Əliyevlə Putinin müzakirə edəcəkləri məsələlərin əhatə dairəsi – TƏHLİL

Siyasət




Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri Azərbaycanın qazandığı iki böyük nəticənin ardınca baş tutdu.

Birincisi, Azərbaycan öz ərazilərinə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin vaxtından əvvəl regionu tərk etməsinə nail oldu.

İkincisi, Azərbaycan Qazaxın Ermənistanın nəzarətində olan yeddi kəndindən dördünün geri qaytarılmasını təmin etdi.

İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə bu hadisələrdən sonrakı danışıqları regional reallıqlarda:

– Konseptual mənada Bakı ilə Moskvanın bir-birlərinin maraqlarını diqqətlə nəzərə alaraq əlaqələrini daha da genişləndirməyi ehtiva edir;

– Detallı olaraq iki ölkənin təhlükəsizlik sferasındakı əməkdaşlığını, iqtisadi-ticari həcmləri dərinləşdirməyi hədəf qoyur;

– Daha qlobal prizmadan yanaşdıqda, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizindəki yarımçıq qalan işlərin sürətləndirilməsinə baxışı özündə cəmləşdirir.

Qeyd edilən üç istiqamət Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi fonunda qiymətləndirilir.

Azərbaycan istəyir ki:

– Regional eskalasiya riski yaranmasın, Moskva ilə Qərb rəqabətini Bakı-İrəvan gündəliyinə sirayət etdirməsin,

– Regionda Rusiya ilə gələcək əməkdaşlığın motivlərində Moskvanın hərbi təmsilçilik istəkləri yaranmasın.

Kremlə gəlincə, o, maksimal şəkildə çalışır ki:

– Ukraynadakı müharibə səbəbi ilə qlobal təchizat marşrutlarında üzləşdiyi problemləri Azərbaycanın iştirakı ilə həll etsin,

– Azərbaycanla İran arasında hərbi-siyasi gərginlik olmasın və tərəflər diqqəti Şimal-Cənub Nəqliyyat Dəhlizinə kökləsinlər,

– Azərbaycan-Ermənistan sülh gündəliyində moderatorluğu yenidən qazanıb Qərbə meydan oxumaq tərzini yeniləsin.

Ehtimal vermək olar ki, Moskva Azərbaycan və Ermənistan liderlərinin görüşünü təşkil etməyə can atsın və Putin bunun üçün Əliyevə arqumentlər təqdim etsin.

Ancaq Ermənistanın baş naziri Nikol Paşinyanın belə bir təklif olarsa belə, buna reaksiyası mənfi ola bilər. Azərbaycan üçün isə görüş yerinin elə də əhəmiyyəti yoxdur, Bakı, sadəcə, tələb edir ki, onun strateji maraqları ilə ziddiyyət təşkil edən məsələlər müzakirəyə çıxarılmasın.

Buna görə də Əliyev Putinlə danışıqlar zamanı Azərbaycanın regional geosiyasi vəziyyətdə güclənən mövqelərini bir daha diqqətə çatdıra bilər. Bununla yanaşı, Əliyev Azərbaycanla Ermənistan arasında ikitərəfli formatdakı danışıqların daha məhsuldar nəticələnməsinin aktual olduğunu qeyd edə bilər.

Aqşin Kərimov

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir