Bu gün, 18 Oktyabr Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür. Bu il 30 illik yubiley daha bir ildönümü fonunda baş verir – bir il əvvəl Azərbaycanın ərazi bütövlüyü bərpa edildi.
Rusiyalı politoloq, publisist, televiziya və radio aparıcısı, Rusiyanın ən məşhur jurnalistlərindən biri Mixail Leontyev Oxu.Az-a şərhində qeyd edib ki, bayramla əlaqədar ölkə lideri görkəmli siyasətçi Heydər Əliyevin lideri olduğu vaxtkı Azərbaycanı xatırlamağa dəyər.
“Mənə elə gəlir ki, son hadisələr fonunda daha çox görünən ölkənin böyük uğurları Heydər Əliyeviç Əliyevin apardığı və İlham Heydəroviç Əliyevin davam etdirdiyi müdrik siyasətin nəticəsidir”, – Mixail Leontyev qeyd edib.
Müsahibimizin dediyinə görə, hazırda konyukturadan heç bir şəkildə asılı olmayan və firavanlıq siyasətinin davamının qarantı olan Rusiya ilə münasibətlər xüsusilə qeyd edilməlidir:
“Bu, Türkiyə ilə münasibətlərdə yaranan yeniliklərlə əlaqədar xüsusilə vacibdir. Düşünürəm ki, Azərbaycan Türkiyə ilə Rusiya arasında münasibətləri tarazlaşdıran çox önəmli bir regional oyunçu olacaq”.
Azərbaycan ilə İran arasındakı münasibətlərə də toxunan politoloq ABŞ-ın anti-İran avantüralarında iştirak etmək üçün Bakını fəal şəkildə öz tərəfinə çəkməyə çalışdığı dövrləri xatırladıb.
“Bakı İranın etnik tərkibi ilə əlaqədar Azərbaycanın xüsusi rolunu və mövqeyini anlayaraq, bu işdə iştirakdan imtina etdi. Heydər Əliyev dövründə olduğu və İlham Əliyev dövründə də davam etdirildiyi kimi, Bakı üçün suveren Azərbaycan siyasəti aparmaq qabiliyyətini qorumaq çox vacibdir”, – deyə Mixail Leontyev sözlərini yekunlaşdırıb.
Nair Əliyev