Çoxdandır mətbuatda görünməyən Hadi Rəcəbli haradadır?

Siyasət

Bu gün sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəblinin doğum günüdür. O, 74 yaşını tamamlayır.

Modern.az-ın əməkdaşı çoxdandır mətbuatda görünməyən Hadi Rəcəbli ilə əlaqə saxlayıb.

“Ad günümü təbrik edən hər kəsə təşəkkür edirəm. Hər il olduğu kimi, bu dəfə də insanların diqqətini hiss etdim”, – deyən sabiq deputat bildirib ki, doğum gününü Bakıda, nəvələrinin arasında keçirir:

“Hər şey qaydasındadır, yaxşıyam. Bakıda, evimdə nəvələrimlə vaxt keçirirəm. Doğum günümü onlarla qeyd edəcəm”.

Qeyd edək ki, Hadi Musa oğlu Rəcəbli 1947-ci il oktyabrın 25-də Lənkəran rayonunun Veravul kəndində anadan olub. Moskva Yeyinti Sənayesi İnstitutunun Texnologiya fakültəsini və Bakı Ali Partiya məktəbini bitirib.

Əmək fəaliyyətinə 1963-cü ildən Lənkəran çörək zavodunda fəhlə kimi başlayıb. Sonra bu zavodda mühasib, texnoloq, iqtisadçı işləyib.

1971-ci ildən Lənkəran Şəhər Komsomol Komitəsinin ikinci katibi, 1972-ci ildən birinci katibi, 1978-ci ildən “Bakinskiy raboçiy” qəzetinin xüsusi müxbiri olub.

Hadi Rəcəbli 1980-ci ildən Lənkəran Şəhər İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışıb.

1981-ci ildən Azərbaycan KP MK-nın Təşkilat-partiya işi şöbəsinin inspektoru, 1983-cü ildən Şəki Şəhər Partiya Komitəsinin birinci katibi, 1989-1995-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetində referent, aparıcı mütəxəssis, bölmə müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində işləyib.

Hadi Rəcəbli 11-ci çağırış Azərbaycan Respublikası Ali Sovetinin, birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Sonuncu dəfə 2015-ci ilin noyabrında 74 saylı Lənkəran kənd seçki dairəsindən Milli Məclisə deputat seçilib, 2020-ci ildə səlahiyyətlərini başa vurub.

Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisində Əmək və sosial siyasət komitəsinin sədri olmuş H.Rəcəbli Azərbaycan-Yunanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Belarus, Çin, İran, Koreya, Serbiya, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü idi.

Evlidir, dörd övladı var.

Siyasi elmlər doktoru, professor Hadi Rəcəbli Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər kafedrasının dosentidir.

O, həm də Yeni Azərbaycan Partiyasının üzvüdür.

2007-ci ildə “Şöhrət” ordeni ilə təltif olunmuş sabiq deputat doqquz kitabın və 220-dən çox elmi-publisistik məqalənin müəllifidir.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir