Prezident Tehran-İrəvan “qardaşlığı”nın “tolerantlıq” oyununu alt-üst etdi – TƏHLİL

Siyasət

Çıxışlarında daim Azərbaycanın qüdrətini, haqlı mübarizəsini ön planda saxlayan, beynəlxalq arenada dövlətimizin maraqlarını inamla müdafiə edən dövlət başçısı iştirak etdiyi bütün platformalarda xalqımıza və dövlətimizə qarşı təhdidləri ifşa edir, faktlara əsaslanan əsaslı arqumentləri ilə onların iddialarına ağır zərbə endirir. Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də növbəti dəfə daha bir mötəbər platformada – Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında regiondakı vəziyyət, yeni yaranmış reallıqlarla bağlı fikirlər səsləndirib, bir çox məsələlərlə bağlı ölkəmizin mövqeyini ortaya qoyub, bu mövqeyi prinsipiallıq və qətiyyətlə müdafiə edib.

Prezidentin çıxışında ayrıca xətt təşkil edən məqam Ermənistanın işğal dövründə həyata keçirdiyi vandalizm olsa da, burada erməni terrorçulara himayədarlıq edənlərin də əsl mahiyyətinə diqqət çəkilib.

Müharibədən sonrakı dövrdə Ermənistana verdiyi “xüsusi” dəstəklə növbəti dəfə əsl üzünü ortaya qoyan İran uzun illər orada hökm sürən işğalçı rejimin və Qarabağda mövcud olmuş separatçıların ayaqda qalmasında əsas amil kimi rol oynayıb. Sülh və təhlükəsizlik naminə işğalçını geri addım atmağa vadar etmək üçün Azərbaycanın səylərinə qoşulmaq əvəzinə Ermənistana dəstək çıxan İran bu mövqeyi ilə Ermənistanla birlikdə regionumuz üçün sabitliyə təhlükə yaradan əsas amillərdən biri olub.

Bu – qaranlıq planları və maraqları özündə birləşdirən münasibət işğal illərində xüsusən İrana qarşı beynəlxalq təzyiqlərin artması fonunda daha geniş vüsət alıb. İran dövləti qeyri-leqal fəaliyyət üçün Ermənistan və erməni terrorçularının nəzarət etdiyi işğal altındakı Azərbaycan torpaqlarını seçiblər.

İran dövləti işğala susmaqla yanaşı, həm də Azərbaycan torpaqlarının talan edilməsində də yaxından iştirak edib. Azərbaycan Prezidenti Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı erməni vandalizmindən danışarkən bu məqamı da diqqətindən yayındırmayıb:
“Evlər və ictimai binalar kərpic-kərpic, daş-daş sökülüb, Ermənistana və İrana satılıb. Azərbaycan ərazilərində vandalizmin izləri belədir. Təbiətə çox böyük ziyan vurulub, 60 min hektara yaxın meşə qırılıb, doğranıb, Ermənistana və İrana satılıb”.

Danılmaz həqiqətdir ki, hər zaman regiondakı təhlükəsizliyə təhdid kimi qarşımıza çıxan Ermənistan-İran əməkdaşlığı Qarabağdan azərbaycanlıların izlərinin silinməsi zamanı da öz missiyasına davam edib. İran tərəfinin verdiyi yanacaq, yardım və avadanlıqla torpaqlarımızı viran qoyan ermənilər sonda oradan əldə olunan “qənimət”i də İranla bölüşüblər.

Qarabağdan zorla çıxarılan azərbaycanlıların evləri dövlət başçısının da dediyi kimi kərpic-kərpic sökülərək İranda və Ermənistanda yeni evlərə çevrilib. Bu gün pafosla “mənəm-mənəm” deyən, guya İslam dünyasının maraqlarını öz milli davasına çevirən İran sökülən məscidləri, abidələri Ermənistan vasitəsilə daşıyıb öz möhtəşəm “quruculuq” işlərində istifadə edib.

Erməni vandalizmi ilə yanaşı, həm də İranın ikiüzlü siyasətini ifşa edən dövlət başçısı İrəvan-Tehran “qardaşlığ”ının daha bir çirkin simasını da diqqətə çatdırıb:

“Şuşa şəhərində işğala qədər mövcud olan 17 məsciddən 16-sı Ermənistan tərəfindən dağıdılıb. Bir məscid “tolerantlıq” nümayiş etdirmək üçün saxlanılıb və İrandan olan qondarma mütəxəssislərin köməyi ilə onu fars məscidi kimi təqdim etməyə cəhd göstərilib”.

Prezidentin vurğuladığı bu məqam – “tolerantlıq” nümayişi də əbəs yerə deyil. Bu gün erməni mətbuatında çox zaman Şuşa məscidinin qorunması ermənilərin “tolerantlığ”ının “bariz” nümunəsi kimi ortaya qoyulur, məscidin farslara məxsus olması fikri təbliğ olunmaqla Qarabağın – Şuşanın tarixi kimliyi və mənsubiyyəti sual altında qoyulur.

Bu mənfur ideya eyni zamanda İranın əli ilə də təbliğ olunur. Şuşada bir məscidin erməni vandalizmindən qorunması İranın İslam uğrunda gərgin əməyinin bəhrəsi kimi deyil, onun ermənilərlə əlbir olub tarixin saxtalaşdırılmasında maraqlı olması ilə mümkün olub.

İşğaldan azad edilmiş ərazilərdəki acınacaqlı vəziyyət ermənilərin əli ilə törədilsə də, İranın bu işə verdiyi “töhfə”ni də kiçiltmək olmaz. Odur ki, erməni vəhşiliyi, faşizmi ilə yanaşı torpaqların viran qoyulması zamanı sərt tənqid olunmalı məqamlardan biri də İranın ikiüzlü siyasətidir.

Özünü “mehriban qonşu” kimi qələmə verən İran bu pərdənin arxasında gördüyü işlərə görə heç də Ermənistandan az günahkar sayılmamalıdır. Hətta məscidin tarixinin, kimliyinin saxtalaşdırılması, separatçılara, işğalçıya verilən dəstəyi kənara qoysaq belə, viran olunmuş torpaqların “kərpic-kərpic” İrana daşınması, meşələrin qırılıb İranda da hansısa məqsədlərlə istifadə olunması “mehriban” qonşunun əsl mahiyyətinin kifayət qədər ortaya qoya bilir.

Azərbaycan dövlətinin seçdiyi uğurlu inkişaf yolu, xarici siyasət sahəsində qazanılan uğurlar, dövlətimizin getdikcə artan nüfuzu və nəhayət döyüş meydanında qazandığı parlaq zəfər ona qarşı qüvvələrin yenidən birgə hərəkət etməsinə rəvac verir ki, Azərbaycan dövləti də bu təhdidləri Prezident İlham Əliyevin liderliyi ilə vaxtında müşahidə edir və neytrallaşdırır.

Ancaq İran-Ermənistan münasibətlərinin regionumuz üçün yaratdığı təhdidlərin ortaya qoyulması, bu əməkdaşlığın kirli keçmişinə dair faktların gün üzünə çıxarılması təkcə Azərbaycan üçün deyil, eyni zamanda bütün regionumuz üçün böyük önəm daşıyır. Çünki regionda sülhün bərqərar olması, təhlükəsizlik və etimad mühitinin sağlam əsaslar üzərində inşası üçün bu “münasibət”in destruktiv fəaliyyətinə son qoyulmalıdır.

Orxan Tağıyev

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir