Xalq olaraq növbəti tarixi anlara şahidlik etməkdəyik. 2020-ci il müharibəsindən sonra Azərbaycanın suveren ərazilərinə yerləşdirilən Rusiya sülhməramlı qüvvələri artıq ölkəmizi tərk etməyə başlayıb. Özü də vaxtından əvvəl…
Mövzu ilə bağlı “Kaspi” qəzeti məqalə dərc edib.
Birincidə itirdik, ikincidə isə…
Son 30 ildə postsovet məkanında Azərbaycan yeganə ölkədir ki, Rusiyaya məxsus hərbi birləşmələri iki dəfə beynəlxalq səviyyədə tanınan ərazilərindən çıxartmağa nail olub. Əgər müstəqilliyimizin ilk illərində Rusiya hərbi bazalarının çıxarılması ərazilərimizin işğalı, bir milyondan artıq qaçqın və məcburi köçkün ordusunun yaranması hesabına başa gəldisə, budəfəki prosesdə qeyd olunanların tam əksinin şahidi olduq. Artıq ölkəmizdə separatizm və etnik qarşıdurma təhlükəsi sıfırlanıb. Ərazilərimiz işğaldan tam azad edilib, sərhədlərimiz bütövləşib. Azərbaycan suveren ərazilərində qanunun aliliyinin təmin edilməsində üçüncü qüvvələrin yardımına ehtiyac duymur. Təbii ki, 30 il əvvəlki ilə indiki Rusiya arasında elə də ciddi fərq yoxdur. Sovet İttifaqının dağılması, ərazisində müharibənin getdiyi o zamanın Rusiyası ilə Ukraynada müharibəyə cəlb edilən indiki Rusiyanın düşdüyü beynəlxalq vəziyyət eynidir. Dəyişən sadəcə Azərbaycandır, xalqın müdrik seçimi, həmrəyliyi və müzəffər Ali Baş Komandana, dahi liderə sahib olmasıdır.
Kremlin dəyişən baxışı
Əgər müstəqilliyimizin ilk illərində Moskva ölkəmizə özünün keçmiş müstəmləkəsi kimi yanaşırdısa, indi vəziyyət tam fərqlidir. İki ölkə arasında qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq və bir-birinin milli maraqlarını nəzərə alaraq məsələləri diplomatik danışıqlar yolu ilə həll etməyi hədəfləyən siyasi iradəyə əsaslanan ikitərəfli münasibətlər mövcuddur. Alınan qərarlar məhz bu prinsiplərə söykənir. Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin də vurğuladığı kimi “2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. Artıq proses başlanılıb, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər”.
Hədəfə doğru addım-addım
Təbii ki, 2020-ci ildə əldə edilmiş tarixi zəfərdən sonra ölkəmizin qarşısında dayanan başlıca vəzifə bütün ərazilərimiz üzərində suverenliyimizin tam təmininə nail olmaq idi. Rusiya sülhməramlıları bu istiqamətdə başlıca əngəllərdən biri kimi dəyərləndirilirdi. Bir neçə il əvvəl geosiyasi və beynəlxalq məqamları nəzərə alan rəsmi Bakı rus sülhməramlılarının ərazimizdə müvəqqəti yerləşdirilməsinə razılıq verdikdə müəyyən tənqid hədəflərinə də tuş gəlirdi. Lakin keçən müddət ərzində biz tamamilə başqa mənzərənin şahidi olduq. Mövcudluqları zamanı istər separatçılarla yaxın münasibətlərin qurulması, istərsə də qanunsuz silah daşımaları ilə bağlı iradlar ən ali səviyyədə açıq şəkildə bəyan edildi. Həyata keçirilən “Qisas”, Fərrux əməliyyatları, Laçın yolunda gömrük nəzarət postunun qurulması hələ o zamandan Bakının siyasi iradə və qətiyyətinin göstəricisi kimi dəyərləndirildi. Zaman göstərdi ki, Azərbaycan qarşısına qoyduğu hədəflərə addım-addım, səbirlə, lakin inam və qətiyyətlə addımlayır. Unutmayaq ki, rus sülhməramlılarının Qarabağda yerləşdirilməsini nəzərdə tutan üçtərəfli bəyanatda konkret müddətin əksini tapması məhz İlham Əliyevin israrı və qətiyyəti nəticəsində mümkün olmuşdu.
Dünyanın hesablaşdığı lider
Bir reallığı da xüsusi qeyd etməliyik. Azərbaycan tam müstəqil siyasət yürüdür və heç bir qüvvə onun iradəsinə, mövqeyinə təsir edə bilməz. Qərb aləminin Ermənistana tam dəstəyini ifadə etdiyi Brüssel görüşü ərəfəsində dünyanın ən böyük dövlətini faktiki olaraq idarə edən ABŞ dövlət katibi Antoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək məsələni müzakirə etməsi, ardınca dünyaya meydan oxuyan Rusiya Prezidenti Vladimir Putinin sülhməramlı qüvvələrin ölkəmizdən dinc şəkildə çıxması ilə razılaşması Azərbaycanın dövlət başçısının beynəlxalq aləmdəki nüfuz və təsir imkanlarının, avtoritetinin göstəricisidir.
“Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm”
Bəli. Artıq Azərbaycanın istər qonşu, istərsə də beynəlxalq səviyyədə ayrı-ayrı dövlətlərlə qarşılıqlı münasibətlərinə mənfi təsir göstərən Qarabağ problemi mövcud deyil. Bu problemin aradan qalxması regional əməkdaşlıq, sülh və sabitliyin təmini yoluna da yaşıl işıq yandırıb. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq meydana çıxan bu reallıq özlüyündə problem kimi görünən digər məsələlərin də təmkin və qarşılıqlı əməkdaşlıq fonunda həllinə imkan verib. Elə Rusiya sülhməramlı qüvvələrinin Azərbaycandan çıxarılması prosesinə başlanılması kimi. Azərbaycan xalqı 30 illik münaqişənin yaratdığı çətinliklərin üç il kimi qısa bir müddətdə ardıcıl olaraq milli maraqlarımıza, təhlükəsizliyimizi təhdid edən çağırışlara cavab olaraq ortadan qaldırılmasının əyani şahididir. Bu xronoloji ardıcıllıq Azərbaycan Prezidentinin məşhur “nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” bəyanatının əməli addımlarla nə dərəcədə uzlaşdığını, zərgər dəqiqliyi ilə üst-üstə düşdüyünün isbatıdır. Artıq müstəqil Azərbaycan dövlətinin suveren ərazilərində yad ölkələrin heç bir hərbi birləşməsi olmayacaq. Bu reallıq dünyanın ayrı-ayrı ölkələrindən rus hərbçilərinin çıxmasını israrla tələb edən, hansısa ölkəyə hərbi müdaxilə zamanı Moskvaya qarşı ardıcıl sanksiya qərarları verən ABŞ, ermənidən daha çox erməni olmağa çalışan Fransa və digər Qərb dövlətləri, eləcə də tarixi qələbələrimizə hər vəchlə kölgə salmaq istəyən sapı özümüzdən olan baltalara ən layiqli cavabdır.
www.RIA24.az