İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında: “Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb”

Siyasət

“Müharibənin başa çatmasından, Vətən müharibəsində Azərbaycanın Qələbəsindən bir il keçməsi ilə əlaqədar bizim regionda yaranmış vəziyyət barədə sizi məlumatlandırmaq istərdim. Bu bir il ərzində nələr baş verməsi, qarşımızda duran çağırışlar və regional inkişafın perspektivləri barədə informasiyanı sizə təqdim etmək istərdim”.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında çıxışı zamanı deyib.

Dövlət başçısının sözlərinə görə, bütövlükdə postmünaqişə dövrü sakit keçir:

“Ona görə “postmünaqişə dövrü” deyirəm ki, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edən qətnamələrini yerinə yetirib və Azərbaycan Ermənistanla münaqişəni hərbi-siyasi yolla həll edib. 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistanın baş nazirinin üçtərəfli Bəyanatı imzalandı. Bu Bəyanat Ermənistan-Azərbaycan münaqişəsinə son qoydu.

Hərbi əməliyyatların dayandırılmasında Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinin xüsusi rolunu bir daha qeyd etmək istərdim. Bu, hər iki tərəfdən minlərlə insanın ölümündən qaçmağa imkan verdi. Üçtərəfli Bəyanata müvafiq olaraq, Ermənistan öz işğalçı qüvvələrini Azərbaycanın Ağdam, Laçın və Kəlbəcər rayonlarının işğal edilmiş hissəsindən çıxardı. Bundan əvvəl Azərbaycan Silahlı Qüvvələri 300-dən çox şəhəri və kəndi döyüş meydanında azad etdi. Beləliklə, artıq qeyd etdiyim kimi, münaqişə hərbi-siyasi yolla həll edildi.

Həmçinin üçtərəfli Bəyanata müvafiq olaraq Azərbaycanın Qarabağ regionuna Rusiya sülhməramlıları yerləşdirildi. Nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı məsələlərin həll edilməsi üçün Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə işçi qrup yaradıldı. Azərbaycanın Ağdam rayonunun ərazisində Azərbaycan tərəfi Rusiya-Türkiyə monitorinq mərkəzi yaratdı”. 

Samir İsayev

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir