
Bakı. Trend:
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov
Gürcüstana rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Mixeil
Kavelaşvili ilə görüşüb.
Bu barədə Trend-ə XİN-in
Mətbuat xidmətindən məlumat verilib.
Görüş zamanı Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının
gündəliyində duran məsələlər, ikitərəfli əlaqələrin müxtəlif
sahələrdə inkişaf perspektivləri və regional təhlükəsizlik
məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan və Gürcüstan arasında enerji, nəqliyyat, ticarət,
investisiyalar, ekologiya və humanitar sahələri əhatə edən
genişmiqyaslı əməkdaşlığın dinamik inkişafı və bu əməkdaşlığın
regionda sabitlik və tərəqqiyə verdiyi töhfə vurğulanıb.
Qlobal və regional çağırışlar fonunda iki ölkənin suverenlik və
ərazi bütövlüyü prinsiplərinə qarşılıqlı hörmət və dəstəyə
əsaslanan münasibətləri yüksək qiymətləndirilib. Bu xüsusda, Cənubi
Qafqazda sülh və əməkdaşlığın möhkəmləndirilməsi üçün səylərin
vacibliyi qeyd olunub.
Nazir Ceyhun Bayramov, həmçinin, işğaldan azad edilmiş
ərazilərdə həyata keçirilən bərpa-quruculuq prosesi, habelə
Ermənistanla normallaşma prosesi barədə məlumat verib.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər üzrə də
fikir mübadiləsi aparılıb.
xxx
16:40
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana
rəsmi səfəri çərçivəsində Gürcüstan Prezidenti. Mixeil Kavelaşvili
ilə görüşüb.
Trend xəbər
verir ki, bu barədə Azərbaycan XİN-in sosial şəbəkə hesabında
paylaşım edilib.
Bildirilib ki, görüş zamanı tərəflər Azərbaycan və Gürcüstan
arasında strateji tərəfdaşlıq və yaxın dostluğu bir daha
təsdiqləyərək, əsas sektorlar üzrə yüksək səviyyəli dialoqun və
əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.