Mətbuat Şurası Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb

Siyasət

Bakı. Trend:

Azərbaycan Mətbuat Şurası Prezident İlham Əliyevə təşəkkür
məktubu göndərib.

Trend xəbər
verir ki, Şura sədri Rəşad Məcidin adından ünvanlanan məktubda
bildirilib:

“Möhtərəm cənab Prezident!

“Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi
haqqında” 25 aprel 2025-ci il tarixli Sərəncamınız milli
mətbuatımızın keçdiyi şərəfli yolun müfəssəl təsviridir. Bu mühüm
dövlət sənədi, eyni zamanda, mətbuatımızın şanlı ənənələrinə,
Azərbaycanda ictimai fikrin formalaşmasına, dövlətçilik ideyaları
naminə səfərbərlik missiyasına böyük dəyərdir.

Siz hər zaman mediamızın müasir və müstəqil Azərbaycanın
inkişafındakı, ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti
quruculuğundakı rolunu yüksək qiymətləndirmisiniz. Gələcək üçün yol
xəritəsi mahiyyəti daşıyan yubiley Sərəncamızında 44 günlük Vətən
müharibəsi zamanı jurnalistlərimizin əməyinə xüsusi yanaşmağınız
isə 150 ilin sevincinə qürur və fəxarət hissi qazandırır.

Siz xalqımızın Ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu
mediaya dövlət dəstəyi ənənəsini yaşadırsınız. Bu dəst-xətt özünü
dönməz xarakterli fundamental islahatlarda göstərir. Qətiyyətlə
deyə bilərik ki, media sahəsindəki inkişaf məhz islahatyönümlü
siyasətinizdən qaynaqlanır.

III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşünüz
zamanı Azərbaycan mediasına yüksək dəyərinizi ifadə etməklə, gərgin
əmək və axtarışlar nəticəsində əldə olunan inkişafı
qiymətləndirdiniz. Media nümayəndələrinə milli mətbuatımızın 150
illik yubileyi ilə bağlı ünvanladığınız 22 iyul 2025-ci il tarixli
müraciətdə isə inkişafın davamlılığına təminat verdiniz, mediamızın
bundan sonra da cəmiyyətimizin obyektiv və peşəkar şəkildə
məlumatlandırılmasında, müasir cəmiyyət quruculuğunda, milli
həmrəyliyin möhkəmləndirilməsində üzərinə düşən vəzifələri
layiqincə yerinə yetirəcəyinə əminliyinizi bildirdiniz. Həm bu
əminliyiniz, həm də dünyanın yeni media düzənindəki mövcud
tendensiyalar şəraitində müəyyənləşdirdiyiniz vəzifələr
məsuliyyətimizi artırır.

Məsuliyyətimiz etimadınızdan qaynaqlanır. Jurnalistlərimiz
Qarabağı azadlığına qovuşdurmuş, torpaqlarımızın işğalına son
qoymuş müzəffər Ali Baş Komandanın əsgəri kimi fəaliyyət
göstərməkdən, xalqımıza rifah və əminamanlıq, regionumuza sabitlik
gətirən siyasi kursunuza sadiq olmaqdan, nəhayət etimadınızı
doğrultmaqdan məmnundurlar. Hər bir qələm sahibi üçün bu məmnunluq
yaradıcılıq şövqü, ruh yüksəkliyi və əzmlə çalışmaq üçün son dərəcə
böyük mənəvi stimuldur.

Sevindirici haldır ki, Azərbaycan dövlətinin media siyasəti
özündə təkcə konseptual mahiyyət daşıyan fəaliyyət xəttini deyil,
eyni zamanda, jurnalistlərə həssas münasibəti də birləşdirir.
Həssaslığın isə media nümayəndələrinin əməyinin qiymətləndirilməsi,
onların dövlət təltiflərinə – fəxri adlara, orden və medallara
layiq görülmələri ənənəsi var. Əvvəlki yubileylərdə olduğu kimi,
milli mətbuatımızın 150 illik yubileyində də 2005-ci ildə əsasını
qoyduğunuz bu ənənə özünü parlaq şəkildə göstərdi. “Media
nümayəndərlərinin təltif edilməsi haqqında” 21 iyul 2025-ci il
tarixli Sərəncamınızla 200-dən çox həmkarımıza inanılmaz xoşbəxtlik
hissi bəxş etdiniz.

Möhtərəm cənab Prezident, bütün bunlara, ümumən, mediaya,
jurnalistlərə daim həssas münasibətinizə, peşəmizə yüksək
dəyərinizə və qədirbilənliyinizə görə Sizə rəhbərlik etdiyim
Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvləri, bütövlükdə
ölkəmizin jurnalist ictimaiyyəti adından dərin təşəkkürümüzü və
minnətdarlığımızı bildirir, Vətənimiz Azərbaycan naminə yorulmaz
fəaliyyətinizdə yeni-yeni müvəffəqiyyətlər arzulayırıq”.

Spread the love