Yeni Kaledoniya ayağa qalxır: Fransanın neokolonializm siyasəti iflasa uğrayır – TƏHLİL + FOTO

Siyasət




Fransa müstəmləkə siyasətinin acı nəticələrini yaşayır

Fransa yeganə ölkədir ki, dənizaşırı departamenti adı altında keçmiş müstəmləkə ərazilərinə nəzarəti saxlayır və həmin yerlərdə müstəmləkəçilik siyasətini davam etdirir. Bunun nəticəsidir ki, dənizaşırı ərazilərdən olan Yeni Kaledoniyada gərginlik pik həddə çatıb.

Artıq polislə etirazçılar arasında toqquşmalar yaşanıb. Bu barədə “France Info” məlumat yayıb. Bildirilib ki, toqquşmalar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara qarşı zorakılıq tətbiq ediblər. Polis nümayişçiləri gözyaşardıcı qazla dağıtmağa çalışıb. Qeyd olunub ki, paytaxt Numeada aerodromun yaxınlığında bir neçə avtomobil yandırılıb. Bundan başqa, şəhərin digər istiqamətində polis nümayişçiləri sıxışdırıb çıxara bilsə də, onların atdığı mərmilərə tuş gəlib, yaralananlar var. Həmçinin baş limanın yaxınlığında kondisioner istehsalı müəssisəsinin yandırıldığı qeyd edilib. Cənub əyaləti assambleyasının prezidenti və loyalistlərin lideri Sonya Bakes “kaledoniyalıları evdə qalmağa” çağırıb. O, eyni zamanda, çaxnaşmanın arxasındakılara cavab veriləcəyini bildirib.

Keçmiş müstəmləkələrindən qovulan Yelisey sarayının uğursuzluqları bununla bitmir. Bəlli olduğu kimi, bu ölkə Azərbaycana qarşı da ədalətsizlik edir. Demokratiya prinsiplərindən, insan hüquqlarından dəm vuran Yelisey sarayı öz maraqları naminə nəinki ölkəmizlə, eləcə də digər regionlarda problem yaşayır. İmperialist siyasəti ilə Yeni Kaledoniya kimi dövlətləri əsarətdə saxlaması onun iç üzünü ortaya qoyur.

Məlumat üçün bildirək ki, demokratik ideyaları məhv edən və insani dəyərləri ucuzlaşdıran Fransa 1873-cü ildən bəri yerli kanak xalqını əsarəti altında saxlayır, onların bütün hüquqlarını pozur. Əslində, Yeni Kaledoniya 1986-cı ildən müstəmləkə siyasətindən azad edilmiş xalqlar siyahısına daxil edilib. Həmin vaxtdan etibarən müstəqillik mübarizəsinə başlayıb. Lakin Fransa hələ də onlara qarşı kolonializm siyasətini davam etdirir. Ada sakinləri dəfələrlə bəyan ediblər ki, Fransanın bu siyasəti nəticəsində öz mənsubiyyətlərini itirmək təhlükəsi yaşayırlar.

Azərbaycan beynəlxalq arenada dekolonizasiya prosesini təşviq edir, müstəmləkəçilikdən əziyyət çəkən xalqların haqlı mübarizəsini dəstəkləyir. Ölkəmiz neokolonializmə qarşı mübarizəni prioritet elan edib və bu faktı Bakıya səfər edən kaledoniyalılar da etiraf ediblər. Bildirilib ki, dəyərlərini gələcək nəsillərə ötürmək üçün mübarizə aparırlar və bu istiqamətdə Azərbaycanın təşəbbüslərini təqdir edirlər. “Azərbaycan bizim üçün nümunə, böyük qardaş rolunu oynayır”, – deyə Bakıda olan Kaledoniya nümayəndə heyətinin üzvlərindən biri deyib.

Ötən ay Bakıda səfərdə olan Yeni Kaledoniya Konqresinin İnfrastruktur, ərazi planlaşdırılması, davamlı inkişaf, energetika, nəqliyyat və rabitə komitəsinin sədri, Kənd Təsərrüfatı Agentliyinin sədri Omayra Naisselin hazırda Yeni Kaledoniya adasını öz müstəmləkəsi kimi idarə edən Fransanın yerli kanak xalqına qarşı yürütdüyü imperialist siyasətindən, hüquqlarının pozulmasından söz açıb, onların azadlıq mübarizəsindən və bu mübarizədə üzləşdiyi çətinliklərdən bəhs edib. O bildirib ki, Fransa Yeni Kaledoniya xalqının öz müqəddəratını özünün təyin etməsi və müstəqil olması ilə bağlı üzərinə götürdüyü öhdəliklərə əməl etmir, konstitusiyaya, seçki qanunvericiliyinə müdaxilə edərək yerli xalqın hüquqlarını məhdudlaşdırmağa çalışır:

“Azərbaycana təşəkkür edirik, çünki bu ölkə bizi mübarizədə ilhamlandıran tərəfdir. Azərbaycan bizim üçün həqiqi bir nümunədir”.

O.Naisselin Azərbaycan parlamenti ilə bağlanan əməkdaşlıq memorandumu Yeni Kaledoniyaya bir çox sahələrdə yeni qapılar açacağını bəyan edib. Onun sözlərinə görə, müstəmləkə altında milli mənsubiyyəti qoruyub saxlamaq çox çətindir:

“Fransa isə, əlbəttə, bunu istəmir və təzyiq göstərir. Bizim əsas məqsədimiz mədəniyyətimizi, dəyərlərimizi qoruyub saxlamaqdır. Fransa öhdəliklərinə hörmət etmir, tərəfsiz qalmır. Fransanın bizim ölkəmizdəki seçkiyə müdaxiləsi xalqımızın mənafeyinə uyğun deyil. Bu bizim ölkəmizdəki demokratik mühitə və stabilliyə mənfi təsirini göstərə bilər”.

Göründüyü kimi, Fransa öz tarixində qara ləkə olan kolonializmi yalnız keçmiş müstəmləkələrində, zor gücünə hakimiyyəti altında saxladığı ərazilərdə deyil, həm də digər regionlarda, həmçinin Cənubi Qafqaz regionunda da tətbiq etmək niyyətindədir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev də Azərbaycanın neoimperial siyasətlərə qarşı əzmlə və qətiyyətlə dayandığını dəfələrlə bəyan edib. Azərbaycanın dəstəyi də kaledoniyalılar tərəfindən gözardı edilməyib. Belə ki, Fransaya qarşı təşkil edilən aksiyalarda Azərbaycan bayrağı da qaldırılıb.

Beləliklə, baş verən etirazlar onu deməyə əsas verir ki, Fransanın dənizaşırı ərazisi olan Yeni Kaledoniyada etirazlar artıq yeni mərhələyə daxil olur. İnsanlar əvvəlki qaydada yaşamaq, Fransa isə yeni reallıqları qəbul etmək istəmir. Görünən odur ki, Fransaya qarşı bu etiraz dalğası tək Yeni Kaledoniya ilə məhdudlaşmayacaq, digər keçmiş müstəmləkələri də əhatə edəcək.

“Report” İnformasiya Agentliyi

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir