İran bəhanələrə söykənərək Azərbaycana qarşı məzəmmətlərin müəllifinə çevrildiyi bir zamanda özünü labirintin içərisinə saldı.
Nəticədə yaratdığı gərginlik oxları özünə çevrildi, çünki hesablaya bilmədi ki, Bakı Tehran üzərində rıçaqlar qazanmağa başlayır. Bununla da Tehran üçün üfüqlərdə dolanbaclı yollar çoxalır.
Bakı-Tehran gərginliyinin davam etməsi İranın özünə zərərlər gətirən prosesə çevrilir, ona görə də İran bunun mahiyyətini dərk edərək Azərbaycanla bağlı siyasətində redaktələrə imza atır. Yəni, münasibətlərdə müsbət meyllər müşahidə olunmağa başladı. Bu isə həm də rəsmi Bakının əvvəldən haqlı tərəf olduğunu yenidən təsdiqləyir.
Bakı-Tehran münasibətlərinin soyuqlaşması bir sıra amilləri də gün işığına çıxardı:
1. Azərbaycanın daxilində İran siyasətinin leksikonunu gündəmə gətirən şəxslər, bu şəxslərin formalaşdırdığı şəbəkə ifşa edildi.
Göründü ki, dini inanc adı altında Tehranın siyasi maraqlarının ifadəçisinə çevrilmək, məzhəb təəssübkeşliyini önə çəkməklə ölkədə ictimai rəyi azdırmaq istəyən qüvvələr mövcuddur.
2. Ermənistanın taleyi isə İrandan yox, məhz Azərbaycandan asılıdır, Tehranın işğalçılığı körükləməyə çalışması elə İrəvanın zərərinə işləyir.
Beləliklə, Ermənistanın üçüncü ölkələrin iştirakı ilə Azəraycanın suveren ərazilərinə müdaxilə etmək ehtimalları da heçə endi.
Gərginlik, İranın əzələ nümayişinə cəhdlərinin nəticələri isə İranın yox, məhz Azərbaycanın xeyrinə işləyən amilə çevrildi. Son ümid yeri kimi Rusiyaya boylanan İranın ağzının üstündən Kreml “zərbə ilişdirdi”. Sıxışdırıldığını görən İran, məcbur olub, şirkətlərinə Qarabağa getməyə qadağa qoydu.
Bakı da jestindən qalmayaraq saxladığı iki iranlı sürücünü azadlığa buraxdı. Bu qarşılıqlı anlaşma vacib idi.
Çox güman Bakı İrandan başqa zəmanətlər də alıb ki, bu addımı atır. Münasibətlərin xarakteri isə gələcək siyasətdən asılıdır. Azərbaycanın tələbləri sadədir: İşğalçıya kömək etmə və daxili işlərimə qarışma.
Tehran isə bundan sonra siyasətində bəhanələrə əsaslanan dəxlisiz məzəmmətlər konsepsiyasının mətnini dəyişdirmək məcburiyyətindədir.
Əks təqdirdə, Bakı əldə etdiyi rıçaqların yenidən gündəmə gətirər və bundan itirən də Tehran olar.
Aqşin Kərimov