
Bakı. Trend:
Müasir dövrdə əmək bazarının tələbləri sürətlə dəyişir və bu
dəyişikliklər gənclərin peşə seçiminə birbaşa təsir göstərir.
Bunu Trend-ə
açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, texnologiyaların inkişafı, rəqəmsallaşma,
avtomatlaşdırma, yaşlanmaqda olan əhali və pandemiya sonrası
iqtisadi transformasiyalar həm yeni ixtisaslara tələbat yaradır,
həm də bəzi ənənəvi sahələrdə müxtəlif peşələrə tələbatın azalması
ilə nəticələnir:
“Bu dəyişikliklər fonunda gənclərin peşə seçimi trendləri də
nəzərəçarpacaq dərəcədə yenilənir. Bugünkü əmək bazarıda
İnformasiya Texnologiyaları (IT) sahəsində mütəxəsislərə ehtiyac
davamlı şəkildə artır. Misal üçün proqramlaşdırma,
kibertəhlükəsizlik, məlumat analitikası və süni intellekt üzrə
mütəxəssislərə böyük ehtiyac duyulur”.
Deputat qeyd edib ki, IT-nın inkişafı son illərdə gənclərin peşə
seçimi trendlərində bəzi mühüm dəyişikliklər müşahidə olunur:
“Xüsusilə qeyd etmək lazımdır ki, rəqəmsal sahəyə maraq getdikcə
artır”.
Deputat əlavə edib ki, təəssüf ki, informasiya
texnologiyalarının sürətli inkişafı bir çox ölkədə olduğu kimi,
Azərbaycanda da əmək bazarı ilə təhsil sistemi arasında
uyğunsuzluqların yaranmasına gətirib çıxarır:
“Universitetlərdə tədris olunan ixtisasların bəziləri real bazar
ehtiyaclarını əks etdirmir. Bu da məzunların işsizlik səviyyəsini
artırır və gəncləri əlavə bacarıqlar əldə etmək üçün qeyri-formal
təhsil yollarına yönəldir.
Bu baxımdan təhsil sistemi ilə əmək bazarı arasında
uyğunlaşdırılmanın aparılması önəmlidir. Bu məqsədlə universitetlər
və peşə məktəbləri ilə işəgötürənlər arasında sıx əməkdaşlıq
qurulmalıdır. Eyni zamanda karyera yönümlü təlimlər və məsləhət
xidmətləri genişləndirilməlidir”.
A.Həsənova əlavə edib ki, bununla yanaşı texniki və peşə yönümlü
sahələr də öz aktuallığını qoruyub saxlayır və bu sahədə də
bacarıqlı mütəxəsislərə tələbat böyükdür:
“Elektrikçi, qaynaqçı, mexanik, avtomobil ustası və digər
peşələr əmək bazarında stabil yer tutur. İşğaldan azad edilmiş
ərazilərdə aparılan bərpa və quruculuq işləri peşə təhsilli
mütəxəssislərə tələbatı daha da artırır.
Bu gün Azərbaycanda inkişaf edən sahələrdən biri də turizmdir.
Turizm məkanlarının, restoranların, turistlərin sayı artır, ancaq
turistlərə göstərilən xidmət hələ də lazımi səviyyədə deyil. Bu da
həmin sahədə olan mütəxəsislərin sayının az olmasından, onların
hazırlıq səviyyəsinin aşağı olmasından irəli gəlir. Digər sahələrdə
də bununla bağlı misallar gətirmək olar”.
Deputat vurğulayıb ki, gənclər peşə seçimini şüurlu şəkildə
etməlidirlər:
“Təəssüflər olsun ki, ölkəmizdə problemlərdən biri də
valideynlərin övladlarının peşə və təhsil seçiminə müdaxiləsidir.
Valideyinlər övladlarını əsasən ali təhsilə kökləyirlər.
Valideynlər övladlarının biliyin, potensialın, intellektual
imkanların nəzərə almadan sadəcə diplom xatirinə övladlarını ali
təhsilə istiqamətləndirirlər. Lakin gələcəkdə övladının işlə təmin
olunub-olunmaması, o işin öhdəsindən gəlib-gəlməməsi valideynləri
maraqlandırmır. Bu istiqamətdə də maarifləndirmə işinin
aparılmasına ehtyac var”.