Dörd kənd qayıdır, digər dördünə yol açılır – ŞƏRH

Siyasət




Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistanın dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşü keçirilib.

Görüşdə Qazaxın işğal altında olan yeddi kəndindən dördünün Azərbaycana qaytarılması haqqında razılıq əldə edilib.

Belə ki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrdə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

Diqqətə alınası məqamlar isə prosesin bu yerə – dörd yaşayış məntəqəsinin geri qaytarılmasına – çatmasında Prezident İlham Əliyevin başçılığı altında Azərbaycan dövlətinin gördüyü işlərdir.

Azərbaycan İlham Əliyevin strateji ideyaları əsasında:

– 2020-ci ilin 44 günlük müharibəsindən sonra Qazaxın Ermənistanın nəzarətində olan yeddi, Naxçıvanın isə bir kəndini (Kərki) geri almaq üçün intensiv danışıqlar apardı və İrəvanı qızışdırıcı mövqe ilə Bakıya qarşı qaldırmaq istəyən qüvvələri neytrallaşdırdı,

– Həmin kəndlərin qaytarılmaması müqabilində hərbi variantları danışıqlar masasına qoyaraq Ermənistanı sülhə əngəl olacaq mövqelərdən çəkindirdi,

– Prosesi Rusiya sülhməramlı kontingentini öz ərazilərindən çıxarılmasından sonraya saxladı. Beləliklə, Azərbaycan sülhməramlıların guya həmin kəndlərdə yerləşə bilmə ehtimallarını da sıfıra endirdi.

Beləliklə, dörd kəndin geri qaytarılması haqqında razılıq:

– Azərbaycanın guya Ermənistana hücum etməyə hazırlaşması barədəki Fransa və Qərb dövlətlərinin propaqandası da bir daha ifşa olundu;

– Azərbaycan ABŞ, Fransa və Avropa İttifaqının bu məsələlərə müdaxiləsinə imkan verməyərək Ermənistanla birgə qarşılıqlı anlaşma şəraitində dil tapıb məsələni həll etdi.

Geri qaytarılacaq dörd kənd qeyri-anklav statusdadır. Bu ərazilərin Azərbaycana geri verilməsi Qazaxın anklav olan Bərxudarlı, Sofulu və Yuxarı Əskipara kəndlərinin geri qaytarılmasını şərtləndirən kommunikasiya yollarının açılmasına şərait yaradacaq.

Üstəlik, tərəflər sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərinin eyni vaxtda və paralel yerləşdirilməsi üçün tədbirlər görmək məqsədilə öz hökumətlərinə müraciət edəcəklər.

Həmin hissədə Azərbaycan qoşunlarının xidməti isə təhlükəsizliyi təmin edən amil olacaq.

Qazaxla bağlı proses yekunlaşandan sonra isə Naxçıvandakı Kərki kəndinin də delimitasiya çərçivəsində Azərbaycanın nəzarətinə keçəcəyi ehtimalları artır.

Aqşin Kərimov

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir