Pərviz Heydərov yazır…
Füzuli Beynəlxalq Hava Limanının açılışını işğaldan azad olunmuş ərazilərimizdə keçən ilin sonu və bu ilin əvvəlindən başlanmış genişmiqyaslı bərpa və yenidənqurma işlərinin birinci mərhələsinin yekunu kimi dəyərləndirmək olar. Hava Limanının cəmi səkkiz ay ərzində inşa olunmasını sözügedən ərazilərdə həyata keçirilməkdə olan işlərin genişmiqyaslı olmaqla yanaşı, həm də necə sürətli xarakter daşıdığının göstəricisi kimi xarakterizə etmək mümkündür.
Ümumiyyətlə, Azərbaycan Dövlətinin və hökumətinin daxili inkişaf strategiyasında ilk olaraq məhz nəqliyyat infrastrukturuna və yollara – gediş-gəlişin rahat olmasına diqqət yetirməsi faktorunu çox əhəmiyyətli hesab etmək lazımdır. Başqa sözlə desəm, bu, çox ağıllı məqamdır. Çünki əslində, hər şey bilavasitə bundan başlanır. Yol varsa, demək, gediş-gəliş var, gediş-gəliş varsa, demək, nəfəs var, nəfəs varsa, demək, tərpəniş və inkişaf üçün imkan var.
Dövlət başçımız Qubadlıda qeyd etdi ki, Zəngilandan Qubadlıya, Laçına dördzolaqlı yol çəkilir. Prezident İlham Əliyev əlavə etdi ki, heç vaxt bu ölçüdə yol olmayıb.
Yeri gəlmişkən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun – Zəngəzur dəhlizinin də təməli qoyuldu. Bundan əvvəl isə, hər iki ölkənin dövlət başçıları Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tikinti işlərinin gedişi ilə tanış oldular.
Bütün bunlar böyük işlərdir, uzaq məsafədəki hədəfə lazım gələndə qısa zaman ərzində və çərçivəsində çatmaq məqsədi daşıyan tədbirlərdir. Gələcək inkişafın əsasını, özülünü qoyan addımlardır. O cümlədən, hərbi-strateji məqsədlərə çatmaq istəyini də bəri başdan təmin edən məsələdir.
Hələ keçən ilin bu vaxtı – Vətən müharibəsi günlərində yazmışdım ki, işğal olunmuş ərazilərimiz azad edildikdən sonra mövcud iqtisadi gücümüzə təqribən 50 faizədək əlavə güc qatılacaq. Sadəcə bunu hərəkətə gətirmək tələb olunur. Bundan ötrü isə böyük bir sosial-iqtisadi inkişaf proqramının hazırlanmasına ehtiyac var. İlk növbədə infrastruktur yaradılmalı, azad edilmiş ərazilərin potensialının realizəsi məqsədilə tələb olunan ilkin şərtlər yerinə yetirilməlidir.
Misal olaraq, ölkəmizdə indiyədək qəbul və icra olunmuş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarını qeyd etmişdim. Hansı ki, bölgələrimizin sürətli inkişafı məhz həmin sənədlərin hesabına baş tutub. Bilavasitə regionların sosial-iqtisadi inkişafına dair üç Dövlət Proqramının icrası nəticəsində bölgələr sosial-iqtisadi cəhətdən böyük irəliləyiş əldə etdi ki, hazırda icra olunan dördüncü Proqram da öz nəticələrini ölkə üzrə ÜDM istehsalında, sənaye və kənd təsərrüfatı sahəsində, işsizliyin azalması, yoxsulluq səviyyəsi kimi göstəricilərdə büruzə verir.
Qarabağ və onun dağlıq hissəsi də işğaldan azad olunmaqla ona düşmən tərəfindən geyindirilən hisli-paslı cəhənnəm libasından tez qurtulmaq və digər bölgələrimiz kimi müvafiq inkişaf əldə etmək şansı qazanıb.
Bu ərazilər ilk növbədə qeyri-neft sektorumuz üçün böyük töhfələr verməklə, bunu kənd təsərrüfatı, onun heyvandarlıq və bitkiçilik sahələrində, həmçinin tikinti materialları əldə etmək üçün zəruri xammal bazası sarıdan, turizmdə, şərab və araq istehsalı sferasında göstərməlidir. Həmin zona həmçinin faydalı qazıntılarla və mineral sularla da zəngindir.
Bu mənada prezidentin ölkədə iqtisadi rayonların yeni bölgüsünə dair 7 iyul 2021-ci il tarixli fərmanı da səbəbsiz imzalanmayıb.
Təsadüfi deyil, həmin fərmanın girişində də yazılıb ki, ölkənin şəhər və rayonlarının davamlı və tarazlı inkişafını təmin etmək məqsədilə qəbul edilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası nəticəsində şəhər, qəsəbə və kəndlərimizin siması köklü şəkildə dəyişdi, regionların iqtisadi potensialı hərəkətə gəldi, infrastruktur təminatı, əhaliyə göstərilən dövlət xidmətləri, biznes və investisiya mühiti yaxşılaşdı, əhalinin rifah halı yüksəldi. Bütün bunların nəticəsində həm də ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrəti güclənərək 44 günlük Vətən müharibəsində parlaq qələbə qazanmağımız üçün müvafiq zəmin yarandı.
Odur ki, sözügedən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafını təmin etmək üçün də, bütün işləri vahid proqram əsasında aparmaq məqsədilə azad edilmiş rayonlar üzrə müvafiq bölgüyə əsasən, ayrıca Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması şərti ortaya çıxdı.
Yeri gəlmişkən, Şərqi Zəngəzur iqtisadi rayonu ― Azərbaycanın 14 iqtisadi rayonundan birinə çevrilməklə, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarını əhatə edir ki, bu iqtisadi zonada qeyri-neft sektorunun bütün əsas qolları – kənd təsərrüfatı, sənaye və turizm üzrə inkişaf üçün böyük potensial mövcuddur.
Qarabağ iqtisadi rayonu üzrə də həmçinin…
Girişdə qeyd etdim ki, Füzuli Beynəlxalq Hava Limanının açılışı işğaldan azad olunmuş ərazilərimizdə başlanmış genişmiqyaslı bərpa və yenidənqurma işlərinin birinci mərhələsinin yekunu hesab edilir. Azərbaycan hökumətinin məhz nəqliyyat infrastrukturuna və yollara gediş-gəlişin rahat olmasına diqqət yetirməsi çox əhəmiyyətli faktor sayılır. Ölkəmiz ümumiyyətlə, nəqliyyat sektorunda nə qədər işlər görüb: Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksi, müasir hava limanları, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri istiqamətində beynəlxalq əhəmiyyətli avtomobil, dəmir yolları xətlərinin tikintisi kimi irimiqyaslı infrastruktur layihələrin icrası nəticəsində regionda nəqliyyat paytaxtına çevrilmişik.
Bundan isə təkcə Azərbaycan deyil, bütövlükdə region, o cümlədən, ona yaxın bütün digər ölkələr töhfələr götürür və bundan sonra hələ daha geniş şəkildə götürməkdə davam edəcəklər. Bu töhfələr həm siyasi, həm də iqtisadi xarakter daşıyır.
Sual olunur ki, bunu həmin ölkələrin çoxu başa düşürmü və qəbul edirmi?!
Təəssüf ki, yox.. Lakin əsas bu deyil. Hələ Zəngəzur dəhlizi işə düşdükdən sonra bundan nə qədər xeyir götürənlər olacaq. Ümumiyyətlə, Azərbaycan-Naxçıvan yerüstü əlaqəsinin olması təkcə Azərbaycan deyil, bütövlükdə region, Cənubi Qafqaz bölgəsinin iqtisadi inkişafı üçün böyük bir töhfə verəcək. Sözün qısası, Azərbaycanın öz tərkib hissəsi olan Naxçıvanla əlaqəsinin, gediş-gəlişinin olmasından bütövlükdə Avropa və Asiya ölkələri də qazanacaq.
Əsas odur ki, sözügedən siyasət böyük dərəcədə bütövlükdə Azərbaycanın inkişafına və ərazi bütövlüyünün möhkəmlənməsinə xidmət edir !
Yəni, qısası budur…