Çağdaş ABŞ demokratiyası hara gedir?

Gündəm Siyasət

“ABŞ-ın nüfuzlu “NewYork Times” qəzetinin 28 iyul tarixli nömrəsində dərc olunmuş, Nyu-York şəhərində nümayişdə iştirak edən insanların şəhərin mülki geyimdə olan polis qüvvələri tərəfindən naməlum maşınlara güclə oturdularaq qeyri-müəyyən istiqamətə aparılması ilə bağlı məqalə məni dərindən məyus etdi. Düşünürəm ki,“demokratiyanın beşiyi” sayılan bir ölkədə baş verən son hadisələr səbəbli dərin təəssüf hissi keçirən təkcə mən deyiləm. İndi dünyanın tərəqqipərvər insanları, beynəlxalq beyin mərkəzləri və politoloqları da ABŞ-də baş verən proseslərin əsl mahiyyətini anlamağa çalışır.” Bu sözləri yap.orq.az saytına müsahibəsində Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov demişdir.

Millət vəkili bildirmişdir ki, məqalədə göstərildiyinə görə Nyu-York şəhərində təşkil olunan mitinqə əksəriyyəti mülki geyimdə olan polis gücləri aqressiv şəkildə müdaxilə etmiş, mitinq iştirakçılarını nömrəsiz mikroavtobuslara mindirərək naməlum istiqamətə aparmışdır. Məqalədə həmin insidentin video-görüntüləri də yer alır. Polis saxlanılan şəxslərin polis kameralarına zərər verdiyi üçün maşına mindirildiyini söyləsə də, bununla bağlı dəlillər təqdim etməmişdir.

Bu məsələ ABŞ cəmiyyətində haqlı olaraq böyük səs-küyə səbəb olmuşdur. Yeri gəlmişkən bir müddət əvvəl Kaliforniyanın Los Angeles şəhərində soydaşlarımız dinc aksiya keçirərkən erməni millətindən olan xuliqanların hücumuna məruz qalmışdılar və bu zaman yerli polisin hadısələrə müdaxilə etməməsi, seyrçi mövqe tutması ictimaiyyət tərəfindən şiddətlə qınanılmışdı. ABŞ-nin ən böyük iki yəhudi təşkilatı bu vəhşiliyi pisləmiş, şəhərin polis strukturunun rəhbəri azərbaycanın rəsmi qurumlarından üzr istəyərək günahkarların qısa müddət ərzində cəzalancağını bildirmişlər.

K.Qafarov göstərmişdir ki, amma nədənsə Azərbaycanda bəzi antimilli qüvvələrin Bakıda icazəsiz aksiya keçirərək təxribat törətmək cəhdlərinə qarşı hüquq-mühafizə orqanlarının öz vəzifə borclarını yerinə yetirməsi ABŞ-da anti-Azərbaycan dairələri tərəfindən fərqli rakursda təqdim edilir. Özlərini demokratik dəyərlərin daşıyıcısı və müdafiəçisi kimi qələmə verən bir sıra hüquq-müdafiə təşkilatları, hətta dövlət strukturları buna görə Azərbaycan hakimiyyətini tənqid edir, qərəzli və həqiqəti əks etdirməyən bəyanatlar verirlər.

ABŞ-nin öz daxilində vəziyyət heç də ürəkaçan deyil. Polis zorakılığının isə həddi-hüdudu olmur, bu pozuntular hətta sıravi dinc vətəndaşların ölümünə qədər səbəb ola bilir. ABŞ-ın Minneapolis şəhərində qaradərili Corc Floydun polis tərəfindən qətlə yetirilməsindən sonra ABŞ cəmiyyətində artmaqda olan narazılıq fonunda baş verən bu hadisə Amerikada yenidən polis zorakılığı və ədliyyə sistemində rasizm hallarına qarşı kütləvi nümayişlərə rəvac verdi. Rəsmi Vaşinqton nümayişçilərə qarşı mübarizə üçün ordu qüvvələrinin yeridiləcəyini bildirdi və qəribədir ki, bu xəbərdarlıq çox sakit, adi hal kimi qəbul edildi.

Millət vəkilinə görə, əslində, bu cür hallar ABŞ-da və dünyanın bir sıra ölkələrində tez-tez baş verir. Əsas məsələ bu proseslərə doğru yanaşmaq, ikili standartlara əl atmamaq, hadisələrə obyektiv qiymət verməkdir.ABŞ rəsmiləri isə öz gözlərində tiri görməyib, başqalarının gözündə tük axtarır. Öz ölkəsində demokratiyanı, insan hüquqlarını təmin edə bilmədikləri, vətəndaşlarının həyat təhlükəsizliyinə təminat verə bilmədikləri halda, başqalarına demokratiya, insan hüquqları, hüquq dövləti haqqında mühazirələr söyləmək, yol göstərmək, ən azı, qeyri-etik davranışdır.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir