Azərbaycan Könüllü Təşkilatları İttifaqının 44 günlük Vətən müharibəsinin ildönümü ilə əlaqədar bəyanat yayıb.
Bəyanatda bildirilir:
“Bu il, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı törədilən növbəti hərbi təcavüz aktına cavab olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin özünü müdafiə hüququ çərçivəsində əks-hücum və cavab tədbirlərini həyata keçirməsi ilə başlayan və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, minlərlə azərbaycanlının pozulmuş fundamental hüquqlarının təmin olunması ilə nəticələnmiş 44 günlük Vətən müharibəsindən bir il ötür.
Azərbaycanda fəaliyyət göstərən minlərlə könüllü gənci əhatə edən könüllü təşkilatları və hərəkatlarını özündə birləşdirən Azərbaycan Könüllü Təşkilatları İttifaqı olaraq, tariximizin şanlı səhifəsinin ildönümünü qeyd etdiyimiz bu günlərdə, torpaqlarımızı Ermənistanın 30 ilə yaxın işğalından azad edərək ərazi bütövlüyümüzü təmin edən, öz doğma yurd-yuvalarından didərgin düşmüş bir milyonadək azərbaycanlının hüquqlarını, tarixi ədaləti bərpa edən Müzəffər Ali Baş komandan cənab İlham Əliyevə və rəhbərlik etdiyi Rəşadətli Azərbaycan Ordusunun hər bir zabit və əsgərinə öz dərin təşəkkürümüzü bildirir, ərazi bütövlüyümüz uğrunda canından keçmiş Şəhidlərimizi dərin hörmət və sonsuz minnətdarlıqla yad edir, Qazilərimizə Allahdan şəfa diləyirik!
Azərbaycan könüllüləri olaraq, 44 günlük Vətən müharibəsi dövründə Ali Baş Komandan tərəfindən ölkədə qismən səfərbərlik barədə sərəncamın verilməsindən sonra, könüllü əsgər kimi ordumuzun sıralarına yazılaraq istər ön cəbhədə, istərsə də arxa cəbhədə birliyimizi göstərərək, Ermənistanın silahlı hücumlarından əziyyət çəkən mülki əhalimizə dəstək göstərməyə, informasiya sahəsində qarşı tərəfin törətdiyi davamlı təxribatların qarşısını almağa və dünya birliyini Vətən müharibəsinin həqiqətləri barədə məlumatlandırmağa çalışdıq.
Azərbaycan könüllüləri olaraq, Vətən müharibəsinin birinci ildönümündə, işğaldan azad edilmiş torpaqlarımızda aparılan, etnik təmizləmə, soyqırıma məruz qalmış və 30 ilə yaxın müddətdə öz yurd-yuvalarından didərgin salınmış məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirən bərpa-quruculuq işləri istiqamətində hökumətimiz tərəfindən görülən bütün işləri dəstəklədiyimizi və bu prosesin bir parçası olaraq töhfə verməyə daim hazır olduğumuzu bəyan edirik.
Bu gün, Cənubi Qafqaz bölgəsində sülh və təhlükəsizliyi ciddi şəkildə hədələyən Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsiplərinə, o cümlədən BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı 4 məlum qətnaməsinə uyğun bitməsinə baxmayaraq, Ermənistan rəhbərliyi Azərbaycan tərəfinin mütəmadi çağırışlarını qulaq ardına vuraraq, bölgəmizdə davamlı sülhün və sabitliyin bərqərar olması yönündə əməli addımlar atmağa tələsmir, Ermənistanın siyasi dairələri revanşist bəyanatlar verməkdən çəkinmirlər. Bu xüsusda, Azərbaycan könüllüləri olaraq, bölgədə və dünyada davamlı sülhün tərəfdarı olduğumuzu, lakin ərazi bütövülüyümüzə qarşı yenidən hər hansı təhlükə yaranarsa, Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə atılacaq bütün lazımi addımları dəstəkləməyə həm ön cəbhədə, həm də arxa cəbhədə hazır olduğumuzu bildiririk. Qarabağ Azərbaycandır və biz birlikdə güclüyük!”