Müharibələrin dayandırılması və ailə dəyərlərinin qorunması yolunda birgə yanaşma: Prezident İlham Əliyev və Donald Trampın ortaq baxışı

Siyasət

Bakı. Trend:

2025-ci il iyulun 19-da Xankəndidə keçirilən “Şuşa Qlobal Media
Forumu” çərçivəsində Prezident İlham Əliyevin səsləndirdiyi
fikirlər beynəlxalq informasiya və media mühitində qlobal sabitlik
və əxlaqi dəyərlərin qorunması sahəsində mühüm çağırış kimi
qiymətləndirildi.

Trend
xəbər verir ki, bu fikirləri Ailə Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin sədri Bahar Muradova öz sosial şəbəkə hesabında
yazıb.

O bildirib ki, ABŞ Prezidenti Donald Trampın həmin çıxışdan
paylaşım etməsi isə təsadüfi deyil – bu, onların çağdaş çağırışlara
münasibətlərindəki ideoloji yaxınlığın və ortaq dəyərlərə əsaslanan
siyasi yanaşmalarının bariz nümunəsidir:

“Prezident İlham Əliyev çıxışında xüsusilə bu gün dünya
miqyasında sülhün qorunması, müharibələrin qarşısının alınması və
ailə institutunun təməllərinin sarsıdılmasına qarşı səylərin
birləşdirilməsi istiqamətində ciddi mövqe sərgilədi.

Bu fikirlər Donald Trampın da illərdir müdafiə etdiyi əsas
prinsiplərlə tam uyğunluq təşkil edir. Tramp hər iki prezidentliyi
dövründəki çıxışlarında daim güclü ailə modelinin, milli
suverenliyin və silahlı qarşıdurmaların əleyhinə çıxış edib,
beynəlxalq balansın sülh yolu ilə qorunmasının tərəfdarı olub.

Trampın rəsmi sosial media hesabında bu çıxışdan paylaşım etməsi
isə Prezident İlham Əliyevin fikirlərinin yalnız regional deyil,
həm də qlobal səviyyədə rezonans doğurduğunu göstərir.

Bu paylaşım həm də göstərir ki, Azərbaycan və (Tramp
Administrasiyasında) ABŞ kimi dövlətlər ailə dəyərləri, milli
suverenlik və informasiya təhlükəsizliyi sahəsində ortaq mövqedə
dayanır”.

“Dünya dəyişir – informasiya texnologiyaları və süni intellekt
əsrində siyasi liderlərin çağırışları sadəcə texnoloji yeniliklərlə
ayaqlaşmaq cəhdlərindən ibarət deyildir.Bu ilk növbədə dəyərlərin
qorunması, ailə institutunun möhkəmləndirilməsi və münaqişələrin
qarşısının alınması baxımından daha çox əhəmiyyət kəsb edir.

Məhz bu səbəbdən Müharibə və işğala məruz qalaraq,onu öz gücünə
aradan qaldırmağı bacaran müstəqil bir ölkənin Prezidenti İlham
Əliyevin çağırışları və dünyada söz sahibi olan ABŞ kimi bir
fövqəlgüc ölkənin Prezidenti Donald Trampın ona verdiyi dəstək
təmsil etdikləri ölkələrin imkanlarına görə müqayisəyə gəlməyən iki
ölkə liderinin həmrəyliyi deyil, həm də düzgün yolda olduqlarının
təsdiqidir.

Bu həmrəylik göstərir ki, dünya siyasətində yenidən insanı,
ailəni və sülhü mərkəzə alan liderlik modeli formalaşır – və bu
modelin irəli aparılmasının önündə duran liderlərdən biri heç
şübhəsiz Azərbaycan Prezidenti İlham Əliyev, digəri isə ABŞ
Prezidenti Donald Trampdır.

Son iki gün ərzində ilk mövbədə müharibələrin dayandırılması və
bizim gündəlik fəaliyyət sferamıza dair məsələlərə əhəmiyyətli
dəstək göstərdiklərinə və bu barədəki açıqlamalarına görə hər iki
Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm!”,- deyə Bahar
Muradova əlavə edib.