Ermənistanla delimitasiya danışıqları müsbət nəticələndi, kəndlərin qaytarılmasına nail olundu – RƏY + FOTO

Siyasət




“Azərbaycan və Ermənistan arasında uzun müddətdir aparılan delimitasiya danışıqları müsbət nəticələndi və kəndlərin qaytarılmasına nail olundu”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov Qazax rayonunun erməni işğalında olan dörd kəndinin Azərbaycana qaytarılması haqqında danışarkən deyib.

O qeyd edib ki, sərhədlərin delimitasiya komissiyasının danışıqları nəticəsində əldə olunan razılıqlar mərhələli şəkildə həyata keçiriləcək:

“Yəni ortada razılaşma varsa, artıq delimitasiya, demarkasiya məsələləri də yavaş-yavaş tam həllini tapacaq. Bizim üçün hazırda iki məsələ ciddidir. Bunun birincisi Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması, bir-birinin dövlət sərhədlərinin tanınması, ikincisi Zəngəzur dəhlizinin açılmasıdır. Bütün bunlar dövlət səviyyəsində diqqətdədir və buna nail olacağıq”.

V.Əhmədov bildirib ki, sərhəd məsələsinin tamamilə həlli bir qədər zaman tələb edə bilər.

“Çünki delimitasiya və demarkasiya prosesi, o cümlədən Cənubi Qafqazda sülhə nail olunması mərhələli şəkildə aparılır və bunun birdən-birə həyata keçirilməsi çətindir. Biz bütün çətinliklərin uğurlu siyasət nəticəsində həllini tapdığını müşahidə etdik. Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması da məhz Prezident İlham Əliyevin iradəsi, qətiyyəti sayəsində reallaşdı. Ümid edirik ki, digər kəndlərimizin qaytarılması, bütün məsələlərin həlli də Ali Baş Komandanın uğurlu daxili və xarici siyasəti ilə müsbət nəticələnəcək”, – o vurğulayıb.

Qeyd edək ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir