Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal altında qalması İran üçün unikal iqtisadi füsrətlər yaradırdı. Azərbaycan 44 günlük Vətən müharibəsi ilə Ermənistan üzərində hərbi-siyasi qələbə qazandı, bununla da İranın regiona münasibətdə propaqandasını stimullaşdıran gizli maliyyə siyasətinin təməlinə böyük zərbə vuruldu.
Qarabağda gizli, qeyri-qanuni ticarətin natamam qalması İran rəsmilərinin aqressiyasını və davakar ritorikasının alovlandıran səbəblər sırasındadır.
Qarabağ regionu işğal periodunda sanksiyalar girdabında iqtisadiyyatı çalxalanan İran üçün maliyyə itkilərini qarşılamaq baxımından kompensasiyaedici platforma rolunu oynayırdı.
Azərbaycan tərəfi hazırda həmin illeqal fəaliyyətin istiqamətlərini və detallarını araşdırır, onlardan isə bəzilərinin üzərindən “məxfi qrif” götürülüb.
Milli Məclisin oktyabrın 11-də keçirilən iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc sensasion sayıla biləcək rəqəmləri açıqladı. Bu rəqəmlər ifşaetmə mexanizminin kiçik bir detalı olsa da, məsələnin mahiyyətinin aydınlaşdırılmasında mühümdür.
Zahid Orucun sözlərinə görə, İran ona qarşı embarqolardan qaçmaq üçün 25-dən artıq bank, 400-dən çox şirkət vasitəsilə Xankəndi üzərindən çirkli pulların yuyulması əməliyyatları həyata keçirib.
Vaxtı ilə bir neçə milyardlıq maliyyə əməliyyatları aparan İran indi onun üçün münbit şəraitdən məhrum olub.
Məsələ burasındadır ki, Azərbaycan-İran münasibətləri həssas fazaya daxil olduğu bir zamanda Tehran əvvəlki onilliklərin təkzibetmə siyasətini də yürütmür, diqqətləri işğal müddətində Qarabağdakı fəaliyyətindən yayındırmağa çalışır və bunu müxtəlif adlar altında pərdələyir. Ancaq dediyimiz kimi, bu pərdənin üzərində təkzibetmə elementlərini sezmək olmur, çünki Tehran anlayır ki, təkzib etdikcə, Bakı daha güclü arqumentlər ortaya qoyacaq.
Beynəlxalq qanuni nəzarətdən yayınaraq mafioz prinsiplərlə əməliyyatlar həyata keçirən İran şirkətləri Qarabağdan narkotik məhsulların yetişdirilməsi və narkotrafik məqsədləri üçün də yararlanıb.
“Narkotik cənnəti” terrorçu qruplaşmalar üçün fürsətlər kompleksi idi, yəni terrorçuları işğal müddətində Qarabağa gətirən amillər sırasında narkotik ticarəti də dayanıb.
Vətən müharibəsi dövründə Azərbaycan ordusu Füzuli rayonunun işğaldan azad etdiyi ərazilərində narkotik bitkilərin əkildiyi plantasiya və laboratoriya aşkarlamışdı.
Təbii ki, bu, təkcə Ermənistanın və ya hansısa erməni kəndlinin təkbaşına həyata keçirdiyi ticarətin təzahürləri deyildi. Bu plantasiya və laboratoriya İran-Ermənistanın müştərək gizli ticarətinin mənbələrindən biri idi.
Bəs İran niyə arxayın hərəkət edirdi? Birincisi, Azərbaycanla sərhədlərinin işğal altında olan zolağı nəzarətsiz idi. İkincisi, Azərbaycan ortaya inandırıcı dəlillər qoya bilmirdi.
İndi isə Azərbaycan İranla sərhədin 130 kilometrinə də nəzarəti bərpa edib, üstəgəl İranın Qarabağa sülhməramlıların nəzarət zonasında olan ərazilərə yükdaşımalar həyata keçirməsini tutarlı faktlarla sübut edir.
Aqşin Kərimov