi şəxsləri, din xadimləri tərəfindən Azərbaycana qarşı müxtəlif ittihamlar səsləndirilib. Biz haqlı olduğumuzu bilirik. İmkan vermərik ki, hansısa xarici dövlət Azərbaycanın daxili işinə qarışsın. İran tərəfi də bunu nəzərə almalı, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, müstəqil siyasətinə hörmətlə yanaşmalıdır”.

Deputat ərazilərimiz 30 ilə yaxın bir müddətdə Ermənistan işğalı altında saxlanılanda, Araz çayı boyunca sərhəddə İranın bir dəfə olsun hərbi təlim keçirmədiyinə diqqət çəkib: “Nə üçün Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən sonra İran belə təlimlər keçirir? Rəsmi Tehranın məqsədi nədir, bununla nəyə nail olmaq istəyir? Bu hərbi təlimlər Azərbaycan-Türkiyə təlimlərinə cavabdırmı? Yoxsa rəsmi Bakı Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsinə nəzarəti gücləndirdiyinə cavabdır bu? İran işğalçı Ermənistanla əlaqələri daha da yaxşılaşdırır, Azərbaycana qarşı əsassız ittihamlar səsləndirir. Bu, yolverilməzdir, qəbuledilməzdir. Azərbaycanın regionda yaratdığı yeni reallıqla hər kəs barışmaq məcburiyyətindədir, hamı bunu nəzərə almalıdır”.

Milli Məclisin üzvü Elşad Mirbəşiroğlu isə qəzetimizə açıqlamasında vurğulayıb ki, Azərbaycanın xarici siyasətinin başlıca prinsiplərindən biri qonşu dövlətlərlə dinc, yanaşı mövcudluqdur: “Azərbaycan-İran münasibətlərində müəyyən dövrlərdə gərginlik müşahidə olunsa da, ümumilikdə hər zaman inkişaf etdirilib. Müxtəlif əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib, birgə layihələr həyata keçirilib. Şimal-Cənub nəqliyyat dəhlizi həm Azərbaycanın, həm də İranın strateji maraqlarına uyğundur. Azərbaycanın birbaşa iştirakı ilə Rəşt-Astara dəmiryolu çəkilməkdədir. Bu kimi birgə layihələrin mövcudluğu, perspektivli iqtisadi əməkdaşlığın qurulması fonunda İranın Azərbaycana münasibətdə sərgilədiyi mövqe ədalətsizdir”.

Deputat söyləyib ki, İranın nümayiş etdirdiyi qərəzli mövqe bir sıra amillərlə bağlıdır: “44 günlük Vətən Müharibəsi nəticəsində Azərbaycan öz torpaqlarını işğaldan azad etdi, Cənubi Qafqaz regionunda yeni geosiyasi reallıqlar formalaşdırdı. Ola bilsin, bu reallıqlar İranı ciddi şəkildə narahat edir. Çünki yeni geosiyasi konfiqurasiya Azərbaycanla Türkiyənin əməkdaşlıq platforması çərçivəsində Cənubi Qafqazda rolunu daha da təsirli edir. Proseslərin məhz Azərbaycanla Türkiyənin maraqlarına uyğun inkişafına şərait yaradır. Görünür, bir sıra ölkələr, o cümlədən İran bundan narahatlıq keçirir. İran Zəngəzur dəhlizi ilə bağlı da qeyri-konstruktiv mövqe sərgiləməkdədir. Tehranda düşünürlər ki, Zəngəzur dəhlizi açıldıqdan sonra İranla Ermənistan arasında əlaqə məhdudlaşacaq. Halbuki rəsmi Bakı İrana Azərbaycan ərazisi üzərindən Ermənistana sərnişin və yük daşımalarını həyata keçirməyi, ümumən nəqliyyat əlaqələrini gerçəkləşdirməyi təklif etmişdi. Rəsmi Tehran yalnız öz maraqlarına uyğun reallıqların olmasını istəyir. Bu isə mümkün deyil”.

Politoloq diqqətə çatdırıb ki, İran-Ermənistan yaxın əlaqələri başqa bir paradoksal halı da ortaya qoyur: “Ermənistanda İranın özünə bir nömrəli düşmən hesab etdiyi ABŞ-ın ən böyük səfirliyi fəaliyyət göstərir. Postsovet ölkələri içərisində ABŞ-ın böyük səfirlik heyəti yalnız Ermənistandadır. Bu gerçəkliyi nəzərə alsaq, ortaya belə bir sual çıxır: necə olur ki, ABŞ-ın güclü təsiri altında olan Ermənistanla İranın bu qədər yaxın münasibətləri formalaşıb? İranın son dövrlər Azərbaycanla bağlı sərgilədiyi mövqe ölkələr arasındakı münasibətlərin, əməkdaşlığın xarakterinə uyğun deyil. Azərbaycan hərbi və siyasi yolla öz ərazilərini işğaldan azad etdikdən sonra yeni obrazda beynəlxalq münasibətlər və əməkdaşlıq sistemində iştirak edir. İran postmünaqişə mərhələsindəki Azərbaycanla daha yaxşı münasibətlərin qurulması haqqında düşünməlidir. Bu, İranın da maraqlarına cavab verir”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir