Tranzit marşrutların inkişafında Prezident İlham Əliyevin liderliyi: Azərbaycan logistika axınlarının cəmləşdiyi mərkəzə çevrilib

Siyasət

Bakı. Trend:

Azərbaycan mühüm nəqliyyat və enerji qovşağı qismində öz
mövqeyini sürətli şəkildə möhkəmləndirməyə davam edərək, Şərqlə
Qərb arasında bağlayıcı halqaya çevrilməkdədir. Bu prosesdə uzun
illərdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
aparıcı rol oynayır. Onun strateji baxışı, qətiyyəti və sistemli
fəaliyyəti sayəsində ölkə müasir, səmərəli və qarşılıqlı
inteqrasiya olunmuş infrastrukturun yaradılmasında böyük uğurlar
qazanıb. Dövlət başçısının bilavasitə rəhbərliyi altında Azərbaycan
milli sərhədləri aşan və qlobal logistika və enerji zəncirlərinin
bir hissəsinə çevrilən layihələr həyata keçirir.

Dövlətin xarici siyasət və iqtisadi kursunda bu istiqamətə
xüsusi diqqət 19 iyulda Xankəndidə keçirilmiş III Şuşa Qlobal Media
Forumu çərçivəsində Prezident İlham Əliyevin iştirakçılarla
görüşündə göstərildi. Dünyanın müxtəlif ölkələrindən gəlmiş
jurnalistlərlə keçirilən bu görüşdə dövlət başçısı tranzit,
beynəlxalq əməkdaşlıq, infrastruktur əlaqəliliyi və Azərbaycanın
mərkəzində yer tutduğu strateji marşrut – Orta Dəhlizin
perspektivləri ilə bağlı məsələlərə ətraflı şəkildə toxundu.

Prezident İlham Əliyev Azərbaycanın nəqliyyat potensialına
xüsusi diqqət çəkərək əsas prioritetləri qeyd etdi. Bu
prioritetlərə Mərkəzi Asiya, Qafqaz və Avropanı birləşdirən dəmir
yolu, dəniz və enerji dəhlizlərinin inkişafı daxildir. Dövlət
başçısı çıxışında bunun təkcə daxili layihələr deyil, bütövlükdə
regionun rifahına xidmət edən genişmiqyaslı fəaliyyət olduğunu
vurğuladı.

Son illərin ən mühüm nailiyyətlərindən biri Bakı–Tbilisi–Qars
(BTQ) dəmir yolu xəttində, xüsusilə Gürcüstan ərazisində yerləşən
184 kilometrlik hissədə infrastrukturun müasirləşdirilməsidir.
Azərbaycanın səyləri nəticəsində bu hissənin yükötürmə qabiliyyəti
beş dəfə artırılaraq illik 1 milyon tondan 5 milyon tona
çatdırılıb. Bu addım əsas tərəfdaşlarla əməkdaşlığın daha da
dərinləşməsinə zəmin yaradıb.

Bu yaxınlarda “Azərbaycan Dəmir Yolları” QSC ilə “Çin Dəmir
Yolları” Dövlət Korporasiyası arasında Anlaşma Memorandumu
imzalanıb. Sənəd Xəzər dənizi vasitəsilə konteyner daşımalarının
genişləndirilməsini, liman və dəmir yolu infrastrukturunun
inkişafını, gündəlik 10 blok qatarın hərəkətini nəzərdə tutur. Bu
isə Azərbaycanın Orta Dəhlizdəki mövqelərini əhəmiyyətli dərəcədə
gücləndirmiş olacaq.

Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Çin ilə
əməkdaşlığı ardıcıl olaraq dərinləşdirir. Prezident İlham Əliyev
qeyd edib ki, ölkənin nəqliyyat-logistika infrastrukturu artıq bu
genişmiqyaslı layihəyə inteqrasiya üçün tam hazırdır.

“Bu istiqamətdə böyük potensial var. Artıq Çinin bir çox
şəhərlərindən Azərbaycana və Azərbaycan vasitəsilə Qərbə konteyner
qatarları göndərilir. Onların sayı ildən-ilə, özü də onlarla faiz
artmaqdadır. Hesab edirəm ki, yaxın gələcəkdə bu rəqəmlər bir neçə
dəfə artacaq. Biz Çin Xalq Respublikasının Sədri Si Cinpinin ‘Bir
kəmər, bir yol’ təşəbbüsünü əvvəldən dəstəkləmişik və bu təşəbbüs
çərçivəsində ölkəmizin ərazisində uyğun nəqliyyat-logistika
infrastrukturunu yaratmışıq”, – deyə dövlət başçısı bildirib.

Analitiklərin hesablamalarına görə, Orta Dəhliz vasitəsilə
tranzit son üç ildə beş dəfədən çox artaraq 2021-ci ildəki 840 min
tondan 2024-cü ildə 4,5 milyon tona çatıb. Son bir ildə artım 62%
təşkil edib və layihə iştirakçıları bu göstəricini 2030-cu ilə
qədər 10 milyon tona çatdırmağı hədəfləyir. Azərbaycan bu marşrutda
mərkəzi halqaya çevrilərək Qazaxıstan və Özbəkistan kimi Mərkəzi
Asiya ölkələrinə Şimal Dəhlizinə alternativ həyat qabiliyyətli yol
təqdim edir.

Bu proseslərə Mərkəzi Asiyada aparılan infrastruktur quruculuğu
da dəstək verir – xüsusilə Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu
xətti. Bu istiqamət artıq bu gün Xəzər üzərindən Azərbaycana yeni
yük axınlarını formalaşdırır.

“Bu gün Çindən Azərbaycan ərazisi vasitəsilə yükdaşımaların
həcmi sürətlə artır. Eyni zamanda, Xəzər dənizinə çıxacaq
Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan dəmir yolu yenidən tikilir.
Yəni, görürsünüz ki, artıq hansı böyük axınlar gedir və bu, bizim
istiqamətimizdə davam edəcək. Ona görə də biz təkcə Bakı limanında
yüklərin qəbuluna və onları işləməyə deyil, həm də
Bakı-Tbilisi-Qars dəmir yolu ilə Gürcüstandan keçməklə Türkiyəyə və
daha sonra Aralıq dənizi limanlarına Zəngəzur vasitəsilə göndərməyə
hazır olmalıyıq ki, bu, eyni zamanda, əsas nəqliyyat marşrutu
olacaq”, – deyə Prezident İlham Əliyev bildirib.

Bakı üçün genişmiqyaslı strategiyanın daha bir mühüm elementi
enerji dəhlizlərinin, o cümlədən bərpa olunan enerji mənbələri
sahəsində inkişafıdır. 2023-cü ildə COP28 çərçivəsində Azərbaycan,
Qazaxıstan və Özbəkistan prezidentləri Mərkəzi Asiyadan Avropa
istiqamətində “yaşıl” elektrik enerjisinin ixracını mümkün edəcək
Xəzər dənizinin dibi ilə sualtı kabelin çəkilməsi barədə saziş
imzalayıblar.

Bu layihə, Azərbaycan ilə Rumıniya, Macarıstan və Gürcüstanın
birgə həyata keçirdiyi, Qara dənizin dibi ilə çəkilən kabel
layihəsini tamamlayır. Beləcə, Azərbaycan nəqliyyat və enerji
sahələrində Mərkəzi Asiyadan Avropa İttifaqına qədər uzanan
regionlar arasında bağlayıcı halqaya çevrilir.

Prezident İlham Əliyevin diqqət çəkdiyi digər strateji istiqamət
isə Zəngəzur dəhlizi oldu. Azərbaycanın öz ərazisində dəmir yolunun
tikintisi demək olar ki, yekunlaşmaq üzrədir və proqnozlara görə,
2026-cı ilin yazına qədər bu hissə istismara hazır olacaq. Yolun
ilkin yükötürmə qabiliyyəti ildə 15 milyon ton həcmində
qiymətləndirilir.

“Yəni, Zəngəzur dəhlizinin reallaşması ilə biz mahiyyət
etibarilə Şimal-Cənub dəhlizinin başqa istiqamətini açacağıq. Təkcə
hamının haqqında danışdığı bir istiqamətə – Rusiyadan Azərbaycan
vasitəsilə İrana, Rəştə deyil, həm də Şərqi Zəngəzur və Zəngəzur
bölgəsinin digər hissələrindən İrana, oradan da Türkiyəyə. Ona görə
də yük axınının həcminin artırılması üçün böyük perspektivlər
açılır”, -deyə dövlət başçısı vurğulayıb.

Azad edilmiş ərazilərdə aparılan daxili infrastruktur
layihələrinə də xüsusi diqqət yetirilir. Belə ki, Füzuli yolunda
ümumi uzunluğu təxminən 80 kilometr olan yeddi tunel inşa edilib.
Onlardan ən uzunu – 11 700 metr uzunluğa malik Murovdağ tuneli –
dünyanın ən iri tunellərindən biri olacaq. Ağdama qədər dəmir yolu
artıq istismara verilib, yaxın günlərdə isə Ağdam-Xankəndi xəttinin
təməli qoyulub.

Bu layihələr yalnız azad edilmiş ərazilərlə birbaşa əlaqəni
bərpa etməyəcək, həm də onları ölkənin və regionun vahid iqtisadi
və nəqliyyat sisteminə inteqrasiya edəcək.

Prezident İlham Əliyev vurğulayıb ki, heç bir nəqliyyat layihəsi
iki əsas şərt olmadan tam gücü ilə işləyə bilməz – bunlar
təhlükəsizlik və mehriban qonşuluq münasibətləridir.

“İkinci amil qonşularla xoş münasibətlərdir. Bu olmadığı
təqdirdə ölkə tranzit ölkə ola bilməz və biz burada qonşularımızla
deyil, qonşularımızın qonşuları ilə də yaxşı münasibətlərə malik
olmalıyıq. Bu sahədə də fəal diplomatik fəaliyyət aparılır və bizim
etibarlı tərəfdaş imicimiz var. Biz son 10 il ərzində etimad
qurmağa çalışmışıq. Biz nümayiş etdirməyə çalışmışıq ki, ölkəmiz
etibarlı tərəfdaşdır və sözümüzün imzamız qədər dəyəri var. Bu, bu
günə qədər də məhz belə olmuşdur”, -deyə Prezident İlham Əliyev
bildirib.

Bu gün Azərbaycanın tranzit potensialı sabit şəkildə artır və
bu, ilk növbədə Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl
siyasətin nəticəsidir. Dövlət başçısının şəxsən iştirakı,
uzaqgörənliyi və praqmatik yanaşması ölkəyə təkcə infrastrukturunu
müasirləşdirməyə deyil, həm də qlobal və regional nəqliyyat və
enerji təşəbbüslərinin mühüm iştirakçısına çevrilmək imkanı
verib.

Azərbaycan təkcə tranzit ölkəsi deyil, həm də qitələri
birləşdirən etibarlı tərəfdaşdır. Dəqiq düşünülmüş siyasət,
diplomatik səylər və məqsədyönlü investisiyalar sayəsində Bakı bu
gün Avrasiya məkanında qarşılıqlı əlaqəlilik üçün yeni
arxitekturanın formalaşdırılmasında əsas rol oynayır. Prezident
İlham Əliyevin rəhbərliyi ilə ölkə logistika axınlarının və enerji
marşrutlarının mərkəzinə çevrilməkdə davam edəcək və bütün region
üçün uzunmüddətli və davamlı inkişafın tempini
müəyyənləşdirəcək.