Azərbaycan regionda sülhün bərqərar olmasını istəyir – RƏY + FOTO

Siyasət




“Son illərdə qazanılan nailiyyətlərə nəzər saldıqda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının tarixinin ən şanlı dövrünü yaşadığını demək olar”.

Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Jalə Əhmədova deyib.

O qeyd edib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi dövlət başçısının güclü siyasi iradəsinin növbəti uğurudur:

“Azərbaycanın ev sahibliyi edəcəyi COP29 həm də ölkəmizin beynəlxalq aləmdəki nüfuzundan xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda Azərbaycan ilə Ermənistan arasında sülh sazişinə nail olmağın vacibliyini, bunun üçün hər iki tərəfin sadəcə ürəkdən çalışmalı olduğunu vurğulayıb. Bu isə bir daha göstərir ki, Azərbaycan regionda sülhün bərqərar olmasını istəyir”.

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev isə qeyd edib ki, Avropa İttifaqı və ermənilərin digər havadarları Cənubi Qafqazda məkrli niyyətlərini həyata keçirməyə çalışır:

“Bununla qeyd olunan qüvvələr bölgədə hansısa nüfuz sahibi olmağa çalışırlar. Əsas məqamlardan biri odur ki, regionda Türkiyənin nüfuzunun artması Qərbi daha da qorxudur. Avropa İttifaqı isə çalışır ki, Türkiyənin buradakı mövqeyi zəifləsin. Bununla bərabər, Rusiyanın bu və digər şəkildə regiondan çıxarılmasına nail olmaq niyyəti də Qərbin gündəmində öz aktuallığını saxlayır. Lakin kollektiv Qərb anlamalıdır ki, Azərbaycanın xarici və daxili siyasəti müstəqildir, dönməzdir. Hansısa vasitə və ya bəhanə ilə heç bir qüvvə dövlətimizə təsir edə bilməz”.

Deputat bildirib ki, Azərbaycan istər hərbi, istərsə də diplomatik yolla qarşıya qoyduğu hər məsələni vaxtında yerinə yetirib:

“Bu isə müstəqil siyasətin nəticəsidir. Azərbaycan heç bir vasitəçi olmadan sülhün əldə olunmasında israrlıdır. Həmçinin, kommunikasiyaların açılması, işğal altındakı kəndlərimizin qaytarılması, sülhməramlı qüvvələrin ərazidən çıxarılması, Zəngəzur dəhlizinin açılması və s. bütün məsələlərdə öz qətiyyətli mövqeyimizi qoruyuruq. Qərbin isə bölgəyə bütün müdaxilələri nəyin bahasına olursa-olsun, minimuma endirilməlidir. Azərbaycan mövcud vəziyyəti istənilən şəkildə təhlil edir və mütləq şəkildə öz reaksiyasını verir”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir